Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Kızılelma. Türk-İslam Cihan Hakimiyeti Ülküsü”

11.02.19, 13:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dr.Muhsin Kadıoğlunun yeni kitabı nəşr olunub

Türkiyəli yazar və araşdırmaçı alim Dr.Muhsin Kadıoğlunun “Kızılelma. Türk-İslam Cihan Hakimiyeti Ülküsü” kitabı (İstanbul, 2019) Türk Dünyası Araştırmaları Vakfı tərəfindən nəşr olunmuşdur. Yaradıcılığı boyu çoxsaylı məqalə və kitablarında türkçülüyün müxtəlif məsələlərini araşdıran, dünyanın fərqli ölkələrində, dünya mədəniyyəti nümunələrində türk izlərini öyrənən yazar bütün türk və islam dünyası üçün əhəmiyyətli cəhətləri ortaya qoyan “Qızıl Alma” kitabı ilə bir daha uğurlu bir işə imza atmışdır. Uzun əsrlik və zəngin ənənələri olan Qızıl Alma ideyası XX əsrdə Ziya Gökalp və Ömər Seyfəttin tərəfindən yenidən ön plana çəkilmişdir. Muhsin Kadıoğlu mövzunu araşdırmaq üçün geniş tarixi-müqayisəli təhlillər aparmış, Qızıl Alma ideyasının formalaşması, simvolu, tarixi, müxtəlif mədəniyyətlərdə və türk xalqlarında Qızıl Alma ideyasını yaradan milli-mənəvi, tarixi-mifoloji, ədəbi-mədəni cəhətləri, yunan, Bizans, Roma, macar, İspaniya, alman, polyak, fransa mədəniyyəti və tarixində, islam və xristianlıqda Qızıl alma ideyasını tədqiq etmişdir.
Osmanlı mənbələri və ayrı-ayrı türk xalqlarının ədəbiyyatında da Qızıl Alma düşüncəsi öyrənilərək Evliya Çələbinin məşhur “Səyahətnamə” əsərində mövzu ilə bağlı məsələlər geniş şəkildə təhlilə cəlb olunmuşdur. Qızıl Alma məbəd, cami və sarayları da kitabda ətraflı təhlil və təsvir olunur. Ziya Gökalp, Ömər Seyfəttin və Çingiz Aytmatovun görüşlərində Qızıl Alma ideyası da ayrıca bir fəsildə araşdırılmışdır. Kitabın əhatə etdiyi problemlər və istiqamətlər çeşidli olduğu kimi mövzunun işlənməsinin müasir əhəmiyyətinə də xüsusi önəm verilmişdir. Muhsin Kadıoğlu türk-islam cahan hakimiyyəti – Qızıl Alma ideyasına həsr etdiyi kitabında əsərin çağdaş düşüncəyə xidmət edəcəyini xüsusi vurğulamış və onu oxucularına təqdim etmişdir: “Zaman dəyişmişdir. İnsanların hər baxımdan inkişaf etdiyi bir dövrdə yaşayırıq. Bu səbəbdən yenidən Qızıl Almadan söz edərkən Dini müharibələri çağı və ya Fatehlər dövrü fəlsəfəsi ilə düşünə, davrana bilmərik. O halda islamı yaymaq və millətimizi güclü etmək, məzlumlara qol-qanad vermək hədəfini ifadə edəcək şəkildə Qızıl Almaya müasir bir anlam yükləmək və müasir dövrün Qızıl Alma düşüncəsini ortaya qoymak aydınların vəzifəsidir”.
Kitabın redaktorları həmyerlimiz, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Bəsirə Əzizəliyeva və Dr.Neşe İşıkdır.

Bu xəbər oxundu
- - -