Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ən yüksək ƏDV bizdədir”

12.02.19, 14:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fazil Mustafa: “Qonşu Gürcüstanda kitabdan, çap avadanlıqlarından, hətta ölkəyə xaricdən gətirilən kitablardan ƏDV tutulmur”

Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasının gündəliyinə 32 məsələ daxil edilib. Spiker Oqtay Əsədov, Milli Məclis adından Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binali Yıldırıma minnətdarlıq edib. Buna səbəb isə TBMM-nin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı xatirə pul sikkələrinin buraxılmasıdır. O bildirib ki, sikkələr deputatlara təqdim olunub: “Buna görə də Türkiyə Böyük Millət Məclisinə təşəkkür edirəm”.
Daha sonra millət vəkilləri cari məsələləri müakirə ediblər.
Deputat Əli Məsimli bildirib ki, prezident seçkilərindən sonra Azərbaycanda struktur islahatlarının yeni mərhələsi başlayıb. O qeyd edib ki, islahatlar xalq tərəfindən dəstəklənir. Deputat Prezidentin minimum əmək haqqının 130 manatdan 180 manata qaldırılması ilə bağlı sərəncamını da dəstəkləyib. Ə.Məsimli ölkədəki qiymət artımından da danışıb: “Cənab Prezidentin sərəncamı təqdirəlayiqdir. Amma çox təəssüflər olsun ki, biz süni qiymət artımına da rast gəlirik. Cənab Prezident özü isə süni qiymət artımına qarşı mübarizə aparmaq üçün tapşırıqlar verib. Bəzi sahibkarlar bayramları, Novruz bayramını bəhanə gətirərək, qiymətləri qaldırırlar”.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, Azərbaycanda elə həftə yoxdur ki, Prezident tərəfindən sosial məqsədlərə xidmət edən sərəncam imzalanmasın: “Belə addımlardan biri də minimum əmək haqqının artırılması ilə bağlı sərəncamdır. Bu sərəncamla əhalinin böyük hissəsi əmək haqlarında hiss olunacaq dərəcədə fərqi görəcəklər”.
O bildirib ki, Prezidentin sərəncamı müstəqillik dövründə ilk belə addımdır: “Bu, gələcəkdə əmək haqlarının artırılmasına imkan yaradacaq. Vahid tarif cədvəlinin 19 qrafasında əmək haqları hiss olunacaq dərəcədə dəyişəcək. 2007-ci ildə yaşayış minimumu 67 manat idi. Minimum əmək haqqı isə 50 manat idi. Digər illərdə də belə fərqlər var idi. Lakin ölkə başçısının son sərəncamı ilə minimum əmək haqqı yaşayış minimumunu üstələdi. Azərbaycanda sosial müdafiə məqsədlərinə ayrılan vəsaitin həcminə diqqət etsək, bu rəqəmlərin nə qədər böyük olduğunu görmək mümkündür”.
Deputat söyləyib ki, şəhid ailələrinə verilən müavinət 58 manat artırılaraq 300 manata çatıdırılıb: “Bəzən biz birbaşa manatla olan müavinəti qavraya bilirik. Amma ölkədə məktəb, yol və digərlərinin tikintisini qavramırıq. Bunların da hər biri vətəndaşlara yönəlib. Görülən işlər, atılan addımların hər biri əhalinin rifah halına istiqamətlənib”.
Deputat Fazil Mustafa Milli Məclisin iclasında deyib ki, bu gün Azərbaycanda ən vacib məsələrdən biri kitab və mətbəə məhsulları üzərindən Əlavə Dəyər Vergisinin tamamilə ortadan qaldırılmasıdır: “Ən yüksək ƏDV bizdədir, yəni 18%. Halbuki Türkiyədə bu rəqəm 8% olmasına rağmən bunu çox hesab edərək tamamilə ortadan qaldırırlar. Qonşu Gürcüstanda bu vergi ümumiyyətlə yoxdur. Orada kitabdan, çap avadanlıqlarından, hətta ölkəyə xaricdən gətirilən kitablardan ƏDV tutulmur. Belarusda isə bütün kitab mağazaları kirayə haqqından azaddırlar. Çünki bu dövlətlərdə kitabın əlçatanlığı və oxuyan cəmiyyət hədəfi qarşıya qoyulub. Məgər bizdə savadlılığın səviyyəsi o dərəcədə yüksəkdir ki, bunu ehtiyac duymuruq? Adam həm aldığı kağıza vergi ödəyir, ardınca bu kağızdan hazırlanan kitaba vergi ödəyir. Dünyanın hər yerində ümumi istehsal prosesindən bir dəfə vergi alınır, bizdə isə hər mərhələdən vergi alınır. Üstəlik də xaricdən gətirilən kitaba görə də 9% gömrük rüsumu alınır. Ölkədə kitab statistikası da ümumiyyətlə yoxdur. Nə qədər kitab nəşr olunur, tiraj nə qədərdir, nə qədər tərcümə ədəbiyyatı var, nə qədər kitab satılır, nə qədər kitab xaricdən gətirilir, bütün bunlar rəqəmıərdə ifadə olunmur. Halbuki bu statistikaya görə xaricdə konkret ölkənin mütailə səviyyəsi müəyyənləşdirilir və lazımi tədbirlər görürlər. Digər tərəfdən nəşriyyat kitabı satışa verən andan elektron qaydada vergi tutulur. Halbuki kitab satılmadığı halda vergini ödəyən nəşriyyat əvvəlcədən zərərə düşmüş olur. Kitab üzərindən ƏDV mütləq götürülməlidir. Əgər cəmiyyətin intellektual inkişafını istəyiriksə, əgər normal orta təbəqənin formalaşmasını istəyiriksə! Bu kitabın satış qiymətinə ən azı 20 % öz təsirini göstərəcək, kitab çapını, tərcüməni, xaricdən kitab gətirilməsini stimullaşdıracaq və kitab bazarını canlandıracaq. Fikrimcə, normal dini ədəbiyyat üzərindəki ifrat qadağa ortadan qaldırılmalıdır”.
Deputat Vahid Əhmədov problemli kreditlərlə bağlı məsələ qaldırıb.
O bildirib ki, narahatedici məsələlərdən biri də dollar krediti ilə bağlıdır: isanların bu sahədə çox ciddi problemləri olduğu üçün Prezident İlham Əliyevdən xahiş edərdik ki, bu məsələyə də baxsın. O bildirib ki, hazırda bu məsələlərlə bağlı məhkəmələrdə 200 minə yaxın iş var. V.Əhmədov xatırladıb ki, dollar krediti ilə bağlı həmkarı Əli Məsimli ilə birlikdə təkliflər hazırlayıb: “Yaxşı olardı ki, bu təkliflər nəzərə alınsın”.
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Azərbaycan Prezidenti tərəfindən atılan addımların hər biri təqdirəlayiqdir: “Dövlət başçısı tərəfindən atılan addımlar nəticəsində həm təminat, həm də xidmət strategiyasının inkişafı təmin edilir ki, bu da nəticə etibarı ilə ölkə iqtisadiyyatının, yeni iş yerlərinin inkişafı və digərlərinə xidmət edir”.
Onun sözlərinə görə, bəzi qüvvələr ölkə başçısının atdığı addımları əhaliyə düzgün çatdırmırlar: “Azərbaycan əleyhinə işləyən qüvvələr, əhalini aldatmağa çalışaraq, bu məsələləri öz adlarına çıxmaq istəyirlər”.
O bildirib ki, Azərbaycan Prezidentinin şəhid ailələrinə ayırdığı birdəfəlik yardımla bağlı məsələdə də bunun şahidi olduq: “Azərbaycan Prezidentinin tapşırığı ilə bu məsələ araşdırıldı və mühüm addımlar atıldı. Lakin bir qrup Azərbaycan əleyhinə işləyən qüvvə, əhalini aldatmağa çalışanlar bu məsələni öz adlarına çıxmaq istəyirlər. Halbuki, ölkə başçısı çoxdan bu məsələ ilə bağlı tapşırıq vermişdi. Minimum əmək haqqı ilə bağlı da uzun müddət idi ki, proseslər gedirdi. Bütün ölkələrin təcrübəsini öyrəndikdən sonra bu istiqamətdə də mühüm addım atıldı. Bir qrup xaricdə oturan, bu gün böhtan kampaniyası aparanlar bu addımları öz adlarına çıxıb, əhalini çaşdırmağa çalışırlar”.
S. Novruzov hesab edir ki, deputatlar yerlərdə keçirilən hesabat tədbirləri, seçicilərlə keçirilən görüşlərdə insanlara həqiqətləri çatdırmalıdırlar: “Azərbaycan Prezidenti bütün məsələlərə hamıdan öncə reaksiyaya verərək problemlərin aradan qaldırılması istiqamətində mühüm tapşırıqlar verir. İstər şəhid ailələrinin mənzillə təminatı, istərsə gənclərin təminatı, onların irəli çəkilməsi məsələlərinə önəm verilir. Biz hər birimiz əsgər kimi bu məsələləri ictimaiyyətin diqqətinə lazımi səviyyədə çatdırmalıyıq. İnsanlara atılan addımların dövlətin strategiyası olduğunu başa salmalıyıq”.
Milli Məclisin sədr müavini Bahar Muradova diqqətə çatdırıb ki, Azərbaycanın ən azı son 100 illik tarixini götürsək, onun bütün məqamlarında xalqımızın əsas gündəm məsələsi müstəqil, ayaqda duran dövlət və bu dövlətin bütün yaratdığı şərait nəticəsində azad, sərbəst rifah içərisində yaşayan vətəndaş cəmiyyəti qurmaq idi: “Bizim əleyhdarlarımızın məqsədi isə gündəmi dəyişmək, diqqəti əsas məqsəddən, bizi dövlətimizi qüdrətli dövlətə çevirmək istiqamətindən yayındırmaq olub. Bu günümüz də belədir”. O bildirib ki, Azərbaycanla Ermənistan arasında ötən ilin sonundan və bu ilin əvvəlindən danışıqlar prosesində müəyyən hərəkətlənmə müşahidə olunmaqdadır: “Həm beynəlxalq təşkilatların vasitəçilərinin, həm ayrı-ayrı ölkələrin, həm də Ermənistan və Azərbaycan prezidentlərinin bəyanatlarında əksini tapan məqamlar müəyyən qədər ümidlənməyə imkan verir. Ortaya çıxan bu meyillər bir daha düşünməyə vadar edir. Biz həll etmək iqtidarımızı və qüdrətimizi nə qədər artırırıqsa, bunun qarşısını almaq istəyən dairələr də səylərini və cəhdlərini o qədər artırırlar”.
Onun sözlərinə görə, Azərbaycan dövlətinin öz vətəndaşının yanında olması heç zaman şübhə doğurmayıb və bu, ardıcıl məqsədyönlü siyasətdir: “Bu, ardıcıl və məqsədyönlü bir siyasətdir. Biz bunun içərisindəyik, əksini söyləyənlər də bunu görürlər. Amma təbii ki, məqsəd başqadır, gündəmi dəyişməkdir. Əsas məqsəd qarşımızda dayanan vacib niyyətdən və məqsəddən yayındırmaqdır. Biz bunları nəzərə alaraq diqqətimizi əsas məqsədimizə yönəltməliyik. Gücdən qüdrətdən istifadə edərək, ölkə Prezidentinin müəyyən etdiyi cəsarətin yanında olmalıyıq”.
Millət vəkilləri daha sonra qanun layihələrini müzakirə ediblər. Milli məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Ədliyyə Nazirliyi tərəfindən 2018-ci ildə xeyli iş görülüb. Beynəlxalq əlaqələr, sənədlərin tərtibi məsələlərində müsbət addımlar atılıb. Deputat bildirib ki, bunlar olduqca vacib məsələlərdir: “Hesab edirəm ki, biz bələdiyyələrin mövqelərini gücləndirmək üçün əlimizdən gələn hər şey etməliyik”.
“Gənclər siyasəti haqqında" qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi
barədə isə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev məlumat verib. O qeyd edib ki, ölkədə gənclər siyasəti uğurla həyata keçirilir. Bu sahəyə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir, bu istiqamətdə mükəmməl qanunvericilik bazası mövcuddur. Bildirilib ki, dəyişikliklər bu sahədə hüquqi bazanın müasir tələblərə uyğunlaşdırlılması məqsədi ilə aparılıb.
Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov isə "Kitabxana işi haqqında" Qanuna təklif olunan dəyişikliyi vacib sayıb. Ə.Amaşov deyib ki, bu dəyişiklik kitabxanaların elektron sistemə keçməsi ilə bağlıdır: “Daha bir mühüm dəyişiklik kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlıdır. Hesab edirəm ki, hər iki məsələ olduqca vacibdir...”.
Deputat həmçinin əlavə edib ki, kitabların qiyməti ilə çox bahadır. Məlumatlara görə, hazırda ölkəyə il ərzində 200 min kitab gətirilir. Sovet dövrü ilə müqayisədə bu rəqəm dəfələrlə azdır. Qiymətə gəldikdə isə, təsəvvür edin ki, kitab Azərbaycana gətirilərkən 7 faiz gömrük, 18 faiz əlavə dəyər vergisi tutulur. Üstəlik satış zamanı gəlir əldə etmək üçün təqribən 20-25 faiz də əlavə olunur. Bundan başqa satış müvafiq dövlət qurumuna hesabat verərkən onlar yenidən 18 faiz də ödəməli olurlar. Gəlin hesablayaq, 7+18+20+18=63. Lap olsun 60. Bundan sonra təsəvvür edin ki, oxucu kitab əldə etmək üçün nə qədər pul xərcləməlidir. Bəzi ölkələrdə çap məhsulları bütün növ vergilərdən azaddır. Mən həmkarım Fazil Mustafanın burada səsləndirdiyi fikirləri dəstəkləyirəm. Təklif edirəm ki, ümumiyyətlə bütün çap məhsulları – qəzet, jurnal, kitab istehsalı və ölkəyə gətirilməsi üzərindən ƏDV götürülsün. Nəzərə alaq ki, gələcək elmə, biliyə söykənir. İstərdim ki, gələcəyimiz naminə bunu utunmayaq”.
Qanun layihələri səsə qoyularaq qəbul edilib.

Əli

Bu xəbər oxundu
- - -