Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Şəhər-qala İrəvan

22.02.19, 12:18
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

18-ci yazı

Şəhər hamamları həm yerli əhalinin, həm də şəhərə gələn əcnəbi qonaqların istirahət yeri idi. Hamamlar ortasında suölçəni olan kürəşəkilli qübbə və kümbəzlə ortülmüş bir neçə böyük zalı olan dördkünc otaqlardan ibarət idi. Bura su xüsusi tikilmiş anbarlardan çəkilmiş su kəməri vasitəsilə verilirdi. İsti su qıraq otaqdan borularla ötürülürdü. Su odun əvəzinə xüsusi şəkildə qurudulmuş təzəklə qızdırılırdı. Həftənin iki günü hamamlardan qadınlar istifadə edirdi. Şəhər xanımları səhər tezdən təmtəraqla hamama gedirdilər, onun ardınca xalça, yastıq, yorğan, şərbət, qəlyanaltı, hər cür şirniyyat aparılırdı. Burada tanışlar bir-birini uca səslə salamlayır, yeniliklərdən danışır və bütün şəhərin dedi-qodusunu toplayırdı.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, toyqabağı hamamlar daha dolu olardı. Bu da azərbaycanlıların toy qabağı bəy və gəlinin yaxın adamlarının müşayətilə təntənəli surətdə hamama aparması adətləri ilə bağlı idi. İrəvan şəhərində olan hamamlar bunlardır: 1. Şəhər məhəlləsində Şeyx-ül islama məxsus hamam; 2. Zalıxan hamamı; 3. Mehdi bəy hamamı; 4. Hacıbəyim hamamı; 5. Təpəbaşı məhəlləsində Şeyx-ül islam hamamı; 6. Hağı Əli hamamı; 7. Qafar və yaxud Hacı Fətəli hamamı; 8. Kərim bəy hamamı.
Şəhərdə əhalinin müxtəlif idman oyunlarının keçirdiyi və bir yerə yığılıb söhbət etdiyi 5 meydan vardı: l. Əsas meydan Xanbağı adlanırdı; 2. Bazarla qala arasında olan meydan; 3. Zalı xan meydanı; 4. Fəhlə bazarı; 5. Hüseynəli xan meydanı. Sonuncu meydan ən çox idman oyunları və digər tədbirlərin keçirildiyi meydan idi. O, dördkünclü formaya malik olmaqla bərabər, ticarət köşkləri ilə əhatə olunmuşdu.
İrəvan şəhəri müxtəlif meyvə və üzüm bağları əhatəsində idi. Bağlar yaz və yay aylarında şəhərə xüsusi gözəllik verirdi. Bu bağların sayı 1473-ə bərabər idi. İrəvan sırf Azərbaycan şəhəri idi. Əvvəla, burada Azərbaycan xanları otururdu. İkinci bütün yer, çay və məhəllə adları sırf Azərbaycan - türk adları idi. Şəhərdə əhalinin əksəriyyəti Azərbaycan türklərindən ibarət idi.
Beləliklə, Azərbaycanın digər xanlıqlarında olduğu kimi İrəvan xanlığı inzibati-ərazi bölgüsü baxımından mahallara, mahallar isə kəndlərə bölünmüşdü. Mövcud olduğu müddət ərzində xanlığın mahalları siyasi vəziyyətlə əlaqədar olaraq daima dəyişikliyə uğramışdı. Mahallar coğrafi vəziyyətinə, kənd təssərüfatına və s. görə bir-birindən fərqlənirdi.
Azərbaycanın digər xanlıqları kimi, İrəvan xanlığı da tipik feodal dövləti idi. Ali hakimiyyət xana, yaxud sərdara məxsus idi. Xan yaxud sərdar mütləq hakim hesab olunurdu. Hakimiyyət irsi idi və atadan oğula keçirdi. Lakin İrəvan xanlığında tez-tez hakimiyyət dəyişikliyi olduğundan xanların bəzisi Qacar İran şahı tərəfindən təyin olunmuşdu. Bütün qanunvericilik, icra hakimiyyəti və məhkəmə sistemi bilavasitə sərdarın əlində cəmləşmiş, ölkənin daxili və xarici məsələləri ilə bağlı bütün işlər onun razılığı əsasında həyata keçirilirdi. Ümumiyyətlə, xanlıqda bütün işlərin icrası onun iradəsindən asılı idi. İ.Şopen qeyd edirdi ki, «Xan hesabat vermədən vergi yığır, pul kəsir, özünün xüsusi əmrinə görə, cinayətkarları ölümlə, gözlərini çıxarmaqla və bədən üzvlərini kəsməklə edam etdirirdi. Bir sözlə, xan mütləq hakim idi».
Bu faktı təsdiqləyən İ.Berezinin fikrincə, «xan tam müstəqil şəxs idi... O, heç kimdən soruşmadan, heç kimə hesabat vermədən, dərəcəsindən asılı olmayaraq, kimi istəsə edam edə, bağışlaya, qova və cəzalandıra bilərdi. Xan bütün icra və məhkəmə hakimiyyətini, hətta şəriət-dini qanın işlərini də öz əllərində cəmləşdirmişdi». İ.Dubrovin isə xan hakimiyyətini dinlə, xalqın adət-ənənəsi ilə hesablaşmayan qatı despotik rejimi kimi dəyərləndirərək yazırdı ki, «Müsəlman əyalətinin bütün silkləri xanın vahid iradəsinə tabe idi. Zorakarlıq və özbaşnalıq xan hakimiyyətinin əsasını təşkil edirdi. Xan bütün qanunları, qul vəziyyətində olan əhalinin bütün hüquqlarını öz əlində cəmləşdirən nadir şəxs idi. Xan üçün təbəələri arasında silk fərqi yox idi. Xanın arzusundan asılı olaraq, bu günkü qul sabah bəy ola bilərdi, və ya əksinə. Hətta xana ən yaxın adam günahı üzündən ölənəcən döyülürdü. Heç bir xan hakim kimi xalqın yaxşı yaşayışı üçün vəzifə borcunu yerinə yetirmirdi. Heç bir xan bütün vasitələrlə xalqdan var-dövlət yığmaqdan yüksək heç nə tanımırdı. Daha sonra o, qeyd edir ki, «hamı üzərində bütün hakimiyyəti ələ alan xan dinə əsaslanmır və hesablaşmırdı». Lakin orta əsirlərdə dinin güclü olduğu zamanda xanların dinlə hesablaşmaması fikri tam yanlışdır. Digər tərəfdən əhali arasında nüfuz sahibi olan din xadimləri hakimiyyətin əsas dayaqlarından biri idi. Xanlar nəinki dinlə, yeri gəldikcə adət-ənənə ilə də hesablaşırdı. Ona görə də, A.Bakıxanov haqlı olaraq yazırdı ki, «Xanlar şəriətin əsas qanunlarını və xalqın adət-ənənəsini pozmaq hüququna malik deyildi».
Hakimi-mütləq olmasına baxmayaraq, xanlar lazım gəldikdə adət ənənəyə tabe olmalı idi. Əks halda onların həyatı faciyə ilə nəticələnərdi. Bu barədə səyyah M.Biberşteyn haqlı olaraq yazırdı: «Əgər xan sonsuz səlahiyyət sahibi kimi birinə cəza verirdisə, bu hal bəd əməl kimi qiymətləndirilirdi və əgər o, adət-ənənənin əleyhinə olaraq öz hökmünü bu şəkildə göstərməkdə davam edərdisə, həmin yerdə Məhəmməd şəriəti qanunlarından başqa bir qanun qüvvədə deyildisə, bu hərəkət xan üçün faciə ilə nəticələnə bilərdi». Bundan əlavə, xan mütləq hakim olsa da, hakimiyyətini möhkəmləndirmək və var-dövlətinin qayğısına qaldığı üçün yeri gəldikcə xalqla hesablaşmalı olurdu. Bunu biz İrəvan xanlarının xəzinəni doldurmaq üçün kəndlilərə torpaq paylamasında, boş torpaqlarda yerləşdirməsində, onları kotanla, toxumla təchiz etməsində, ticarətə sərmayə qoymasında görürük. Xüsusilə, sonuncu sərdar Hüseynqulu xanın idarəçiliyi nəticəsində İrəvan xanlığında kənd təssərüfatı, sənətkarlıq və ticarət güclü inkişaf etmişdi.
Məhz bu baxımdan rus qafqazşünalardan fərqli olaraq İ.P.Petruşevski xan hakimiyyətini belə təsvir edirdi: «Azərbaycanda hökm sürən siyasi pərakəndəlik və xanların bir-biri ilə arası kəsilməyən müharibələri şəraitində, onlar kəndli kütlələrini hədsiz dərəcədə qıcıqlandırmamaq üçün feodal istismarını müəyyən həddə saxlamağa çalışır, hətta ona bəzi hallarda patriarxal adət-ənənə donu geydirməyə cəhd göstərirdilər. Onlar kənd icmalarının hüquqları, adət-ənənəsi ilə... hesablaşmalı olurdular».
Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, qeyri-məhdud hakimiyyətə baxmayaraq, xanın yanında xüsusi məsləhətçi şura «Divan» da fəaliyyət göstərirdi. Divan xan başda olmaqla yüksək vəzifəli şəxslərdən ibarət idi. Divanda mühüm, dövlət əhəmiyyətli məsələlər müzakirə olunurdu. Burada müharibə, sülh, vergi yığılması və qatı cinayətlər kimi bu və ya digər məsələlər həll edilirdi. İrəvan xanının yanında fəaliyyət göstərən divanda ən yüksək vəzifəni vəzir, xanın yaxın adamları və hər birinin müəyyən fəaliyyət sahəsi olan bir neçə mirzə və din xadimlərindən şeyx-ül-islam tuturdu. Divanın başçısı divanbəyi hesab olunurdu. O, xanın ən yaxın adamlarından və yaxud nüfuzlu ruhanilərdən təyin olunurdu. Divanbəyilərin müəyyən məsələlərin həllində böyük rolu olurdu.
Xandan sonra ikinci ən mühüm şəxs vəzir sayılırdı. Vəzir mülki aparatın başçısı və xanan ən yaxın məsləhətçisi idi. Bu vəzifəyə xana sədaqətli, savadlı, bacarıqlı və dövlət işlərindən başı çıxan şəxslər təyin edilirdi. Vəzir yüksək məvacib alırdı və bu məvacib xəzinədən ödənilirdi. Məsələn, Hüseynəli xan (1759-1783) elm adamlarından olan Mirzə Məhəmmədəliyə vəzirlik vəzifəsinə təyin edərkən verdiyi təliqədə deyilirdi: «...Həmin təriflər ali şöhrətli, böyük mərtəbəli, alimlərin fəxri, yüksək nəslə mənsub, iş bilməkdə, ağılda, rütbədə, nöqsanları görməkdə başqalarından fərqlənən Mirzə Məhəmmədəliyə də aiddir. Həmin üstün cəhətləri nəzərə alaraq Divanın əzəmətli vəzirlik vəzifəsini ona tapşırırıq. Mirzə Məhəmmədəliyə ildə Təbriz pulu ilə qırx tümən məbləğində məvacib təyin olunur. Həmin məvacib ona İrəvan ölkəsinin maliyyəsindən ödənilməlidir». Bundan əlavə, xanlıqda bu vəzifəni tutan daha iki məşhur vəzirin adı bizə məlumdur. Bunlardan Məhəmməd xanın vəziri Məhəmməd Müslümü (Qüdsi) və Hüseynqulu xanın maliyyə işlərinə baxan vəziri Mirzə İsmaylı qeyd etmək olar. Mirzə İsmayl işğaldan sonra xanlığın maliyyə sistemi haqqında İ.Şopenə çox qiymətli məlumat vermişdi.
İrəvan xanlığında dövlət idarəçiliyi bir neçə sahəyə bölünürdü və bu sahələrə xanın rəhbərliyi altında ayrı-ayrı şəxslər başçılıq edirdi. Birinci sərdarın saray təsərrüfatı, xüsusilə şəxsi hərəmxanası idi. Bu sahəyə adətən xanın özü və yaxud ən sevimli adamlarından biri olan eşikağası başçılıq edirdi. Eşikağası türk sözü olub sarayın ağası deməkdir. Eşikağası vəzifəsi irsi idi. Bu vəzifəni icra edən ailə xüsusi imtiazlara və üstünlüklərə malik idi. Hüseynəli xanın dövründə eşikağası vəzifəsi Hacı Məcnun bəy Qacara həvalə olunmuşdu. O, öldükdən sonra eşikağası vəzifəsinə oğlu Hacı İbrahim bəy təyin olunmuşdu.
İkincisi hərbi sahə idi. Bu haqda sonar bəhs ediləcək. Üçüncü sahə maliyyə bölməsi idi. İrəvan xanları maliyyə işinə böyük diqqət yetirirdilər. Onların zərbxanaları vardı və burada pul kəsilirdi. Bu sahə vergilərin təyin olunması və yığılması ilə məşğul olurdu. Maliyyə işinə vəzir başda olmaqla xan tərəfindən təyin olunmuş sərkər-ali baxırdı. Nəhayət, dördüncü sahə icraedici və yaxud polis idi. Bu sahə maliyyə ilə sıx bağlı idi. Əsasən, vergilərin yığılması, asayişin qorunması polisə həvalə olunmuşdu. Bu orqan şəriət məhkəmələrinin çıxardığı hökümü də icra edirdi.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -