Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Şabranda yeni xalça fabriki açılıb

12.02.19, 13:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ötən il Şabran rayonunun 3 kəndinə “mavi yanacaq” verilib, 10 kəndin elektrik təsərrüfatı yenilənib, 7 modul tipli məktəb binası tikilib və digər bir çox önəmli layihələr icra edilib. Bu barədə fevralın 12-də Şabranda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib. Yığıncaqdan əvvəl rayon rəhbərliyi, qonaqlar və fəallar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək düzüblər. Sonra bölgədə istehsal edilən kənd təsərrüfatı və sənaye məhsullarının sərgisinə baxış olub. Qonaqlara istehsal sahələri və müəssisələri barədə məlumat verilib.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Novruz Novruzovun hesabat məruzəsi dinlənilib, müzakirələr aparılıb. Məruzədə bildirilib ki, hesabat ilində Şabranda məhsul buraxılışının ümumi həcmi əvvəlki illə müqayisədə 6,1 milyon manat artaraq 234,6 milyon manata çatıb. Rayonda sənaye məhsulları istehsalı 28,7 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 1,4 faiz, tikinti-quraşdırma işləri 25,4 faiz, nəqliyyat və rabitə xidmətləri 4,2 faiz artıb.
Ötən il 6 min 103 nəfər əhalinin yaşadığı, 5 yaşayış məntəqəsini birləşdirən Şabran-Əmirxanlı-Qazbabalı yolunun əsaslı tikintisi başa çatdırılıb. 12 min nəfərdən çox əhalinin yaşadığı, 9 yaşayış məntəqəsini əhatə edən Şabran-Çayqaraqaşlı-Hacıqaraqaşlı-Udulu yolunun tikintisi isə yekunlaşmaq üzrədir. Cari ilin ilk günlərindən Şabran-Düzbilici-Qorğan-Çinarlar yolunun da tikintisinə başlanılıb. Bu yol 3 min 360 nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirəcək.
Rayonda əhalinin “mavi yanacaq”la təminatının yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülüb. Ötən il, ümumilikdə, 756 nəfər əhalinin yaşadığı Qorğan, Bilici-Qorğan və Sumağa-Qazma kəndlərinə təbii qaz verilib. İndi rayonda təbii qazdan istifadə edən abonentlərin sayı 11 min 138 nəfərdir. Sosial obyektlərin, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin tikintisi və təmiri, iş şəraitinin yaxşılaşdırılması işləri də davam etdirilib. Ötən il 56 yerlik Xəlfələr, 80 yerlik şəhər 1 saylı Surra ümumi orta və 20 yerlik Qazbabalı kənd ibtidai məktəbləri üçün modul tipli binalar tikilib.
Məruzədə bildirilib ki, Şabran xalçaçılıq ənənələri ilə bağlı qədim və zəngin keçmişə malik bir bölgədir. Burada toxunan “Pirəbədil”, “Ağgül”, “Zeyvə” çeşidləri dünyada şöhrət tapan nəfis xalçalardır. Şabranda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yeni xalça fabrikinin, yun və boyaq bitkilərinin qəbulu məntəqəsinin tikintisi başa çatıb. Bu müəssisələr yaxın aylarda istifadəyə veriləcək. Rayonda ötən il 756 iş yeri açılıb ki, onun da 730-u daimidir.
Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov və başqaları hesabat yığıncağındakı çıxışlarında Azərbaycanın xarici siyasətdə qazandığı uğurlardan, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasından, aqrar sektorda aparılan islahatlardan, ixracyönümlü məhsulların istehsalındakı müsbət dinamikadan söz açıb, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələri diqqətə çatdırıblar.

Bu xəbər oxundu
- - -