Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycanın böyük imkanları var ”

20.02.19, 9:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Azərbaycanın böyük imkanları var və o, istədiyi silahı əldə edir. Rusiyadan başqa heç bir ölkə isə Ermənistana kreditlə silah verməz. Azərbaycan, misal üçün, Türkiyədən F-16-ları ala bilər. Bu təyyarələri Türkiyə və ABŞ birgə istehsal edir, o cümlədən ixrac edirlər. Təbii ki, bu təyyarələrin Azərbaycana satılması üçün ABŞ-n razılığı olmalıdır. Düşünürəm ki, Vaşinqton F-16-ların Azərbaycana satılmasına razılıq verəcək”.
Bu fikirləri rusiyalı hərbi politoloq Pavel Felqenqauer deyib.
Politoloq bildirib ki, Azərbaycan Rusiyadan da döyüş təyyarələri, elə Su-30SM-ləri ala bilər: “Moskva Bakının belə bir istəyini dərhal yerinə yetirər. Hətta Azərbaycana birbaşa zavod istehsalı olan təyyarələr satılar. Yeni istehsal edilənlər yalnız Çinə satılıb, lakin Azərbaycana da satılması mümkündür. Azərbaycan həmçinin, Rusiya mühərriki ilə təchiz olunmuş Pakistan və Çinin birgə istehsal etdiyi təyyarəni də ala bilər. Lakin hazırda ən real variant Türkiyədən almaqdır”.
Hərbi ekspert Üzeyir Cəfərlinin fikrincə isə F-16 qırıcılarının Azərbaycana satılması nəzəri baxımdan mümkündür:
“Düşünmürəm ki, ABŞ Azərbaycana bu təyyarələri satsın və hətta Azərbaycan bu təyyarələrdən almaq istəsin. Amma Azərbaycan Amerika istehsalı olan 4 hərbi helikopter alıb. Həmin helikopterlər də ötən ilk keçirilən hərbi paradlarda nümayiş olunub. Baxmayaraq ki, münaqişə vəziyyətində olan tərəflərə silah satışı ilə bağlı embarqo var, amma Azərbaycan bu helikopterləri əldə edib. Mütləq deyil ki, həmin döyüş vasitələri Amerikanın özündən alınsın. F-16 təyyarələri müasir olduğu qədər də bahalıdır. Azərbaycan F-16-sız da rahat şəkildə öz hərbi tələbatını qarşılaya bilər. Bu o demək deyil ki, Azərbaycanın yeni silahlara ehtiyacı yoxdur. Ehtiyac həmişə var. Lakin indiki məqamda bizim təcili bir işimiz yoxdur ki, mütləq şəkildə F-16 qırıcısı alaq. Hər halda, bu günə qədər Azərbaycanda Hərbi Hava Qüvvələri və Hərbi Hava Hücumundan Müdafiə Qoşunlarının silah-sursatı ölkənin öz hava məkanını tam şəkildə qorunmasına imkan verir”.
Hərbi ekspert F-16 təyyarələrinin digər qırıcılardan üstünlüklərini də izah edib:
“F-16-ların digər modellərə nisbətən manevr imkanları daha çoxdur. Bu təyyarə ilə hədəfi müəyyən edib sıradan çıxarma göstəriciləri, malik olduğu avadanlıq bu tip təyyarələrinkindən xeyli fərqlənir. Pilotlar bu tip təyyarələrdə döyüş tapşırığını yerinə yetirəndən sonra hədəfdən yayınmaq, müxtəlif manevrləri yerinə yetirmək üçün çoxlu imkanlara sahib olurlar. Ona görə də bir çox ölkə bu təyyarələrə sahib olmaqda istəklidir”.
Üzeyir Cəfərli rusiyalı politoloqun Azərbaycanın Rusiyadan SU-30 qırıcılarını almaq iddialarını da cavablandırıb:
“Ermənistan artıq həmin təyyarədən 4 ədəd alıb. Ondan 2-ni də almaq istiqamətində aparılan müzakirələr isə yekunlaşıb. Rusiya, sözsüz ki, kompleks şəkildə işləyir. Həm təbliğat, həm də təşviqat istiqamətində çalışır. Yəni Ermənistan alıb və məqamdır ki, Azərbaycan da alsın. Amma bu gün Hərbi Hava Qüvvələrinin bazasında olan döyüş maşınları kifayət qədər ciddi potensiala malikdir. Bizim Hərbi Hava Qüvvələri və Hərbi Hava Hücumundan Müdafiə Sistemimiz Ermənistandan qat-qat üstündür. Bu, keçmiş SSRİ dövründə də elə idi, indi də belədir. Çünki Azərbaycan strateji nöqtədə yerləşir. Burada mühüm hərbi qərargahlar yerləşirdi. Müstəqillik dövründə də Azərbaycan bu ənənəni davam etdirir. Ermənistan da Azərbaycanın hərbi gücündən xəbərdardır. Rusiya isə bu məqamda Azərbaycanı seçim qarşısında qoymağa çalışır. Lakin biz gizlətmirik Azərbaycanda 2019-cu ildə İtaliya istehsalı olan döyüş-təlim təyyarələri və Pakistan istehsalı olan təyyarələrinin havaya qalxması gözlənilir. Bu məsələ ilə bağlı bütün problemlər öz həllini tapıb”

Bu xəbər oxundu
- - -