Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qərblə Rusiya arasında Dağlıq Qarabağ tənzimlənməsində gizli rəqabət istisna olunmur”

11.02.19, 12:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mübariz Əhmədoğlu: “Merkel Azərbaycanda olarkən münaqişəsinin məhz BMT qətnamələri əsasında tənzimlənməsini vurğulamışdı”

Bəllidir ki, Ermənistanın Dağlıq Qarabağla bağlı yürütdüyü işğalçı siyasət fiaskoya uğrayır. Ermənistan həm bölgədə, həm də beynəlxalq siyasi arenada diplomatiya cəbhəsində də Azərbaycana uduzur. Getdikcə dalana dirənən Ermənistanın status-kvonu saxlamaq imkanları tükənir.
Rusiya ilə münasibətləri gərgin olan rəsmi İrəvanın KTMT-yə daxil olan ölkələrlə da münasibətində ciddi problemlər var.
Bəzi ekspertlər hesab edirlər ki, Almaniya, xüsusilə də kansler Merkel Dağlıq Qarabağ probleminə daha diqqətlə yanaşmağa başlayıb.
Bundan başqa ABŞ-dan Dağlıq Qarabağla bağlı hərəkətlilik hiss olunur. Buna misal olaraq Prezident İlham Əliyevin Con Boltonla telefonla danışığı zamanı Dağlıq Qarabağ məsələsinin müzakirə olunmasıni göstərmək olar.
Yeri gəlmişkən, İran ordusunun Baş Qərargah rəisi Azərbaycanda olarkən bildirdi ki, Dağlıq Qarabağa Azərbaycanın tərkib hissəsi kimi baxırlar və bu məsələdə onların mövqeyi dəqiqdir.
Göründüyü kimi pöroseslər Ermənistanın əleyhinə işləyir və onlar günü gündən dalana dirənilrər.
Onu da qeyd edək ki, Almaniyanın Münhen şəhərində ənənəvi təhlükəsizlik konfransı keçiriləcək. Münhendə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bir araya gələcəyi xəbəri də yayılıb.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq q Elxan Şahinoğlu deyib ki, dünya iqtisadiyyatında Davos forumunun rolu nədirsə, dünya təhlükəsizlik məsələrinin müzakirəsində Münhen konfransı o qədər əhəmiyyətlidir. Onun sözlərinə görə, Almaniyada keçiriləcək təbdirə 500 qonaq dəvət olunub: “Dünyanın diqqəti 3 gün Münhenə yönələcək. Rusiyanın siyasəti həmişəki kimi əsas müzakirə predmetlərindən biri olacaq. Başqa mövzular da var: Çinin artan imkanları, beynəlxalq terrorzimlə mübarizədə son durum, Transatlantik əməkdaşlığın perspektivi və s. Münhendə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bir araya gələcəyi xəbəri də yayılıb”.
Politoloq əlavə edir ki, bu görüşdən nəticə gözləməyə dəyməz: “...Ermənistanın indiki hökuməti Dağlıq Qarabağ danışıqlarında yaxasını “gedin Qarabağ erməniləri ilə razılaşın” sözləri ilə kənara çəkir. Bu yanaşma ilə danışıqlarda uzağa getmək olmaz”.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib ki, Almaniya kansleri Anqela Merkelin Ermənistan siyasətinin ən bəsit təhlili Dağlıq Qarabağ tənzimlənməsinin prioritetliyini sübut edir. Onun sözlərinə görə, Angela Merkel Dağlıq Qarabağ probleminin həlli üzərində ciddi iş başlayıb:
I. Angela Merkel yayda Ermənistanda olarkən Almaniyanın Dağlıq Qarabağ tənzimlənməsində məsuliyyəti üzərinə götürməyə hazır olduğunu bəyan etdi. Bu ATƏT-in Minsk Qrupunun vasitəçiliyinə ciddi təhdiddir. Ermənistanda yalnız bir müddət keçdikdən sonra Merkelin təklifinin mahiyyətini başa düşə bildilər.
II. A.Merkel qayıtdıqdan bir müddət sonra prezident Armen Sərkisyanı Almaniyaya dəvət etdi. Armen Sərkisyanla Nikol Paşinyan arasında sivilizasiya fərqi var. Amma Armen Sərkisyanla söhbətdən sonra Almaniya rəhbərliyi başa düşdü ki, Ermənistanın prezidenti yetərincə səlahiyyətə malik deyil. Həm də Paşinyan üçün Armen Sərkisyan nüfuz sahibi deyil. Bundan sonra Angela Merkel Nikol Paşinyanı dəvət etdi.
III. Paşinyanın Almaniyaya rəsmi səfərindən bir gün əvvəl Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda oldu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə bu səfərin Merkelin səfərinin davamı olduğunu bildirdi. Merkel Azərbaycanda da olarkən Dağlıq Qarabağ münaqişəsinin məhz BMT qətnamələri əsasında tənzimlənməsini vurğulamışdı.
IV. Merkel Paşinyanla birlikdə keçirilən mətbuat konfransında alman jurnalistlərdən biri Avropa İttifaqının Dağlıq Qarabağ tənzimlənməsində vasitəçiliyi ilə bağlı sual verdi. Merkel bunu Dağlıq Qarabağ tənzimlənməsini irəliyə aparan hal kimi dəyərləndirdi.
Paşinyan isə Avropa İttifaqının vasitəçiliyini dərhal inkar etdi: Dağlıq Qarabağ tənzimlənməsinin beynəlxalq formalaşmış formatı mövcuddur. Bu, ATƏT-in Minsk Qrupudur.
Qərblə Rusiya arasında Dağlıq Qarabağ tənzimlənməsində gizli rəqabət istisna olunmur. ATƏT-in Minsk Qrupunun Avropa İttifaqı ilə əvəzlənməsinin də alt qatı məhz Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən uzaqlaşdırmaqdır.
Azərbaycanın Rusiyaya qarşı ciddi iradı yoxdur. Rusiya ilə Dağlıq Qarabağ məsələsində əməkdaşlığında müəyyən irəliləyişlər var. Amma Azərbaycanın Dağlıq Qarabağ məsələsində konseptual mövqelərindən biri alternativ vasitəçilikdir. Azərbaycan alternativ vasitəçiliyin tərəfdarıdır. Bu alternativ vasitəçilik dedikdə ATƏT-in Minsk Qrupuna alternativ vasitəçilikdən söhbət gedir. Çünki ATƏT-in Minsk Qrupunun konsensus mexanizmi erməniləri ruhlandıran, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən yayındıran yeganə mexanizmdir. Ermənilər ona görə Dağlıq Qarabağ münaqişəsinin yalnız Minsk Qrupu çərçivəsində həllinin tərəfdarıdırlar.
Digər majoritar səsvermə mexanizmli qurumlarda, BMT, Avropa İttifaqının vasitəçiliyinin əleyhinədir. Belə alınır ki, Angela Merkel indi artıq Almaniyanın Dağlıq Qarabağ tənzimlənməsində məsuliyyəti öz üzərinə götürməsini Avropa İttifaqının vasitəçiliyi ilə əvəzləyib. Avropa İttifaqının vasitəçiliyi daha vacibdir.
V. “Deutsche Welle”nin əməmkdaşı Paşinyanı Dağlıq Qarabağ mövzusu ilə bağlı verdiyi suala cavabı dərhal kəsərək onun dediklərinin eynilə Rusiyanın Donbas barədə dedikləri ilə üst-üstə düşdüyünü dedi. Paşinyan inkar etsə də faktiki olaraq Almaniyanın mövqeyi bundan ibarətdir.
Beləliklə Nikol Paşinyan Almaniyadan, Avropa İttifaqından investisiya gözləyirsə hökmən Avropa İttifaqının vasitəçiliyini qəbul etməlidir.
Merkelin siyasətində dəqiqlik və konkretlik çox öndədir. Müqayisə üçün deyək ki, Paşinyandan bir neçə gün öncə Özbəkistan prezidenti Şövkət Mirziyayev Almaniyada idi, Merkellə görüşdən sonra sənədlərin imzalanma mərasimi keçirildi. Ümumi məbləği 4 milyard dollar olan 9 sənəd imzalandı. Ermənistanın özünü Avropa dövləti hesab etməsinə baxmayaraq Merkel heç bir müqavilə imzalamadı.
Avropa siyasətinin lideri Merkel kansler fəaliyyətinin sonuna kimi Qərbin Qafqaz siyasətini qurmaq istəyir. Bu vaxtadək Qərbin heç bir lideri bu işlə məşğul olmayıb. Merkel yayda Bakıda olarkən regionun ən əsas probleminin Dağlıq Qarabağ problemi olduğunu bildiyini bəyan etmişdi.
Qərbin Qafqaz siyasətində Azərbaycanın regionun lideri olması, onun enerji və kommunikasiya potensialı bazis rolu oynayacaq. Azərbaycan milli maraqlarını dərk etmiş, buna söykənən siyasət aparmağı bacaran dövlətdir. Azərbaycan müstəqillik illərində yalnız dost və müttəfiq qazanıb. Bu fikri regionun digər dövlətlərinə şamil etmək olmaz”.
Politoloq Qabil Hüseynli isə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində İranın mövqeyinə bir az ehtiyatlı yanaşmanın tərəfdarıdır: “Çünki İran özü Ermənistanla sıx əlaqələr saxlayır. Amma bir məsələni də qeyd etmək lazımdır ki, son vaxtlar İran-Azərbaycan münasibətlərində müəyyən dəyişiklikləri görməmək mümkün deyil”.
O bildirib ki, İran Azərbaycanla münasibətləri istiləşdirməyə, daim yüksək səviyyəyə qaldırmağa çalışır və Qarabağ problemi ilə bağlı məsələdə daha dəqiq mövqe nümayiş etdirməyə başlayıb: “Bu yaxınlarda İran ordusunun Baş Qərargah rəisi Azərbaycanda olarkən çox açıq bir surətdə İranın birmənalı mövqeyini çatdırdı. Bildirdi ki, onlar Dağlıq Qarabağa Azərbaycanın tərkib hissəsi kimi baxır və bu məsələdə onların mövqeyi dəqiqdir. İranda ordu amilini qiymətləndirmək lazımdır və oranın Baş Qərargah rəisi azərbaycanlıdır. Azərbaycanlı bir şəxs İran siyasətinə təsirdə önəmli rol oynayır. Əlbəttə ki, İranın ali ruhani lideri Xamneyi və digərləri həmişə Qarabağ məsələsində Azərbaycanı dəstəkləyən mövqe nümayiş etdiriblər. Bu mənada hesab edirəm ki, son vaxtlar proseslər daha da möhkəmlənib və iqtisadi sahələrdə də ciddi yaxınlaşmalar müşahidə edilir (məsələn, Şimal-Cənub dəmir yol dəhlizinin tikilməsi). Bu istiqamətdə Azərbaycan İranla sıx əməkdaşlığa gedib, hətta dəmir yolunun Astaradan Rəştə qədər çəkilən hissəsinə dövlətimiz tərəfindən İrana təxminən 400 milyon dollara yaxın kredit verilib. Bütün bunlar onu göstərir ki, Azərbaycan-İran münasibətləri yaxşı istiqamətdədir və bu münasibətlər Ermənistanın təhlükəsizlik fəaliyyəti olmasa yüksələn xətt üzrə inkişaf edə bilər”. Politoloq əlavə edib ki, fevralın axırlarında Ermənistanın baş naziri Nikol Paşinyanın İrana rəsmi səfəri gözlənilir: “Bu kontekstdə Tehranda olacaq görüşlər və səsləndiriləcək bəyanatların bizim üçün əhəmiyyəti böyükdür. Ümid edirəm ki, İran tərəfi ölkənin Baş Qərargah rəisinin Azərbaycanda söylədiyi fikirlərdən geri çəkilməyəcək və onun mövqeyini müdafiə edəcək. Hər halda Azərbaycan İran üçün daha böyük əhəmiyyət kəsb edir və İran bunu diqqətə almalıdır”.

Əli

Bu xəbər oxundu
- - -