Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İrəvan qalasının mühasirəsi

22.01.19, 12:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

8-ci yazı

Naxçıvanda yerləşən rus qoşunu 1827-ci il iyulun 1-də Abbasabad qalasını mühasirəyə aldı. Bu qala İrəvan xanlığının ən güclü qalalarından biri idi. Qalaya şahın kürəkəni Məhəmmədəmin xan başçılıq edirdi. Onun köməkçiləri naxçıvanlı Əmin xan və təbrizli Rza xan idi. Qalada 3000-4000-ə qədər qarnizon vardı. Qala müdafiəçiləri rus toplarının bombardımanına baxmayaraq, möhkəm dayanmışdı. Onlar şahzadə Abbas Mirzədən kömək almaq ümidində idilər. Bu vaxt Abbas Mirzə danışıq aparmaq üçün Nəcəfəli Sultan Əşrəfi general-adyutant Paskeviçin yanına göndərmişdi. Abbas Mirzə Lənkəran xanlığını və İrəvan xanlığına məxsus Baş Abaranın Rusiyaya «güzəştə getmək» adı altında danışıqlar aparmaqla vaxt qazanmağa çalışırdı. Eyni zamanda Əşrəfinin əsas vəzifəsi casusluq olmuşdu. O, rus qoşununun sayı, vəziyyətilə maraqlanmış və müxtəlif məlumatlar toplamışdı. Lakin danışıqlar baş tutmadı.
Kiçik fasilədən istifadə edən Abbas Mirzə 16.000 güclü qoşunla Xoy istiqamətindən qalanın mühasirəsini yarmaq üçün hücuma başladı. Bu hücumda İrəvan xanı Hüseynqulu xanın qardaşı Həsən xan da öz dəstəsilə şah qoşunu tərəfində iştirak etmişdi. Lakin şah qoşunu Cavanbulaq çayı ətrafında baş vermiş döyüşdə məğlubiyyətə uğradı. Döyüşdə şah qoşunundan 400 nəfər öldürüldü, 100 nəfər isə əsir alındı. Əsir alınanlar arasında şahın qohumu olan 3 nəfər xan və xeyli əsilzadə vardı.
Cavanbulaq döyüşündə Abbas Mirzənin məğlubiyyəti qala müdafiəçilərini ruhdan salmışdı. Nəticədə, güclü müqavimətdən sonra iyulun 7-də 2700 nəfərdən ibarət qala qarnizonu təslim oldu. Qalanın rəisi Məhəmmədəmin xan qala açarlarını Paskeviçə təhvil verdi. Abbasabad qalasına daxil olan rus qoşunu 2 bayraq, 18 topla birlikdə xeyli qənimət ələ keçirdi. General-mayor, baron Saken qalanın komendantı və Naxçıvan vilayətinin rəisi təyin edildi. Bir müddət burada qaldıqdan sonra general-adyutant Paskeviç qoşuna dinclik vermək, ərzaq ehtiyatını gücləndirmək və Rusiyadan göndərilən qala dağıdan topları gözləmək üçün dağ kəndi Qarababaya çəkilərək burada düşərgə saldı. O, yürüşü davam etdirərək Təbrizə hücum etmək niyyətində idi. Lakin İrəvanda baş verən hadisələr bu planı pozdu.
Naxçıvanda uğur qazanmasına baxmayaraq, İrəvan qalasını mühasirəyə alan rus qoşununun vəziyyəti günü-gündən ağırlaşırdı. Havaların həddən artıq isti keçməsi, irəvanlıların güclü müqaviməti rus qoşununda itkilərin sayını çoxaltmışdı. Digər tərəfdən, xəstəlik qoşunu bürümüşdü. General-leytenant Krasovski gündəliyində həmin günlərdə Eçmiədzin kilsəsində yaradılan hərbi xəstəxanada 700-dən çox xəstənin olduğunu qeyd etmişdi. Xəstəlik tək əsgərlər arasında deyil, həm də zabitlər arasında da yayılmışdı. Qala dağıdan topların olmaması da rus qoşununun vəziyyətini çətinləşdirirdi. Rusiyadan göndərilən bu cür toplar avqust ayında gəlib çatmalı idi.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, güclü müqavimət və alınmaz İrəvan qalası qarşısında aciz qalan general-leytenant Krasovski mühasirəni götürməyə qərara aldı. Bu iş gizli surətdə həyata keçirildi. İrəvan qalasını mühasirəyə alan dəstələr 1827-ci il iyunun 21-də gecə yarısı Eçmiədzinə geri çəkildi. Eçmiədzin kilsəsində cəmləşən rus qoşunu iyulun 1-ə qədər onun müdafiəsini gücləndirməklə məşğul olur. Bu qısa vaxt ərzində kilsə əlavə ərzaqla, odunla və mal-qaranın yemlənməsi üçün otla təmin olundu. General-leytenant Krasovski polkovnik Lindenfeldin başçılığı ilə 1 alay, 5 top və 100 nəfərdən ibarət erməni atlı dəstəsini kilsədə qoyaraq, qalan qoşunla Eçmiədzindən 35 verst aralı, Abaran çayı sahilində yerləşən dağ kəndi Cəngiyə çəkilərək, iyulun 1-də burada düşərgə saldı. Lakin rus qoşunu geri çəkilərkən irəvanlılar tərəfindən təqibə məruz qalmışdı. İki min İrəvan süvarisi Məhəmməd xanın başçılığı ilə rus qoşununa arxadan hücumlar edirdi. Təqibə və cüzi itkilərə baxmayaraq, general-leytenant öz dəstəsilə Cəngi kəndinə gəlib çatdı. Rus qoşununun düşərgəsindən 10 verst aralıda Alagöz dağının ətəyində isə İrəvan süvariləri dayanaraq onlara nəzarət edirdi.
Lakin rus qoşununun dincliyi uzun sürmədi. Belə ki, iki aylıq mühasirədən sonra rus qoşununun geri çəkilməsi irəvanlılar üçün gözlənilməz və tam zamanında olmuşdu. Mühasirənin uzanması, havaların isti keçməsi, ərzaq ehtiyatının tükənməsi və rus qoşununun qalanı bombardıman etməsi müdafiəçilər arasında ölüm hallarını çoxaltmışdı. Belə ağır vaxtda mühasirənin götürülməsi əsl toy-bayram idi. Xan bu münasibətlə şəhər nümayəndələrini və kənd başçılarını qəbul edərək şənlik keçirmişdi. Lakin bacarıqlı sərkərdə olan Hüseynqulu xan rus qoşununun müvəqqəti geri çəkildiyinə əmin olaraq sayıqlığını itirmirdi. O, fasilədən istifadə edərək qalanın müdafiəsini möhkəmləndirməkdə davam edirdi.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, İrəvan xanı kiçik qarnizonla müdafiə olunan Eçmiədzin kilsəsini ələ keçirmək niyyətinə düşdü. İyulun 2-də xanın başçılığı ilə 4 min süvari, 2 piyada sərbaz batalyonu, 6 topla Eçmiədzinə doğru hərəkət edərək onu mühasirəyə aldı. Hüseynqulu xan ilk əvvəl kilsəni könüllü təslim etmək üçün qarnizon rəisi Lindenfeldə məktub göndərərək bildirir ki, rus qoşunu artıq Gürcüstana geri qayıdıb və qarnizon heç bir yerdən kömək gözləməsin. Arxiyepiskop Nersesə inanmasınlar, çünki o, yalançıdır. Xan oların təhlükəsizliyinə zəmanət verir, qarnizonun istənilən tərəfə sərbəst geri çəkilməsini təklif edirdi. Müqavimət göstəriləcəyi halda kilsə güclə tutulacaq, onda heç kimə aman verilməyəcək. Lakin qarnizon rəisi xanın könüllü təslim olmaq tələbini rədd etdi.
Mənfi cavab alan Hüseynqulu xan kilsənin ətraf aləmlə əlaqəsini kəsmək üçün bütün yol və cığırları nəzarətə götürdü. Bu xəbəri eşidən general-leytenant Krasovski iyulun 3-də 1200 nəfərdən ibarət Krım batalyonu, 40-cı yeger alayı, 300 kazak dəstəsi və 4 topla Eçmiədzinə doğru hərəkət etdi. Rus qoşununun yaxınlaşdığını eşidən Hyseynqulu xan mühasirəni götürərək yenidən İrəvan qalasına çəkildi. General Krasovski bir gün burada qaldıqdan sonra yenidən Cəngi kəndinə qayıtdı.
Hüseynqulu xan mühasirəni götürüb İrəvan qalasına çəkilsə də sakit dayanmadı. Avqustun 1-də onun başçılığı ilə süvari və piyadadan ibarət 4 min qoşun, 6 topla Uşaqan kəndi yaxınlığında Eçmiədzindən Cəngi kəndinə hərəkət edən, xəstələrlə dolu rusların yük arabalarına hücum edərək, onlara itki verdi. Lakin o, general-leytenant Krasovskinin əlavə qoşunla köməyə gəldiyini eşidərək yenidən İrəvan qalasına qayıdır.
Öz qüvvəsinə arxayın olmayan Hüseynqulu xan Abbas Mirzə ilə əlaqə yaratmaq qərarına gəldi. O, şahzadənin diqqətini İrəvana yönəltmək üçün ona şirnikləndirici məktub yazdı. Məktubun məzmunu belə idi: «İrəvan mühasirədən azad edilib, rus qoşunu dağlara sıxışdırılıb. Onların dəstəsi çox az və dağınıqdır. İndi Eçmiədzini tutmaqdan, Bozabdal dağları ilə hərəkət edən mühasirə toplarını əldə etməkdən, Krasovskini məhv edərək Gürcüstana yol açmaqdan asan heç nə yoxdur». Hüseynqulu xanın məktubu Abbas Mirzəyə böyük təsir göstərdi. O, Krasovskinin dəstəsini məğlub edərək Tiflisə yol açmaqla Paskeviçin başçılığı ilə rus qoşunlarının Təbrizə hücum planını pozmaq niyyətinə düşdü. Abbas Mirzə 10 min piyada, 15 min süvari və 24 topla qəflətən İrəvan xanlığına doğru hərəkət edərək avqustun 4-də Eçmiədzin kilsəsindən 15 verst aralıda gecələmək üçün dayandı. Bir neçə gün burada qaldıqdan sonra şah qoşunu Qarasu çayını keçərək Alagöz dağının ətəyində yerləşən Əştərək kəndindən 5 verst aralıda yerləşən Əkərək kəndində düşərgə saldı.
Şah qoşununun bu yürüşü gizli həyata keçirilsə də, ermənilərin xəbərçiliyi nəticəsində Krasovski şahzadənin hücumundan vaxtında xəbər tuta bildi. Bu xəbəri Krasovskiyə avqustun 6-da arxiyepiskop Nersesin qohumu əştərəkli Bedros Markaros vasitəsilə çatdırılmışdı. O isə şah qoşunu ilə birlikdə İrəvana gələn gürcü şahzadəsi Aleksandrın qaynatası İshak Məlikovdan eşitmişdi. İshak Məlikov şahzadənin düşərgəsində olmuş və kürəkəni Aleksandrla görüşmüşdü. Bu məlumatı şah qoşununun hərəkətini izləmək üçün göndərilmiş casuslar da təsdiq etmişdi. Abbas Mirzə güclü qoşunla İrəvan xanlığına gəlsə də, bu qüvvələrdən lazımınca istifadə edə bilmədi. Şahzadə qoşunu cəmləşdirib hücum etməkdənsə, bu qüvvələri ayrı-ayrı dəstələrə bölməklə ciddi səhvə yol verdi.
Bu da sayca az olan rus qoşununa imkan verirdi ki, rəqibinin hücumuna davam gətirsin. Həmin vaxt general Krasovskinin başçılığı altında 6 minlik rus qoşunu Abaran çayının hər iki sahilində düşərgə salmışdı. İrəvanlıların köməyi ilə Abbas Mirzənin qoşununun Eçmiədzini mühasirəyə alması general-leytenant Krasovskini təşvişə salmışdı. O, Eçmiədzin kilsəsində mövqe tutmuş rus dəstəsinə kömək etməyə tələsdı. Lakin onun qüvvəsi az olduğundan və müdafiə toplarını gözlədiyindən çətinliklə üzləşmişdi. Şah və İrəvan qoşunları kilsəni günü-gündən daha sıx mühasirəyə alırdı. Digər tərəfdən, Cəngi kəndində yerləşən Krasovskinin dəstəsi də hücuma məruz qalmışdı. Avqustun 10-da səhər saat 10-da 2 minlik süvari dəstəsi Abaran çayının sahilində mövqe tutmuş rus düşərgəsinə yaxınlaşdı. Gözətçilər bu hücumu dəf edənə qədər Krasovski 2 piyada batalyonu, 1 kazak alayı və 2 topla köməyə tələsdi. Onun yaxınlaşdığını görən şah süvariləri geri çəkilməyə başladı. Rus qoşunu onları Əkərək kəndində yerləşən düşərgəyə qədər təqib etdi.
Lakin rus qoşunu şah və İrəvan qoşunlarının yeni-yeni hücumlarına məruz qalırdı. Avqustun 13-də süvari dəstəsi gecə gizli surətdə müxtəlif istiqamətlərdən dərəyə sığınaraq, səhər tezdən rusların gözətci məntəqələrinə qəflətən hücum etdi. Rus qoşunları üçün əsl təhlükə yaranmışdı. Qəflətən hücuma məruz qalan iki gözətçi dəstəsi geri çəkildi. Lakin digər dəstələr möhkəm dayanaraq şah süvarilərini irəliləməyə imkan vermədilər. Bu döyüşdə general-leytenant Krasovski az qalmışdı ki, əsir düşsün. O, general Turuzsonla birlikdə Eçmiədzinə gedən yolda kəşfiyyat işi həyata keçirərkən, onun keçəcəyi yolda pusqu qurulmuşdu. İrəlidə gedən zabit və 5 kazak vaxtında pusqudan duyuq düşərək geri qayıtmışdılar. Krasovskinin geri qayıtdığını görən 500 süvari dəstəsi onu təqibə başladı.


Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -