Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycanın ilk gündən seçdiyi siyasi kurs unikaldır”

13.03.19, 7:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ Avrasiya, Mərkəzi Asiya və Avropaya Rusiyanın təbliğatının və təsirinin azaldılması üçün yarım milyard dollar pul ayırmağı planlaşdırır. Bu maliyyənin qarşılığında adıçəkilən regionlarda ABŞ-ın Rusiya təsirinə qarşı aktiv fəaliyyəti nəzərdə tutulur. Politoloq Tofiq Abbasovun fikrincə, ümumiyyətlə, ABŞ-ın iqtisadi müharibələr aparma texnologiyası günbəgün dünyada geniş vüsət alır: “Görürsünüz ki, Cənubi və Mərkəzi Amerikadan tutmuş ta Avrasiya materikinə qədər, ABŞ-ın özünə düşmən saydığı ölkələrlə bağlı münasibəti durmadan gərginləşir. İqtisadi müharibələrin, sanksiya siyasətinin son nəticəsi qlobal və iqtisadi proseslərin, ölkələr arasında qarşılıqlı əməkdaşlığın iflic vəziyyətə salınması ilə nəticələnə bilər. Çünki istər-istəməz vahid dünya düzəni var və dövlətlər, bloklar, ittifaqlar hamısı bir-birinə bağlıdır. Onların arasında anlaşma olmasa, bu prosesdən ilk növbədə qlobal təhlükəsizlik zərər çəkir. Son illərin təcrübəsindən əyani şəkildə görürük ki, ABŞ hər hansı ölkəni məhdudiyyətlərə qərq etmək istəyirsə, ilk növbədə onlara qarşı qara piar kampaniyası aparmağa başlayır. Dünya mediasına, beyin mərkəzlərinə tapşırıqlar verir və böyük maliyyə vəsaitləri ayırır ki, onlar qarayaxma kampaniyalarını həyata keçirsinlər. ABŞ təkcə Rusiyanı, Çini deyil, həm də bu dövlətlərlə münasibəti olan məmləkətləri də qara buludlarla əhatələyir ki, onların da problemləri yaransın. Avrasiya məkanında Rusiyanın vacib yeri var. Rusiyanı sərhədlərinin perimetrinə görə hətta qitə də adlandırırlar. Yəni onun böyük əraziləri var və bir çox dövlətlər onunla bilavasitə sərhəddir. Odur ki, ABŞ bir əli ilə dünyada yeni nizam yaratmağa çalışır, digər əli ilə isə həmin nizamı dağıdır. Belə getsə, dünya iqtisadiyyatı, dünyada qlobal təhlükəsizlik arxitekturası tədricən çökəcək”.
Politoloq Trampın yeni planı və Rusiyaya qarşı aktiv fəaliyyətinin Azərbaycana hər hansı formada təsir edə biləcəyinə də münasibət bildirib. Qeyd edib ki, Azərbaycan Rusiya ilə həmsərhəddir, qonşudur. Eyni zamanda, Xəzər bölgəsində bizim böyük, vahid və ortaq planlarımız var. Ölkələrimiz bir çox beynəlxalq layihələrdə müştərək iştirak edir. Yəni bütün bu proseslərin təmin olunmasında bizə iki ölkə arasında heç bir məhdudiyyət olmaması lazımdır. Əgər ABŞ Rusiyaya qarşı fəaliyyətini genişləndirərsə, təbii ki, Azərbaycan da bu proseslərdən həm əziyyət çəkəcək, həm də ahəngdarlıq prinsipi pozulacaq. Ona görə də mən deyərdim ki, ABŞ burada yalnız öz maraqlarını düşünür. Başqa dövlətlərin taleyi ABŞ-ı düşündürmür. Belə münasibət sağlam, qarşılıqlı əməkdaşlıq, qonşuluq prinsipləri ilə tam ziddiyyət təşkil edir: “Azərbaycan özgələrin oyunlarında özünü görmür və başqa dövlətlərin münasibətlərinə müdaxilə etmir. ABŞ da, Rusiya da güclü dövlətlərdir, onların öz çəkiləri var. Onlar aralarında olan problemləri həll edə, adlayıb keçə bilmirlər. Əlbəttə, onların dağıdıcı təsirləri bütün tərəflərə yayılır. Bu baxımdan da Azərbaycan öz neytral mövqeyini saxlamağa çalışacaq. Yəni bizə başqalarının qarşıdurmasında tərəfkeşlik etmək lazım deyil. Bu bizim öz amalımıza, prinsiplərimizə ziddir. Biz İran və Rusiya ilə həmsərhəd dövlətik. Azərbaycanın ilk gündən seçdiyi siyasi xətt, kurs unikaldır. Biz başqa oyunlarda, çirkin əməllərdə nə iştirak edirik, nə də onlara münasibət bildiririk”.

Bu xəbər oxundu
- - -