Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Nazim Hikmətin həyatı və yaradıcılığı

19.02.19, 7:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

3-cü yazı

N.Hikmət yaradıcılığında məhəbbət tərənnümlü şeirlərin özünəməxsus yeri var. Onun poeziyasında məhəbbətin mahiyyəti bəşəriyyətə, insana, qadına, təbiətə və s. olan həssas duyğuların ifadəsində açılır. N.Hikmət “enini, uzununu santimetrinə qədər sevdiyi” dünyanın bütün xalqlarına məhəbbətlə yanaşır. N.Hikmət heç bir dini və irqi ayrı-seçkiliyə yol vermədən bəşər övladına qəlbinin hərarətindən pay ayıra bilir. “Dünya, dostlarım, düşmənlərim, sən və torpaq”, “Asiya-Afrika yazıçılarına”, “İsveçrə dağları”, “Praqada Bir may” və s. şeirlərində N.Hikmət dünyaya, bəşər övladına olan məhəbbətini nümayiş etdirir. Təbii olaraq şairin vətəninə olan məhəbbəti bu sırada xüsusi yer tutur. N.Hikmət qəlbində səngər qazıb müdafiə etdiyi, bağrından qoparıb ata bilmədiyi məmləkətinə sonsuz məhəbbət ifadə edir. Maraqlıdır ki, şairin doğma vətəni ilə bağlı yazdıqlarını ümumiləşdirsək, vətəni özünün taleyi, tərcümeyi-halı, qüruru və s. hesab etdiyinin şahidi olarıq. Məmləkətini ömür yolu, saçlarının ağ rəngi, alnının qırışı, ürəyinin infarktı kimi səciyyələndirərkən şairin sadəlik və səmimiliyi şübhə doğurmur:

Sən indi qalmısan ancaq Saçlarımın ağında, ürəyimin infarktında.
Alnımın qırışlarındasan, məmləkətim! Məmləkətim, məmləkətim!

N.Hikmətin şeirlərindəki sevdiyi qadınlara məhəbbəti şairin pak duyğularının, səmimi hiss və etiraflarının göstəricisidir. Bu şeirləri oxuduqca insan gözləri önündə sanki dünyanın ən gözəl mənzərəsini görür, ən həzin musiqisini eşidir.

Sən ey, dildarım mənim, təmiz ürəkli, qızıl rəngli.
Gözləri baldan dadlı arım mənim.
(“Arvadıma məktub”, 1933)

Bu şeirin 1933-cü ildə Bursa həbsxanasında olarkən həyat yoldaşına yazıldığını nəzərə alsaq, şairin ən çətin şəraitdə, psixoloji gərginlikdə belə ruhunda gəzdirdiyi ecazkar sevgi duyğularının şahidi oluruq. “Sənsiz Paris” (1958) şeirində sənsizliyin doğurduğu assosiativ duyğuların maraqlı təsiri ilə üzləşirik. Cəmi 7 misradan ibarət olan şeirdə biz Parisi gəzən şairin keçirdiyi hisslərlə tanış oluruq. Şair üçün sevdiyi insan müqayisədə hamıdan gözəldir. Buna görə də gözəlliklər şəhəri Parisdə şairin diqqətini heç nə cəlb etmir. Əksinə, onu narahat edir, qəlbində kədər hissi oyadır:

Sənsiz Paris, gülüm,
Bir hava fişəngidir.
Bir quru gurultu
kədərli bir bulaq.
Yaxdı, məhv etdi məni
Parisdə dayanıb, dincimi almadan
Səni çağırmaq.

N.Hikmət lirikasında qeyri-adi poetik həssaslıq müşahidə olunur. Onun “mən”i daxilən narahatdır. Bu narahatçılığı doğuran səbəblər olduqca müxtəlifdir. “Qəlbim” (1948), “Dünyanın ən yazıq məxluqu” (1949), “Vəsiyyət” (1953), “Məmədə son məktubum” (1954), “Məməd” (1957), “Son avtobus” (1957), “Münəvvərə məktun yazdım, dedim ki:” (1957) və s. şeirlərində bu səbəblər oxucu üçün aydınlaşır. Oxucu onun şeirlərindəki emosional “yükün” mənbəyini müəyyənləşdirməkdə çətinlik çəkmir. N.Hikmət həyatda olduğu kimi şeirlərində də nə qədər narahatdırsa, idealına bir o qədər sədaqətlidir. “Röyalarının ölkəsində ölməyi” özünə şərəf bilən şairin aşağıdakı misralarında bu fikir öz təsdiqini belə tapır:

Mən məni bir daha ələ keçirsəm...
Mən bu xanəyə bir daha girsəm
Yaşardım yenə belə qorxu, dəhşət içində.
(“Mən məni”, 1949)

N.Hikmətdə gerçəkliyi yeni poetik təfəkkürlə qavramaq imkanı böyükdür. Onun şeirlərində poetik görkəmi yeni olan obrazlar və assosiasiyalar çoxluq təşkil edir. Ona görə də N.Hikmətdə mənanın özünəməxsus forma və söz-ifadə imkanlarında verilməsi ardıcıl səciyyə daşıyır: Mən dostların gözündə özümü Olduğum kimi görürəm...

Güldün,
Güllər açıldı pəncərəmin dəmirlərində,
Ağladın,
Ovuclarıma töküldü incilər.
(“Xoş gəldin”, 1949)

Və ya

Təpədəyəm
Uşaqlaşır ucsuz-bucaqsız ayrılıqda
Bir sal kimi ürəyim.
Gedər xatirələrin gerisinə,
Ulduzsuz, ağır dənizə qədər
Zil qaranlıqda.
(“Gecə vaxtı Bakı”, 1960)

Nazim Hikmət harada yaşamasından asılı olmayaraq Azərbaycana böyük məhəbbət bəsləmiş, ona ürəkdən bağlı olub. Bu da səbəbsiz deyil. Hər şeydən əvvəl Azərbaycan Nazim Hikmət üçün qədim türk yurdu və türk ruhunu qoruyan insanların yaşadığı müqəddəs bir məkan idi. Şair “Bakıya gedirəm” şeirində Azərbaycana səmimi duyğularını aşağıdakı kimi ifadə edir:

Bakıya gedirəm, ay balam,
Bakı-Əsli, mən-Kərəm.
Bakı gəncliyim demək,
Dost əlinə əmanət etdiyim ürək.

Nazim Hikmətin “Neftə doğru” adlı şeirinin mövzusu da Azərbaycanla bağlıdır. Şeirdə bir sıra təbiət lövhələri ilə yanaşı, əsasən Bakı mənzərələri timsalında Bakının obrazı əksini tapmışdı:

Düşünen beyni Moskovaysa ülkemizin,
Taze kan dağıtan kalbidir Bakü!..
İlık ve aydınlık bir güney gecesi...
Havalarda iri taşlı billur avizeler yanıyor...
Her tanesi içinden aydınlanan,
Şeffaf üzüm salkımları sallanıyor havalardan...


N.Hikmətin epik poeziyası daha çox ictimai-siyasi səciyyə daşıyır. “Cakonda və Si-ya-u”, “İnsan mənzərələri”, “Qurtuluş davası dastanından”, “Moskva simfoniyası”, “Zoya” və s. poemalarda problemə obyektiv baxış və münasibət insanı hadisələrindən düzgün nəticə çıxarmağa sövq edir, geniş poetik lövhələrdə həyatın ictimai-siyasi mənzərəsi əksini tapır.
N.Hikmətin dramaturji yaradıcılığı özünün ideya-məzmun genişliyi və sənətkarlıq keyfiyyətləri ilə seçilir. Onun “Ocaq başında”, “Daş ürək”, “Piramida”, “28 yanvar”, “Güc bizdədir” adlı ilk səhnə əsərlərində dramatizm zəifliyi müşahidə olunsa da ideya müxtəlifliyi, mövzunun həyatla əlaqəsi və s. məsələlər əhəmiyyətli görünür. Nazim Hikmətin bir dramaturq kimi formalaşmasında xalq tamaşalarının, rus və Avropa dramaturji ənənələrinin böyük təsiri olmuşdu. Məs., onun “Ocaq başında” adlı ilk pyesi Avstriya teatr truppasının İstanbula qastrol səfəri zamanı şairdə yaratdığı təəssüratlar nəticəsində yazılmışdır. “Piramida”, “Ayın on dördüncü günü”, “İmperializm” dramlarında sosial bərabərsizlik tənqid olunmuş və sinfi mübarizələr əksini tapmışdı. “Güc bizdədir” pyesində İstanbul zavodlarının birində çalışan insanların türk xalqının birliyi arzuları və xoşbəxtliyi uğrunda apardığı mübarizə diqqəti cəlb edir.
“Kəllə” əsərində cəmiyyət eyiblərinə qarşı kəskin etiraz və mübarizəyə çağırış əsas yerlərdən birini tutur. İlkin variantda “Əmtəə” adlanan bu əsər yenidən işlənilmiş və “Kəllə” adı ilə çap olunmuşdu. Əsərdə hadisələr “Dollaryan” şərti adı ilə təqdim olunan bir şəhərdə baş verir. Dram əsərində hər şeyin pul üzərində qurulduğu, hətta vicdanın alınıb-satıldığı bir şəhərdə Dalbanezonun simasında namuslu insanların faciəsi təsvir olunur. Namuslu insan kimi Dalbanezo əsərdə tək deyil. İnsani keyfıyyətləri ilə seçilən Pedro da bu sırada dayanır. Dalbanezo ixtisasca həkimdir. O, vərəm xəstəliyindən əzab çəkən qızının həyatını xilas etmək üçün dərman hazırlamaq istəyir. Onun nəinki qızını, həm də bütün bəşəriyyəti xilas edə biləcək vərəm əleyhinə hazırlayacağı dərman haqqında mətbuatda gedən informasiya hay-küyə səbəb olur. Vərəm əleyhinə sanatoriyalar birliyinin üzvləri Vilyams və Paolino yalançı vədlər verməklə Dalbanezonu dərman hazırlamaq üçün hər cür şəraiti olan laboratoriyaya dəvət edirlər. Lakin dərman hazır olmağa yaxın vicdanını satmış bu iki şəxs dərmanı məhv edir və müqavilə şərtlərini pozmaq adı altında yalançı ittihamla Dalbanezonu həbs etdirirlər. Dərman ehtiyacının yaratdığı fəsad onun qızının ölümünə səbəb olur. Dalbanezo həbsxanadan çıxandan sonra səfıl həyat sürür və bir müddətdən sonra ölür. Pul üzərində qurulan cəmiyyət üzvləri Dalbanezonun meyidindən də əmtəə kimi istifadə edib onun kəlləsini pula satırlar. Əsər cəmiyyət qüsurlarının tənqidi və bu cəmiyyətə qarşı mübarizə ideyasının təbliği baxımından əhəmiyyətlidir.
N.Hikmətin 1935-ci ildə qələmə aldığı “Şöhrət və ya unudulmuş adam” pyesi “Kəllə” əsərində qoyulan problemə başqa bir formada baxışı əks etdirir. Qeyd edək ki, bu əsər sonrakı nəşrlərdə “Unudulmuş adam” adı ilə çap olunmuşdur. Professor, doktor, assistent, fotoqraf, xidmətçi və s. obrazların iştirak etdiyi bu əsərdə şöhrət xəstəliyinə tutulmuş insanların acınacaqlı taleyi ümumbəşəri faciə tipində təqdim olunur. Əsərin əsas obrazı olan cərrah öz şöhrəti üçün həyatda hər cür addım atmağa, hər nəyə göz yummağa hazırdır. O, şöhrətini qorumaq üçün gənc arvadının öz assistenti ilə gizli görüşlərinə göz yumur, qızının bu görüşlə bağlı məlumatlarına etinasızlıq göstərir. Ona elə gəlir ki, arvadının xəyanəti cəmiyyət arasında yayılsa, şöhrətini itirə bilər. Cəmiyyətdə şöhrət tapmış cərrah hər axşam qəzetlərdə özü haqqında dərc olunmuş yazılara baxır, onlardan qürur duyur. Lakin iş elə gətirir ki, cərrah bu barədə bir az düşünməli olur. Çünki təsadüfən qəzetdə “Unudulmuş adamlar kitabxanası” adlı hekayəni oxuyur və hekayədə şöhrətini itirən bərbər, idmançı və yaşlı bir kişinin həyatı haqqında oxuduqları onda böyük narahatçılıqlar yaradır. Bu səhnədə müəllif onun şöhrət barədə ziddiyyətli, birtərəfli baxışlarına aydınlıq gətirmək istəyir. O, başa düşür ki, qazanılan şöhrət bir an içində itirilə bilər. Bu qorxu onu şöhrəti qorumaq naminə hər şeyə vadar edir. O, qeyri-qanuni hamilə qalmış qızını öz şöhrəti yolunda maneə hesab edir. İnsanların bu xəbəri bilməməsi üçün cərrahiyyə yolu ilə qızının uşağını məhv etmək istəyir. Əməliyyat zamanı qızı öldüyündən cərrah həbs olunur. Həbsxanadan çıxandan sonra cərraha cəmiyyətdə yer tapılmır. Çünki cəmiyyətin insana baxışlarında anormallıq hökm sürür. Bu cəmiyyətdə insanlara hörmət şəxsiyyət və qabiliyyətinə görə deyil, vəzifəsinə, maddi imkanlarına və bu kimi digər cəhətlərinə görə bildirilir. Əsərdə müəllif cərrahı birtərəfli obraz kimi verməyib. Bütün bunlarla yanaşı, cərrah həm də xeyirxah və humanist insan təsiri bağışlayır. Məs., N.Hikmət əsərdə cərrahın kimsəsiz, imkansız bir qadının kor uşağını pulsuz əməliyyat etməsi və ona qayğı göstərməsi səhnələrində bu insanın hərtərəfli planda göstərilməsini təmin edir.

Elman Quliyev

filologiya üzrə elmlər doktoru, professor

Bu xəbər oxundu
- - -