Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Poroşenko iqtisadiyyatı dirçəldə bilmədi“

14.03.19, 11:45
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Ukraynanın hazırki prezidenti Petro Poroşenko prezident seçkilərinin ikinci turuna keçmək üçün bütün imkanlarını səfərbər edib. Buna baxmayaraq, Poroşenkonun komandası son günlər laxlayır. Çünki, bəziləri hesab edir ki, Poroşenko məğlub olsa, onların ağır günləri başlaya bilər. Ona görə də gəmini tərk etməyə hazırlaşırlar. Məsələn, daxili işlər naziri Arsen Avakov artıq Poroşenkonun əleyhinə açıqlamalar verir”. Bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Poroşenkonun özü də anlayır ki, məğlub olsa ona və tərəfdarlarına qarşı əcinnə ovu başlayacaq: “Əsas namizədlərdən biri aktyor Zelenski deyib ki, prezident seçilsə Poroşenkonu həbs edəcək. Rəqibləri Poroşenkonun prezident olduğunu illərdə varidatının artıdığını bildirirlər, halbuki Ukrayna son illərdə kasıblaşıb. Ancaq bunun obyektiv səbəbləri var. Poroşenko prezident seçiləndə Krım və Donbasın bir hissəsi itirilmişdi, nazirliklər dağılmışdı, ordu və təhlükəsizlik sistemi yox idi. Poroşenko bunları sıfırdan yaratdı, müharibə davam edirdi. Poroşenko iqtisadiyyatı dirçəldə bilmədi, sosial problemlər artdı. Poroşenkonun prezident olduğu illərdə iqtisadiyyatda və sosial problemlərin həllində qazandığı elə bir uğuru yoxdur.
Ən çox səslənən suallardan biri budur ki, necə olur ki, aktyor Zelenski bütün reytinq cədvəllərində birincidir. Məsələ burasındadır ki, ukraynalılar mövcud siyasətçilərdən beziblər. Siyasətçilər verdikləri vədləri yerinə yetirə bilməyiblər. Ukraynalılar ona görə Zelenskiyə üstünlük vermirlər ki, bu artistin prezident kimi böyük uğur qazanacağına inanırlar. Sadəcə, ukraynalılar mövcud siyasətçiləri cəzalandırmaq üçün Zelenskiyə üstünlük verirlər. Kobud desək, pislə ən pis arasında birinciyə üstünlük verirlər.
Fikrimcə, Zelenskinin və ya Timoşekonun prezident seçilməsi də Ukraynanı ağ günə çıxarmayacaq. Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb odur ki, Ukrayna siyasi baxımdan rəngarəng ölkədir, şərqin bir hissəsi Moskvaya ümidlə baxır, paytaxt və qərb bölgələri isə Avropanı seçir. İkisi arasındakı baxışlarda böyük uçurum var. Üstəgəl Ukraynanın sənayesi dağılıb və onu yenidən bərpa etmək problematikdir. Subyektiv səbəblər odur ki, korrupsiya ölkəni bürüyüb, oliqarxlar siyasi sistemi nəzarətdə saxlayırlar. Digər tərəfdən Ukraynanı dirçəltmək üçün kənar yatırımlara ehtiyacı var. Bunu isə heç bir dövlət və maliyyə institutu Ukraynaya ayırmaq istəmir. Ayrılan milyardlar Ukraynanın köklü problemlərini həll etmədi. Ona görə də böyük dövlətlər və beynəlxalq maliyyə instutları daha Ukraynaya pul vermək istəmirlər. Bu səbəbdən Ukraynanın istənilən prezidenti Poroşenkonun üzləşdiyi eyni çətinliklərlə üzləşəcək və onları həll etməkdə “sehrli çubuğa” malik olmayacaq”.

Bu xəbər oxundu
- - -