Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Dövlət Reklam Agentliyi ləğv edilməlidir”

12.02.19, 14:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qüdrət Həsənquliyev: “Agentlik qanun pozuntularının qarşısını almırsa, deməli rüşvət alır”

“Ölkədə prezident tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatlar əhali tərəfindən rəğbətlə qarşılanır. Mən hesab edirəm ki, bu islahatlar bələdiyyələri də əhatə etməlidir. Siyavuş Novruzov çıxışında qeyd etdi ki, radikal, xaos müxalifəti aparılan islahatları öz adına çıxmaq istəyir, guya onların təzyiqi ilə bu islahatlar aparılır”. Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib. Millət vəkili bildirib ki, əslində Siyavuş Novruzovun “xaos müxalifəti” adlandırdığı qüvvələr bundan pərişan olmamalıdırlar: “Əgər onların fikri eşidilibsə, əksinə, sevinməlidirlər. Lakin onların məqsədi başqadır. Bu qüvvələr əslində şantaj yolu ilə islahatların dayandırılmasını istəyirlər. Amma hesab edirəm ki, islahatlar dərinləşdirilməlidir. Xalqın istədiyi də budur ki, islahatlar dərinləşdirilsin”.
Millət vəkili qarşılaşdığı epizodu nümunə gətirib: “Mən bir epizodla qarşılaşdım və fikirləşdim ki, əgər ölkədə hələ də hər şeyi aqressiya və qəzəblə qarşılayan, məntiqdən, arqumentdən uzaq müxalifət özünü qoruyub saxlaya bilibsə, məhz buna görə prezidenti tənqid etmək olar”, - deyə vurğulayıb: “Məsələn, bir şəkil veriblər. Prezident gedib açılış tədbirinə və orada 3-4 metr məsafədən insanların qarşısında çıxış edir. Başqa fotoda isə göstərirlər ki, prezident ağbirçək nənənin əlindən öpmək istəyir. Əslində bu epizod əhalini xeyli duyğulandırdı. Çünki həmin nənə prezidentin əlindən öpmək istəyirdi, amma prezident əks addım atdı, nənənin əlini öpdü. İnsanlar da bunu çox rəğbətlə qarşıladılar. Bilirsiniz bu nəyə oxşayır? Əgər bu adamlar toyla yas yerinə getməyi fərqləndirə bilmirlərsə, deyiləcək söz yoxdur. Açılışa getmək toydur. Amma faciə baş verib, insanların damı başlarına uçub, əlbəttə prezident o insanların yanında olmalıdır, onu qucaqlamalı, öpməli, təsəlli də verməlidir. Hesab edirəm ki, bunun fərqində olmayan insanlara baş qoşmağa dəyməz”.


“Bələdiyyələrlə iş yenidən qurulmalıdır”

Millət vəkili daha sonra “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” haqda fikirlərini açıqlayıb: “Məruzədə qeyd olunur ki, yerli özünüidarəetmə sahəsində əldə olunmuş tərəqqiyə baxmayaraq bələdiyyələrin fəaliyyətində nöqsanlar da var. Tərəqqi o deməkdir ki, hansısa böyük uğurlara, əhəmiyyətli irəliləyişlərə imza atılıb. Axı bələdiyyələrlə bağlı belə söz işlətmək, doğru deyil. Bizə bələdiyyələrin nə qədər vergi topladığı, bu maliyyənin nə qədərini aparatı saxlamağa, nə qədərini sosial-iqtisadi problemlərin həllinə sərf edildiyi haqda məlumat verilsəydi, çox müsbət hal olardı. Sənəddə qeyd edilir ki, bələdiyyələr tərəfindən 50 kommersiya qurumu yaradılıb və bunun 50 faizindən çoxu fəaliyyət göstərmir. Hesab edirəm ki, bələdiyyələrlə iş də yenidən qurulmalı, yeni yanaşmalar ortaya qoyulmalıdır”.
Millət vəkili bildirib ki, məruzədə Ədliyyə Nazirliyinin Akademiyasında 20 tədris kursu keçirilməsi, 210 seminar, 10 regional təlim keçirilməsi, xarici ölkələrdə təcrübə mübadiləsi ilə bağlı səfərlərin təşkil edildiyi qeyd edilib. Bunların hamısı pul deməkdir. Bu qədər vəsait xərclənib, təlimlərdə 8133 bələdiyyə üzvü iştirak edib. Bəs bu təlimlərin nəticəsi harada qaldı? Əgər 50 kommersiya təşkilatı yaradılıbsa və bunun da böyük əksəriyyəti fəaliyyət göstərmir və bu da hesabatda öz əksini tapıb. Bəs təlimlərdə bələdiyyə üzvlərinə nə öyrədirlər?”.
Qüdrət Həsənquliyev əlavə edib ki, bələdiyyələrin maliyyəsi artırılmalıdır: “Özü də bələdiyyələr təkcə iqtisadi problemlərin, yerli məsələlərin həlli ilə məşğul olmamalıdır. Biz bilirik ki, son vaxtlar radikal, yaxud xaos müxalifəti tərəfindən ölkədə siyasi islamın legitimləşdirilməsi istiqamətində ardıcıl və sistemli iş aparır. Müsəlman Birliyi adlanan həmin qrupun tərəfdarları ilə pul uğrunda həmin düşərgə daxilində amansız mübarizə gedir. Bələdiyyə üzvləri isə xalqa, insanlara ən yaxın qurumlardır. Bələdiyyələrin bu istiqamətdə də fəaliyyəti olmalıdır.
Ona görə ki, bələdiyyələr həm də sosial-iqtisadi proqramlar həyata keçirməlidirlər. Bu həm də sosial bir məsələdir. Dövlətə ən böyük xəyanət islamın siyasiləşdirilməsinin legitimləşdirilməsidir ki, Azərbaycanda bu istiqamətdə iş aparılır. Həmin qüvvələr hesab edirlər ki, guya islam siyasiləşərsə, gələcəkdə siyasiləşmiş, radikal islamçılardan, polisə, dövlət orqanlarına qarşı istifadə oluna bilər. Amma şərqlə qərb və müəyyən xarici dairələr arasında quyruq bulayan şəxslər unudurlar ki, həmin “islamçılar” hakimiyyətə gələrsə birinci onların başını kəsəcək...”.

“Vəkillik haqqında qanun yenidən işlənməlidir”

Millət vəkili “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklə bağlı da öz fikirlərini bölüşüb: “Ümumiyyətlə düşünürəm ki, vəkillik haqqında qanun yenidən işlənməlidir. Dəfələrlə biz burada məsələ qaldırmışıq ki, vəkilliyə qəbul sadələşdirilməlidir. İndi qanunun 11-ci maddəsinə edilən dəyişikliyə görə, ildə 1 dəfədən az olmayaraq ixtisas imtahanı keçirilə bilər. Mən hesab edirəm ki, bu məhdudiyyəti qoymağa ümumiyyətlə ehtiyac yoxdur. Yəni burada konkret yazaq ki, hər 6 aydan bir imtahanlar keçirilir. İkincisi burada 13-cü maddəyə dəyişiklik edilir ki, müsabiqədən keçməyən şəxs 1 il ərzində ixtisas imtahanına buraxılmır. Misal üçün deyirəm, əgər bir il ərizndə iki imtahan keçirilirsə növbəti imtahana niyə buraxılmasın? Ona görə də hazırda dövlət imtahan mərkəzi dövlət qulluğuna qəbulla bağlı çox gözəl bir president yaradıb. Biz dövlət qulluğu haqqında qanuna dəyişiklik elədik. Yəni imtahandan keçən şəxsə 5 il müddətində qüvvədə olan sertifikat verilir və həmin sertifikat əsasında həmin şəxs növbəti müsabiqələrdə iştirak edir. Müsabiqələr arasındakı zaman hətta 1 ay, 2 və ya 3 ay da ola bilər. Düşünürəm ki, ölkəmizdə vəkillərin sayı bu qədər azdırsa, biz dəfələrlə burada danışmışıq ki, Avropa ölkələrindən vəkillərin hər 10 min nəfərə düşən sayına görə, 8, hətta 20 dəfə geri qalırıq. Belə olan halda bu məhdudiyyətləri niyə qoyuruq? İnsanları niyə incidirik? Burada da yazaq ki, 5 il ərzində ixtisas imtahanı verən şəxsə sertifikat verilir. Və dövlət qulluğunda olduğu kimi hər növbəti müsabiqədə də onların iştirak etmək hüququnu tanıyaq. Vəkillik dövlət qulluğundan vacib deyil ki... Dövlət qulluğunda bu təcrübəni tətbiq etmişiksə gəlin vəkillərə də bu hüququ, səlahiyyəti verək. Biz minlərlə insanın, onların ailələrinin, yaxınlarının vəziyyətini yaxşılaşdıra bilərik. Onlar dövlətdən, hökumətdən razı olar. İndiki hal isə sadəcə olaraq insanların incidilməsidir”.

“Reklamların yerləşdirilməsi səlahiyyəti bələdiyyələrə verilməlidir”

“Gənclər siyasəti haqqında” qanuna dəyişiklik zamanı da fikirlərini bölüşən millət vəkili qanun layihəsinin müəlliflərinə təşəkkürünü bildirib: “Amma düşünürəm ki, bəzi məsələlərə də diqqət yetirməliyik. Birincisi, burada 7-ci maddədə qeyd olunur, “Təhsil haqqında” qanuna görə, təhsil müəssisələrində təhsil alan gənclərə pulsuz tibbi xidmət göstərilir. Amma dövlət təhsil məssisələrində ödənişli və ödənişsiz təhsil var. Özəl məktəblərdə isə yalnız ödənişli təhsil mövcuddur. Necə olur hər ikisi pul verib oxuyur, amma birinə pulsuz tibbi xidmət göstərilir, digərinə isə pullu. Hesab edirəm ki, buna aydınlıq gətirilməlidir və ümumiyyətlə bütün gənclərə pulsuz tibbi xidmət göstərilsə yaxşı olar. Burada fərq qoyulmamalıdır. İkinci 5.7.1-ci məsələ - gənclərə tütün məmulatlarının və spirtli içkilərin satışı ilə bağlıdır. Oqtay müəllim, diqqətinizi bir məsələyə cəlb etmək istəyirəm, xahiş edirəm özünüz bu məsələni nəzarətə götürəsiniz. Biz, 2017-ci ildə tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun qəbul etdik. Orada 9.1.4-cü bənddə qeyd olunur ki, tütün satışının bilavasitə və dolayı reklamı qadağan olubur. Eyni zamanda biz 12-ci maddədə qeyd edirik ki, bütün televiziyalar ayda 90 dəqiqə, onun 45 dəqiqəsi də saat 17:30-dan 23:00-dək müvafiq icra orqanlarının iştirakı ilə tütünün əleyhinə reklam yerləşdirilsin. Və həmin çarxlar da Milli televiziya və Radio Şurasına təqdim olunsun. Şəxsən mən, televiziyaları izləyirəm, amma bu tipli reklamlara rast gəlmirəm. Ola bilər ki, mən rastlaşmıram, amma hər halda bu mənim diqqətimi cəlb etmir. Ən vacib məsələ nədən ibarətdir? Bakı şəhərində bütün köşklər universitetlərin, məktəblərin ətrafında, metro stansiyalarının çıxışında yerləşdirilib. Baxmayaraq ki, tütün məmulatlarının reklamı qadağan olunub – amma bütün köşklərin ön şüşələrində xüsusi işıqlandırma ilə yalnız siqaretlər yerləşdirilib. Siqaretin üzərində yazılıb ki, siqaret çəkmək səhhətiniz üçün zərərlidir. Onun da üzərində siqaretin reklamı yerləşdirilib. Hər kəs buradan çıxanda köşklərin birinin qarşısında bunu görə bilər. Gecələr isə işıqlandırma ilə ümumiyyətlə birbaşa insanlara çağış edilir. Xüsusilə də bütün bunlar məktəblərin yanında baş verir. Milli Məclisin yanında 20 saylı məktəbin qarşısında köşk var. Bir dəfə onun qarşısında dayandım və bu mənzərəni gördüm. Bu reklamdır. Azərbaycanda Reklam üzrə Dövlət Agentliyi var. Bu agentliyin əməkdaşları bir dəfə gəlib bizim ofisin qarşısındakı supermarketə iradlarını bildirmişdilər. Mən soruşdum ki, nə baş verir? Dedilər ki, məcbur edirlər ki, supermarketin şüşələri rənglənsin. Ona görə ki, içəridə satılan mallar görsənir. Bildiriblər ki, ya reklama görə vəsdait ödəməlisiniz, ya da supermarketin şüşələrini rəngləməlisiniz ki, içəridəki mallar bayırdan görsənməsin. Necə olur, bunu etdikləri halda, köşklərdəki siqaretləri yığışdırmırlar? Deməli burada hansısa korrupsiya faktları, əlamətləri var və siqaret açıq şəkildə reklam olunur. Yaxud spirtli içkilər satan mağazalar var ki, vitrin şüşələrinin arxasına bütün növ spirtli içkiləri düzürlər. Bundan böyük reklam necə ola bilər ki? Şəhərin mərkəzi daxil omaqla hər yerdə belədir. Yəni dövlət agentliyi bunun qarşısını almırsa, deməli həmin şəxslərdən rüşvət alır. Biz deputat həmkarlarımızla birlikdə bir dəfə Fransadaydıq. Həmkarlarımızdan biri siqaret almaq istəyirdi. Bir supermarketə girdik. Supermarketi gəzsək də siqaret tapa bilmədik. Axırda soruşduq ki, siqareti harada satırlar? Bildirdilər ki, siqaretlər açıq yerdə qoyulmur. Siz soruşanda onu qapalı yerdən götürüb verə bilərlər və biz bu qayda ilə siqaret aldıq. Amma bizdə siqaretin reklamı qadağan olduğu halda siqaret məktəblərin yanında, metrostansiyaların çıxışıında, gənclərin ən çox gəzdiyi bulvarda, hər yerdə köşklərin ön şüşəsi belə siqaretlə bağlanıbsa bundan böyük reklam nə ola bilər ki? Daha öncə bələdiyyələr haqqında danışırdıq. Düşünürəm, reklamlar bələdiyyələrə verilməldir ki, onların da maliyyə mənbələri olsun. Amma indi bələdiyyələrin mülkiyyətində olan obyektlərin üzərinə reklam vurulduqda, həmin reklamdan gələn gəlirin müəyyən hissəsi bələdiyyələrə ödənilir. Buna görə, xüsusi dövlət agentliyi yaratmağa ehtiyac yoxdu ki, onların saxlanmasına da bu qədər xərc çəkilsin. Məncə bu qurum ləğv olunmalıdır və reklamların yerləşdirilməsi səlahiyyəti də bələdiyyələrə verilməlidir”.

Əli

Bu xəbər oxundu
- - -