Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Aramızda heç vaxt ziddiyyət olmayıb”

19.02.19, 8:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanlılarla çeçenlər arasında münasibətlər uzun illərdir yüksək səviyyədə inkişaf edir. Bizimlə onlar arasında heç vaxt ziddiyyət olmayıb. Hətta, I çeçen müharibəsi dövründə (11 dekabr 1994-31 avqust 1996) Rusiya bizi günahlandırırdı ki, biz onlara silah-sursat, könüllülər göndəririk və s.
Bunu açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Onun sözlərinə görə, əslində münasibətlərin xarakteri ondan ibarətdir ki, bizim bir-birimizə heç bir iddiamız yoxdur:
“Eyni dini mənsubiyyətmiz var. Demək olar, eyni regionda – Qafqazda yerləşən müsəlman toplumuq. Bizim aramızda ümumiyyətlə, həqiqətən heç vaxt heç bir ziddiyyət və qarşıdurma baş verməyib. Amma çox güman ki, bu, müəyyən dairələri qıcıqlandırır. Ehtimal etmək olar ki, Moskvadakı müəyyən erməni qruplaşmaları, xüsusilə zəngin dairələr bizim münasibətlərimizi korlamağa hazırdırlar. Onlar müəyyən fayda qazanmaq üçün bunu edirlər. Bu məqsədlə də bizi bir-birimizə vuruşdurmaq məqsədi güdürlər”.
F.Sadıqov daha sonra deyib: “Çox sevindirici haldır ki, Moskvadakı həm Azərbaycan, həm də çeçen diasporunun nümayəndələri sağlam düşüncəli addımlar ataraq vaxtında bu qığılcımı söndürə bildilər. Bu o deməkdir ki, sağlam düşüncəli münasibətlər üstünlük qazanır. Bu həm də o deməkdir ki, bizim münasibətlərimiz bundan sonra da sağlam məcrada inkişaf edəcək. Nə qarşıdurma, nə də ziddiyyətli münasibət müşahidə olunmayacaq. Çünki bunun qarşısını alan qüvvələr kifayət qədər sağlam düşüncəli qüvvələrdir. Biz bu kimi hallara heç vaxt yol verə bilmərik”.
Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlılarla çeçenlər arasında məişət zəminində insident baş verib.

Bu xəbər oxundu
- - -