Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Silah baronları

11.03.19, 11:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İsrailin əsas silah ixrac etdiyi ölkələr Hindistan, Azərbaycan və Vyetnamdır

Stokholm Beynəlxalq Sülh Problemləri İnstitutu (SİPRİ) illik hesabatını yayıb. Təşkilat öz hesabatında dünyanın ən böyük silah satışının siyahısını tərtib edib. Hesabata əsasən, 2014-2018-ci illərdə dünyada silah ixracı 2009-2013-cü ildəki göstəricidən 7,8%, 2004-2008-ci ildəkindən isə 23% artıq olub. 2009-cu ildən 2018-ci ilə qədər Yaxın Şərqə silah axını 87%-ə artıb, digər bölgələrə silah axını isə azalıb. 2014-2018-ci illərdə dünyanın ən böyük silah satıcıları ABŞ, Rusiya, Çin, Fransa və Almaniya olub. Ümumdünya silah ixracının 75%-i bu ölkələrin payına düşüb.
Dünyanın ən böyük silah ixracatçısı statusuna yenə ABŞ sahib olub. ABŞ silah ixracının 36%-ni əlində cəmləyib. Vaşinqton 2013-cü ildən bu yana bazardakı payını 6% artırmağı bacarıb. ABŞ həmçinin istehsal etdiyi silahların böyük qismini Səudiyyə Ərəbistanı, Avstraliya, BƏƏ-yə göndərib. Yaxın Şərqin ümumi silah idxalının 52%-i də ABŞ-ın payına düşüb. ABŞ bu bölgəyə eksport etdiyi silahların həcmini 137% artırıb. Bu artımın əvəzində Avropa, Asiya, Okeaniya və Amerika ölkələrinə ixrac azalıb.
Ondan sonrakı yerdə Rusiya qərarlaşıb. Moskva dünya silah ixracatındakı mövqelərini itirmək tendensiyasının qarşısını ala bilməyib. Belə ki, Moskvanın bu istiqamətdəki payı 27%-dən 21%-ə qədər geriləyib. Moskva 2014-2018-ci illərdə silahlarını daha çox Hindistan, Çin və Əlcəzairə satıb. Fransa, Almaniya və Çin isə Rusiya və ABŞ-dan çox geri qalıblar. Belə ki, üç ölkənin bazardakı birgə payı 18,4% təşkil edib. Təl-Əviv dünya silah bazarının 3,1%-nə nəzarət edir. İsrailin əsas silah ixrac etdiyi ölkələr arasında Hindistan, Azərbaycan və Vyetnam yer alıb.
Ukrayna (12-ci yer) isə 2009-2013-cü illərdəki göstəricilərini pisləşdirib. Belə ki, 2014-2018-ci illərdə Kiyevin dünya silah ixracatı bazarındakı payı 2,7%-dən 1,3%-ə düşüb. Kiyevdən fərqli olaraq Türkiyə (14-cü yer) bazardakı payını xeyli artırıb. Artıq Ankara bazarın 1%-ni öz nəzarətinə keçirə bilib. 2014-2018-ci illərdə Ankaranın silah ixrac etdiyi ölkələr arasında ilk üçlüyü BƏƏ, Türkmənistan və Səudiyyə Ərəbistanı tutub.
Belarus (20-ci yer) bazardakı mövqelərini itirməyə başlayıb. Belə ki, onun bazardakı payı 0,5%-dən 0,3%-ə qədər geriləyib. Minsk son dörd ildə silahlarını əsasən, Vyetnam, Myanmar və Sudana göndərib. 2014-2018-ci illər arasında ən böyük silah idxalçıları Səudiyyə Ərəbistanı, Hindistan, Misir, Avstraliya və Əlcəzair olub. Dünyadakı silah idxalının 12%-i Səudiyyə Ərəbistana aiddir. Bununla Ər-Riyad 4 il ərzində idxalatını 192% artırmış olub. Səudiyyə Ərəbistanı silahlarını daha çox ABŞ, Britaniya və Fransadan alıb.
Siyahıda ikinci yerdə qərarlaşan Hindistan 2009-2013-cü ildən fərqli olaraq idxalatını azaldıb. Belə ki, son 4 ildə Dehli dünyada istehsal edilən silahların ümumilikdə 9,5%-ni idxal edib. Türkiyə bu siyahıda 13-cü yerdə qərarlaşıb. 2014-2018-ci illər ərzində ümumi silah idxalının 2,3%-i Ankaraya aiddir. Ankara bu illər ərzində daha çox ABŞ, İspaniya və İtaliyadan silah import edib.
Azərbaycan (23-cü yer) da SİPRİ-nin siyahısında yer alıb. Belə ki, ölkəmiz 2014-2018-ci illərdə silah idxalını 15% artırıb və dünyada silah idxalatının 1,3%-nə sahib olub. İdxal etdiyimiz silahların 51%-i Rusiyanın, 43%-i İsrailin, 2,8%-i isə Türkiyənin payına düşüb.

Bu xəbər oxundu
- - -