Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan Azərbaycana başqa alternativ buraxmır”

18.02.19, 11:45
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fikrət Sadıqov: “İşğalçı tərəfin ziddiyyətli hərəkətləri bir daha göstərir ki, onlar problemin həlli istiqamətində prioritetlərini cızmayıblar”

Fevralın 16-17-də Münhendəki Beynəlxalq Təhlükəsizlik konfransı çərçivəsində planlaşdırılan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutmayıb. Qeyd edək ki, konfrans öncəsi nazirlərin görüşəcəyi ilə bağlı məlumat yayılmışdı. Bildirilir ki, İrəvanın danışıqlardan imtina etməsi görüşün alınmamasına səbəb olub.
Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan bəyan edib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ayrıca görüş keçirməyi planlaşdırmayıblar: “Biz ayrıca görüş planlaşdırmamışdıq. Dəhlizdə görüşüb salamlaşa bilərik, nazir Məmmədyarovla belə bir problemimiz yoxdur. Ayrıca görüş planlaşdırmamışıq. Lakin bu o demək deyil ki, danışmağa mövzu yoxdur. İş davam edir”.
Xatırladaq ki, Zöhrab Mnatsakanyan bir müddət öncə Münhendə Elmar Məmmədyarovla görüşəcəyini istisna etməmişdi. O, 29 yanvarda verdiyi açıqlamada görüşlə bağlı tərəflərin razılıq əldə etməyə çalışdıqlarını bildirmişdi: “Bizim irəliyə doğru hərəkət etməyimiz aydındır. Görüşün zamanı və digər məsələlərə gəlincə isə biz çalışırıq bunu razılaşdırıb, ictimaiyyəti məlumatlandıraq”.
Elmar Məmmədyarov isə 15 fevralda, Münhendə ikən Rusiya mediasına açıqlamasında Mnatsakanyanla görüşə ümid etdiyini bildirmiş, hətta iki ölkə liderlərinin sammitinin “Ermənistandan olan həmkarı” ilə görüşdə müzakirə ediləcəyini qeyd etmişdi...
Görüşün alınmaması diqqət çəkən məqamlardandır. Ermənistan tərəfi ənənvi olaraq danışıqlardan qaşmaq üslubunu davam etdirir. Rəsmi İrəvan Status-kvonu saxlamaq üçün hər yola əl atır.
Politoloq Fikrət Sadıqov deyib ki, Münhen bir sıra dövlət başçıları və nazirlərin görüşməsi üçün nəzərdə tutulan meydançalardan biridir: “Orada ölkələrin rəsmiləri arasında fikir mübadiləsi aparılır, açıq söhbətlər gedir. Lakin konfrans çərçivəsində baş tutmayan Azərbaycan-Ermənistan XİN başçılarının görüşündən gözləntilərimiz o qədər də böyük deyildi”. Ermənistan tərəfinin danışıqlara, problemin həlli istiqamətində güzəştə getməyə hazır olmadığını deyən politoloq söyləyib ki, bununla yanaşı düşmən ölkə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən təzyiqlərin olduğunu da başa düşür. Fikrət Sadıqov söyləyib ki, Ermənistana təzyiqlər o qədər də ciddi deyil: “İşğalçı tərəfin ziddiyyətli hərəkətləri bir daha göstərir ki, onlar problemin həlli istiqamətində prioritetlərini cızmayıblar. Bu baxımdan da onlar problemin həllini uzatmağa çalışır, beynəlxalq hüquq normalarına əməl etməkdən yayınırlar”. Paşinyanın guya Azərbaycana qarşı yumşaq mövqe sərgiləməsi ilə bağlı Ermənistanda tənqid atəşinə tutulduğunu dilə gətirən politoloq vurğulayıb ki, bunun özü də Münhen görüşün baş tutmamasına səbəb ola bilər: “Bütün bunlar Ermənistanın münaqişənin həlli istiqamətində addım atmağa hazır olmadığını bir daha sübut edir. Lakin Ermənistan danışıqlara məhkum edilib, onların başqa çıxış yolu yoxdur. Ümid edirəm ki, tezliklə bunun onlar da başa düşəcəklər”. Fikrət Sadıqov əlavə edib ki, Ermənistan tərəfindən atılan addımların hamısı daxili cəmiyyətə hesablanıb: “Yeni hakimiyyət daxildə mənfi rezonansdan çəkinir. Amma bu belə davam edə bilməz. Onlara qarşı dünya birliyi, ATƏT-in Minsk qrupu həmsədrləri, eləcə də Azərbaycan tərəfindən hərbi siyasi diplomatik təzyiqlər artırılmalıdır. Yalnız hücumedici addımlar Ermənistanı sağlam addımlar atmağa məcbur edə bilər”.
Deputat Fazil Mustafa bildirib ki, Ermənistan münaqişənin həllində Azərbaycan müharibə yolu ilə torpaqlarını azad etməkdən başqa yol buraxmır: “Ona görə də Azərbaycan düşünüb-daşınılmış uğurlu hərbi əməliyyatlara başlayıb topraqlarımızı işğaldan azad etməlidir. Ermənilər anlamalıdırlar ki, əvvəl-axır bu torpaqlar geri qaytarılacaq. Azərbaycanın bundan başqa yolu qalmır”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə diqqətə çatdırıb ki, görüşün baş tutmaması daha yaxşıdır. Ekspert əlavə edib ki, hər il keçirilən Münhen təhlükəsizlik konfransı ona görə maraq kəsb edir ki, burada açıq söhbət gedir: “Yəni bu konfransda diplomatik ritorika azdır, kimin nə dərdi var onu açıq söyləyir. Məsələn illər əvvəl bu konfransda iştirak edən Rusiya prezidenti Vladimir Putin konfransdakı sərt çıxışında Qərbdən və əsasən də ABŞ-dan niyə narazı qaldığını bənd-bənd söylədi və onu dinləyənlər elə onun rəqibləri idi. Və ya bu dəfə də Böyük Britaniyanın və Rusiyanın xarici işlər nazirlərinin bir-birlərinin ünvanına demədikləri ağır söz qalmadı”. Politoloqun sözlərinə görə, problem ondadır ki, açıq söhbət belə qlobal problemlərin həllini yaxınlaşdırmır: “Yəni hamı ürəyini boşaldır, ancaq “problemləri necə birgə həll edək” sualına cavab tapa bilmirlər. Bu da anlaşılandır. Dünyadada gedən son proseslər fikir ayrılıqlarını daha da dərinləşdirir. Soyuq müharibə illərində oyun qaydaları daha aydın idi, iki rəqib blok var idi, dünya iki hissəyə bölünmüşdü, ölkələrin əksəriyyəti hissələrdən birini seçmişdi. İndi isə oyunçuların sayı artıb və hərə öz oyununu aparmağa çalışır, beynəlxalq aləmdə nizam pozulub. Azərbaycan baxımından bu konfransın bizə elə bir əhəmiyyəti olmadı. Əvvəlcədən yayılan məlumatların əksinə olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirləri Münhendə xüsusi olaraq görüşmədilər. Məncə, elə yaxşı ki, görüşüb müzakirə aparmadılar. Münhen təhlükəsizlik konfransından əvvəl “Xəzər aktual” proqramında açıq söylədim ki, xarici işlər nazirlərinin görüşünə ehtiyac yoxdur, bu bizə sərfəli deyil, çünki baş nazir Nikol Paşinyan və onun komandası Qarabağ danışıqlarına hazır olmadığını hər dəfə bəyan edirlər. İşğalçı ölkənin təmsilçiləri detallı danışığa hazır deyillərsə və görüşlərdən status-kvonu uzatmaq üçün istifadə edirlərsə və edəcəklərsə, biz niyə görüntü xatirinə bu görüşlərdə iştirak etməliyik?”.
Deputat Fəzail Ağamalının fikrincə isə, Ermənistanın bu destruktiv hərəkəti Azərbaycana başqa alternativ buraxmır: “Azərbaycan ordusu öz sözünü deməli və torpaqları güc yolu ilə azad etməlidir. Azərbaycan ordusu buna qadirdir və münasib zaman yetişən kimi hərbi əməliyyatlara başlamalıdır”.
Politoloq Vasif Əfəndiyev diqqətə çatdırıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi elə bir fazaya keçib ki, artıq güclü tərəf öz diktəsini edir: “Ermənistanla müqayisədə hərbi və iqtisadiyyat sahələrində daha böyük imkanlara malik olan Azərbaycan danışıqlarda üstün durumdadır”. Politoloqun sözlərinə görə, 2010-cu ildən sonra Azərbaycanda iqtisadi maraqları olan dünyanın ən aparıcı dövlətləri və beynəlxalq qurumlar münaqişənin ədalətli həllini tələb edirlər: “İndiyə qədər ağır iqtisadi vəziyyətdə yaşayan Ermənistan Rusiya və İranın birbaşa hərbi-iqtisadi dəstəyi ilə danışıqlarda balans yarada bilirdi. Bundan sonra regionda siyasi vəziyyətin sürətlə dəyişəcəyinin şahidi olacağıq. ABŞ-ın İrana qarşı basqılarını Rusiya və Çin durdurmaq gücündə deyillər. Hətta Rusiyanın özü bu basqılara və embarqolara davam gətirə bilmir. Qərbin ən başlıca planlarından biri olan Rusiya və İran hakimiyyətlərini devirərək bir-birini əvəz edən hakimiyyətlər formalaşdırmaqdır. Bu proseslər reallaşdığı anda Ermənistan ordusu güclü və uzun müddətli döyüşlər aparmaq qabiliyyətinə malik olan Azərbaycan ordusu ilə təkbaşına qala bilər. Lakin Ermənistan hələ də hərtərəfli dəstək almaq üzrədir. Prezidentin Real TV-yə müsahibəsi zaman “kim güclüdür, o da haqlıdır” məhşur deyimə müraciət etməsi günün reallığını əks etdirir. Azərbaycan daha güclü olmalıdır ki, danışıqlar masası arxasında öz haqlı mövqeyini müdafiə etməsi ilə yanaşı ciddi iddialarını da ortaya qoya bilsin. Ona görə də siyasətimizin əsas prioriteti güclü ordu və güclü iqtisadiyyatd olmalıdır”.
Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev isə Ukraynanın ictimai radiosuna müsahibəsində deyib ki, ermənilər “Böyük Ermənistan” kimi xəstə ideologiyaya əsaslanaraq Azərbaycana qarşı torpaq iddiasına başladılar. Bunun nəticəsi olaraq Azərbaycanın 20 faiz ərazisi hələ də Ermənistanın işğalı altındadır.
Ermənistanın tarixən müxtəlif illərdə Azərbaycana qarşı işğalçılıq siyasəti apardığını xatırladan səfir vurğulayıb ki, terrorizm, işğalçılıq Ermənistanın dövlət siyasətinə çevrilib.
Ukraynalı jurnalistin Ermənistanın yeni Baş naziri Paşinyanın Dağlıq Qarabağla bağlı tutduğu mövqeyə dair sualına cavabında Azər Xudiyev qeyd edib ki, Paşinyan hələ də münaqişənin ədalətli həllində cəsarətli addım atmır: “Ermənistan rəhbərliyinin münaqişənin həlli istiqamətində konstruktiv addımları yoxdur, ancaq quru bəyanatlar verirlər. Konkret danışıqlar masasında qeyri-konstruktiv mövqe sərgiləyirlər. BMT Baş Assambleyasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan torpaqlarından çıxarılmasına dair 4 qətnamə qəbul etsə də, icra olunmur”. Səfir daha sonra vurğulayıb ki, Azərbaycan münaqişənin sülh yolu həllinin tərəfdarı olsa da, proseslərin bu cür davam edəcəyi halda hərbi müdaxiləyə yol veriləcəyini istisna etməyib: “Azərbaycan paralel olaraq Milli Ordusunun gücləndirilməsi üçün dövlət büdcəsinin böyük bir qismini bu sahəyə ayırır. Çünki sülh danışıqları nəticə verməsə, Azərbaycan ərazi bütövlüyünü bərpası üçün gücdən istifadə edəcək. Bu gün dünyanın gözü qarşısında Ermənistan, hətta Dağlıq Qarabağa aid olmayan Azərbaycanın 7 rayonunu da işğal altında saxlayır”.

Əli

Bu xəbər oxundu
- - -