Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Putin Rusiyanı iflasa aparır

01.03.19, 11:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiya iqtisadiyyatı “digər liqaya” necə daxil olur?

Dekabr ayında Vladimir Putin bəyan edib ki, Rusiya iqtisadiyyatı “digər liqaya daxil olmalıdır”. Amma əgər Kremlin xarici siyasətdəki kartlarını hara qoyduğuna baxsaq, onda görərik ki, bu prioritet tamamilə anlaşılmazdır. Rusiya bu yaxınlarda gövdəsində nüvə silahı daşıya bilən iki strateji bombardmançı təyyarəni Venesuelaya göndərməklə növbəti avantüraya girişib. ABŞ dövlət katibi Maykl Pompeo bu məsələyə etinasızlıqla yanaşaraq deyib: “Korrupsiyalaşmış iki dövlət xalq pullarını necə gəldi israf edərək, azadlığı boğurlar, onların xalqları isə əziyyət çəkir”. Həqiqətən də Venesuelada çıxılmaz iqtisadi vəziyyətdir, Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, bu il oradakı inflyasiya çox yüksək olacaq.
“Newsweek” (ABŞ) yazır ki, ABŞ da öz iqtisadiyyatına vergilər tətbiq edərək xaricdəki müharibələrə böyük pullar sərf edir. ABŞ Koreyaya, Vyetnama, Əfqanıstana və İraqa müdaxilə edib. Soyuq müharibə zamanı Amerika Sovetlərin Nikaraquaya, Anqolaya və Afrika buynuzu dövlətləri kimi çoxsaylı yoxsul ölkələrə müdaxiləsinin qarşısını almaq üçün böyük vəsaitlər xərcləyib. Lakin Vaşinqtonun xarici siyasətindəki əsas prioriteti ABŞ iqtisadiyyatının dinamik möhkəmlənməsi və dünya iqtisadiyyatının böyüməsi olub. 1997-1998-ci illərdəki Asiya maliyyə böhranı zamanı Federal Ehtiyatlar Sistemi (FES) bu böhrandan daha çox əziyyət çəkən ölkələrə yardım edilməsində lider rolunu öz üzərinə götürmüşdü. Bu hadisədən 10 il keçəndən sonra dünya maliyyə böhranı başladı və FES qlobal səviyyədə bunun qarşısının alınması ilə əlaqədar tədbirlər gördü.
O ki qaldı ticarətə, hələ Obama administrasiyası zamanı ABŞ və həmçinin əlavə 11 ölkə Sakit okean əməkdaşlığı ilə bağlı danışıqlar aparırdılar. Hərçənd ki, Tramp administrasiyası bu layihəni ləğv etdi və şübhəli ticarət müharibələrinə başladı, amma onun administrasiyası Kanada, Meksika və Cənubi Koreya ilə mühüm ticarət sövdələşmələrini yenilədi. Yanvar ayında ABŞ ədalətli ticarət və innovasiya yolundakı əngəlləri aradan qaldırmaqla bağlı tədbirlər görülməsi barəsində Avropa Birliyi və Yaponiya ilə razılaşıb.
Lakin Rusiya xarici siyasəti digər yolla gedir. Kreml daha çox siyasi ambisiyaya söykənir. Rusiya öz ərazisi ətrafında təsir sferası yaratmağa və fövqəldövlət statusu əldə etməyə çalışır. Burada onun başlıca məqsədi qlobal miqyasda ABŞ və Qərbin təsirinə qarşı durmaqdır. Amma Kremlin səyləri çox vaxt ona baha başa gəlir və heç bir nəticə vermir.
Ukraynanın şərqindəki müharibə, Krımın maliyyə resurslarıyla təmin edilməsi və Qərb sanksiyaları Rusiyanı birbaşa və ya bilavasitə böyük iqtisadi itkilərə məruz qoyur. ”Bloomberg Economics” agentliyinin hesabına görə, sanksiyalar dörd il ərzində Rusiya Federasiyası iqtisadi böyüməsinin 6% -nə başa gəlib. Rusiyanın həmin istiqamətdəki qeyri-hərbi xərcləri ölkəni 0,3% illik Ümumi Daxil Məhsuldan məhrum edib. Rusiyanın separatizm yoluyla Gürcüstan və Moldaviyadan işğal etdiyi ərazilər də subsidiyalar tələb edir. Hətta dinc əməkdaşlığa yönəlmiş səylər də məyusluq doğurur. Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstanın tərkibində olduqları Avrasiya İqtisadi İttifaqı yeni təşkilat olsa da, onların iqtisadi inteqrasiya həyata keçirmək cəhdləri artıq əngəllərlə qarşılaşır.
Rusiyanın fövqəldövlət olmağa can atması ona baha başa gəlir. Suriyaya hərbi müdaxilə səhiyyəyə, təhsilə və sosial təminata çəkilən xərclərin azaldılması ilə nəticələnib. Digər yandan Rusiya Bəşər Əsəd rejimini dəstəkləyir və oradakı mülkü obyektləri havadan bombalayır, Qərb isə ona qarşı daha sərt sanksiyalar tələb edir.
Suriya Rusiyadan daha çox xərclər istəyə bilər. Keçən ilin avqustunda BMT Suriyadakı yeddi illik vətəndaş müharibəsinin ölkəyə vurduğu maddi zərəri hesablayıb və bu məbləğin 388 milyard dollar olduğunu açıqlayıb. Rusiya narahatdır ki, ölkədəki dağıntıların bərpasına yardım etmədiyinə görə suriyalılar onları bu dağıntıların səbəbkarı kimi ittiham edə bilərlər. Bir il əvvəl yüksək vəzifəli rusiyalı diplomat Brüsseldə bildirmişdi ki, Avropa Birliyinin Suriyaya “on milyardlarla dollar”yardım göstərməsinin vaxtıdır.
Rusiya Venesuelada pul səpir və əsasən də, bu ölkənin enerji sektoruna 25 milyard dollar yatırıb. Rusiya Səddam Hüseynin devrilməsindən öncə İraqda da bu cür riskə getmişdi və nəticədə 12,9 milyard dollar itirmişdi. Əgər Maduro hökuməti ayaq üstə qala bilsə, onda bu Rusiya üçün ağır yük olacaq. Venesuelanın neft sektoru bərbad vəziyyətdədir, Amerikanın yeni sanksiyaları və hiperinflyasiya iqtisadiyyatı daha da zəiflədəcək. Hakimiyyətin dəyişməsi isə Rusiya investorları üçün böyük risk yaradacaq.
Özü üçün bəzi dərslər çıxaran Kreml xeyli riskli planlardan imtina etməyə başlayır. Dekabrda Rusiyanın iri neft şirkəti “Rosneft” İran ilə müştərək həyata keçiriləcək 30 milyard dollar həcmindəki layihəyə investisiya yatırmaqdan imtina edib. Belə ki, İrana qarşı yönəlmiş ABŞ sanksiyaları və həm də ki, Tehran tərəfindən irəli sürülən təkliflərin cazibədar olmaması nəzərə alınıb.
Amma daha bir mənfi tərəf var. Kremlin keçən il həyata keçirdiyi pensiya islahatı geniş xalq etirazına səbəb olub. Bəzi rusiyalılar hesab edirlər ki, bu islahatları Suriyadakı, Ukranyanadakı “xarici avantüraya” görə keçiriblər. Rusiyadakı ictimai rəyi öyrənən mərkəz bildirir ki, həmin pensiya islahatı Putin hökumətinin populyarlıq reytinqini 33,4 % aşağı salıb.
Bütün problemlərə baxmayaraq, dünyadakı mövcud iqtisadi qaydalar inkişaf üçün ölkələrə geniş imkanlar verir. 2016-cı ildə Rusiya dünya ölkələri arasındakı Ümumi Daxili Məhsulun həcminə görə 12-ci yerdə gedib və dünyanın ən böyük neft ixaracatçısı olub. Hələ vaxtilə ABŞ prezidenti Obama deyirdi: “G 20 qrupunun heç bir görüşündə Rusiya mühüm məsələlər üzrə gündəliyi müəyyənləşdirən ölkə olmayıb”.
Qloballaşmanın məhsulundan istifadə etməklə və inkişaf edən ölkələrlə normal əlaqələr qurmaqla Rusiya öz iqtisadi potensialını böyüdə və eyni zamanda da, xalqın həyat şəraitini yaxşılaşdıra bilər. Əgər Rusiya dünya ilə pozitiv münasibət formalaşdırarsa, onda onlar beynəlxalq təşkilatlarda öz təsirini yüksəltmək istiqamətində irəliləyərl. Digər yandan isə Kreml öz iqtisadiyyatını məhv edən diktator rejimlərindən üz döndərərək, məhz öz ölkədaxili maraqlarına diqqət ayırarsa, onda bunu etmək daha asan olar.

Bu xəbər oxundu
- - -