Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İrəvan xanlığının inzibati-ərazi bölgüsü

19.02.19, 12:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

15-ci yazı

Rus qoşunları tərəfindən İrəvan qalasının sonuncu mühasirəsi zamanı Hüseynqulu xan bütün var-dövləti və ailəsi ilə birlikdə Maku qalasına sığınmışdı. Göstərilən arxiv sənədləri və mənbələrə əsasən belə qənaətə gəlmək olar ki, Maku xanlığı Hüseynəli xanın dövründə (1759-1783) İrəvana tabe olmuş və İrəvan xanlığı işğal olununa qədər onun tərkibində qalmışdı. Əldə edilən mənbələr və digər mənbə səciyyəli sənədlər əsasında İrəvan xanlığının sərhədlərini belə bərpa etmək olar: Xanlıq qərb və cənub- qərb tərəfdən Osmanlı dövləti ilə həmsərhəddir. Onun qərb tərəfdən sərhəddi Qars paşalığını Şuragöl və Talın mahallarından ayıran Arpa çayıdır. Arpa çayının Araza töküldüyü yerə qədər İrəvanın Qars paşalığı ilə sərhəddi 50 verstə qədərdir. Buradan sərhəd xətti Arazı keçməklə, Kağızman sancağını Dərəkənd-Parçenis mahalından ayıran Qəbir dağ sıldırım dağları boyunca cənub-qərb istiqamətində Arazdan Koroğlu dağına qədər 30 verst, buradan cənub-şərqə dönərək Balıq gölünə qədər 50 verst, sonra düz şərqə Sürməli mahalını Bəyazid paşalığından ayıran kiçik Alagöz dağının yüksəklikləri istiqamətində uzanır. Cənubdan İrəvan xanlığı onun tərkibinə daxil olan Maku tərəfdən Xoy xanlığı ilə, cənub-şərq istiqaməində isə Araz çayına doğru seyrələn daşlıq qayalardan onu ayıran Naxçıvan xanlığının Xok mahalı ilə həmsərhəddir. Şərq tərəfdən sərhəddi onu Qarabağ xanlığından ayıran Tərtər çayıdır.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, şimaldan Somsixetiya və Borçalı, şimal-şərqdən xanlığı Qazax, Şəmşəddil sultanlıqlarından və Gəncə xanlığından ayıran Eşşəkmeydandan (Eşşəkmeydan Dərəçiçək mahalını Qazax sultanlığından ayıran dağlarla əhatə olunan təpəli düzənlikdir - E.Q.), Gil, Şatanağac və Gədikbarat yüksəkliyinə, şimal-qərbdən Pəmbək vasitəsilə Axalsıx paşalığına qədər uzanırdı.
Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığı da inzibati-ərazi quruluşu baxımından mahallara, mahallar isə kəndlərə bölünürdü. Mahalları adətən xan tərəfindən təyin olunan mahal naibləri idarə edirdi. Naiblər isə iri feodallar arasından seçilirdi. Azərbaycanın digər xanlıqlarından fərqli olaraq İrəvan xanlığında mahal rəisləri mirbölük adlanırdı. Kəndləri isə naib, yaxud məlik idarə edirdi. Azərbaycan kəndlərini idarə edən başçıya naib, erməni kəndini idarə edənlərə isə məlik deyilirdı.
Müstəqil xanlıq yarandığı zaman onun mahalları haqqında statistik məlumat olmadığından uzun illər yarımmüstəqil bir qurum kimi fəaliyyət göstərmiş İrəvan əyalətinin inzibati-ərazi quruluşunu nəzərdən keçirməklə, bəzi məsələlərə aydınlıq gətirmək olar. Bununla da müstəqil xanlıq yaranana qədər onun ərazisinin tarixi sərhədlərinin siyasi hadisələrlə əlaqədar necə dəyişdiyini izləmək mümkündür. Qeyd etmək lazımdır ki, İrəvan bir əyalət kimi uzun müddət Səfəvi imperiyasının Çuxursəd bəylərbəyliyinin tərkibində mövcud olaraq mürəkkəb tarixi yol keçmişdi. Bu əyalət XVI əsrin əvvəllərindən başlayan Səfəvi-Osmanlı müharibələri zamanı daima əldən ələ keçərək bu və ya digər ölkənin ərazisinə qatılmışdı. Müxtəlif dövrlərdə İrəvan əyalətinin mahalları haqqında müəyyən məlumata Osmanlı mənbələrində də rast gəlmək olar. Belə ki, İrəvan mahalları haqqında ilkin məlumat verən mənbə «İrəvan əyalətinin müfəssəl dəftəri»dir. Bu mənbəyə görə, 1578-1590-cı illərdə Səfəvi-Osmanlı müharibəsindən sonra Osmanlı Türkiyəsinin tərkibinə qatılan İrəvan əyaləti 10 nahiyədən (mahaldan) ibarət olmuşdu. Bunlar İrəvan, Gərni, Vedi, Aralıq, Talın, Ərmus, Ərmavi, Abnik, Abaran və Şərabxana idilər. Lakin XVII əsrin əvvəllərində bu əyalət yenidən Səfəvi dövləti tərəfindən geri qaytarılaraq, XVIII əsrin 20-ci illərinə qədər Çuxursəd bəylərbəyliyi adı altında mövcud olmuşdu. Mərkəzi İrəvan şəhəri olmaqla bu bəylərbəyliyə Naxçıvan və Maku əraziləri də daxil idi.
XVII əsirin axırı-XVIII əsrin əvvəllərində Səfəvi dövləti dərin iqtisadi və siyasi böhran keçirdiyindən, Osmanlı dövləti XVIII əsrin 20-ci illərin əvvəllərində Azərbaycana müdaxilə etdı. Nəticədə, İrəvan ərazisi yenidən bu dövlət tərəfindən işğal edildi. 1728-ci ildə osmanlılar tərəfindən tərtib edilən ikinci «İrəvan əyalətinin müfəssəl dəftəri»nə görə, həmin əyalətin inzibati-ərazi quruluşu belə olmuşdu: İrəvan şəhəri, Qırxbulaq, Körpü, Maku, Xınzırək, Gərni, Vedi, Dərəçiçək, Abaran, Göyçə, Məzrə, Sürməli, İğdır, Aralıq, Şərur, Sədərək, Zərzamin və Şoragöl. Mənbədən göründüyü kimi, həmin illərdə əyalətin ərazisi osmanlıların apardığı inzibati-ərazi islahatı nəticəsində xeyli genişlənmiş və 18 nahiyəyə (mahala) bölünmüşdü. Maku və Naxçıvanın bəzi əraziləri İrəvan əyalətinə birləşdirilmişdi.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, sonralar görkəmli sərkərdə Nadirin apardığı müharibələr nəticəsində Azərbaycanın digər əraziləri ilə bərabər İrəvan əyaləti də osmanlılardan geri alınmışdı. Onun apardığı inzibati-ərazi dəyişikliyi nəticəsində İrəvan ayrıca əyalət kimi Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil edilmişdi. Erməni katolikosu A.Kretatsi Nadir şah Əfşarın dövründə İrəvan əyalətinin 9 mahala - İrəvan, Körpü, Qırxbulaq, Şoragöl, İğdır, Gərni, Abaran, Şirakavan (Talın-E.Q.) və Geqarkuniyə (Göyçə mahalı-E.Q.) bölündüyünü göstərirdi. Görünür ki, şahın apardığı inzibati-ərazi islahatı nəticəsində Vedi, Dərəçiçək, Məzrə, Sürməli, Aralıq, Şərur mahalları İrəvan əyalətinin tərkibinə daxil edilməmişdi.
İrəvan müstəqilləşdikdən sonra öz tarixi torpaqlarına yiyələnə bilmişdi. Belə ki, İrəvan xanlığı ərazi baxımından xeyli geniş əraziləri əhatə edirdi. Bir mənbəyə görə, XVIII əsrin ikinci yarısında İrəvan xanlığında 12 mahalın olması, digər bir məlumata görə isə onun mahallarının sayının 20-ə çatdığı göstərilmişdi. Rus qoşunlarının baş komandanı general Paskeviçin 1827-ci il iyunun 27-də qraf Nesselrodeyə ünvanladığı məktubunda İrəvan xanlığında 16 mahalın olmasını yazırdı. Onun bu məlumatı xüsusilə əhəmiyyətlidir. Yuxarıda deyilənləri nəzərə alsaq, general Paskeviç çox güman ki, İrəvan xanlığının mahalları sırasına Makunu da daxil etmişdi. Lakin bu tip mənbələrdə İrəvan xanlığının mahallarının sayı haqqında məlumat verilsə də onların adları, əhatə etdiyi əraziləri göstərilməmişdi.
İrəvan xanlığının mahalları haqqında İ.Şopenin əsəri bizə daha dolğun məlumat verir. Onun «Rusiyaya birləşdirmə dövründə Erməni vilayətinin tarixi abidəsinin vəziyyəti» adlı əsərində göstərilirdi ki, son İrəvan xanı Hüseynqulu xanın (1806-1827) dövründə İrəvan xanlığının 15 mahalı olmuşdu. Müəllif 1829-1832-ci illərdə apardığı kameral siyahıyaalınmada İrəvan xanlığının mahallarının sayını göstərməklə bərabər, onların sərhədlərini də təsvir edir. İ.Şopen yazırdı ki, «Xanlıq böyük hissəsi axar çaylarla sərhədlənən, inzibati bölgü təşkil edən bir şəhər, 15 mahal və dairəyə bölünürdü».
Bu mahallar əsasən Araz çayının hər iki sahilində qərarlaşmışdı. 13 mahal Arazın sol sahilində, 2-i isə sağ sahilində yerləşmişdi. Mahallar çaylar və bu çaylardan çəkilmiş süni arxlar vasitəsilə bir-birindən ayrılırdı. Beləliklə, İ.Şopenin qeyd etdiyi İrəvan xanlığının mahalları aşağıdakılardır:

1. Qırxbulaq mahalı
2. Zəngibasar mahalı
3. Gəmibasar mahalı
4. Vedibasar mahalı
5. Şərur mahalı
6. Sürməli mahalı
7. Dərəkənd-Parçenis mahalı
8. Göyçə mahalı
9. Saatlı mahalı
10. Talın mahalı
11. Seyidli-Ağsaqqallı mahalı

Bu mahalların sərhədləri və onların tərkibinə daxil olan kəndləri nəzərdən keçirək. Qeyd etmək lazımdır ki, İ.Şopen bəzi mahalların yerləşdiyi ərazini təsvir edərkən sərhədlərində qeyri dəqiqliyə yol vermişdir. İlk növbədə Qırxbulaq mahalını nəzərdən keçirək. Bu mahal Dərəçiçəklə Zəngibasar mahalları arasında yerləşirdi. O, şərq tərəfdən onu Göyçə gölündən ayıran dağlarla, şimaldan Dərəçiçək mahalı ilə, cənubdan İrəvan şəhəri, Zəngi çayı, cənub qərbdən Qərnibasar mahalı, qərbdən isə Körpübasar mahalları ilə həmsərhəd idi. Mahalın ərazisindən axan Qırxbulaq çayı kəndlərin su mənbəyi hesab olunurdu. Qırxbulaq mahalı 48 kənddən ibarət idi. Bu kəndlərdən 26-sı müharibələr nəticəsində dağıdılmışdı.
Zəngibasar mahalı İrəvan qalasının aşağı hissəsindən cənuba doğru uzanırdı. Bu mahal şimal və şimali-qərbdən Körpübasar və Qırxbulaq mahalları, cənubdan Araz çayı, şərqdən Gərnibasar, qərbdən isə Sərdarabad mahalları ilə həmsərhəd idi. Mahalın 33 kəndi var idi. Onun 7 kəndi müharibələr nəticəsində dağıntıya məruz qalmışdı.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, Gərnibasar mahalı Araz çayının sol sahilində yerləşirdi. O, şimaldan Qırxbulaq mahalı, cənubdan Vedibasar mahalı, şərqdən Göyçə mahalını ondan ayıran yüksək dağlarla, qərbdən Zəngibasar mahalı və Araz çayı ilə həmsərhəd idi. Araz çayının sağ sahili ilə Ağrı dağı arasında yerləşən kəndlər də bu mahala daxil idi. Mahalın əsas su mənbəyi Gərni çay idi. Gərnibasar mahalı 95 kənddən ibarət olmuş və bu kəndlərdən 43-ü müharibələr nəticəsində dağıdılmışdı.
Vedibasar mahalı Araz çayının sol sahili boyunca yerləşirdi. Vedibasar şimaldan Qarnibasar mahalı, cənub və cənubi-şərqdən Şərur mahalı və Naxçıvan xanlığı, şərqdən Göyçə mahalı, qərbdən Araz çayı ilə həmsərhəd idi. Bu mahal Vedi və Qafan çaylarının suyunu götürdüyü dağlar və habelə düzənlikdən ibarət idi. Vedibasar mahalı 54 kəndə malik idi və müharibə nəticəsində bu kəndlərdən 33-ü dağıdılmışdı. Körpübasar mahalı xanlığın ən zəngin mahallarından biri idi. O, şimaldan Seyidli-Ağsaqqallı, cənubdan Zəngibasar, qərbdən Sərdarabad, şərqdən onu Qırxbulaq mahalından ayıran Zəngi çayı, şimali-şərqdən isə Dərəçiçək mahalı ilə həmsərhəd idi. Bu mahalın kəndləri Gərni çayı ilə suvarılırdı. Mahalın kəndlərinin sayı 49-a çatırdı. Onlardan 9 kənd müharibələr nəticəsində dağıdılmışdı.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -