Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Orta Şərqdə sülh və təhlükəsizlik problemi müzakirə olunub

15.03.19, 6:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ərəb Liqasının sabiq baş katibi: “Regionda qarşılıqlı etimad bərpa olunmalıdır”
Dünən VII Qlobal Bakı Forumu çərçivəsində “Orta Şərqdə sülh və təhlükəsizlik” paneli keçirilib.
Panelin moderatoru, Ərəb Liqasının sabiq baş katibi Əmir Musa deyib ki, Orta Şərqdə hazırda anarxiya hökm sürür, İranın regional siyasəti problemlərə yol açır. Onun sözlərinə görə, Şimali Afrika da bu regiona daxil edilməlidir. Avropa ölkələrinin Şimali Afrikada rəqabəti də problemlərə yol açır, Liviya buna bir nümunədir. ABŞ və İsrailin siyasətinin regionda yaratdığı problemlərdən söz açan Ə. Musa Rusiyanın da regiona qayıtdığını söyləyib: “Düzgün idarə etmənin olmaması bu regiona xas problemdir. Ancaq hazırda regionda daha ciddi problemlər yaranıb”.
Sabiq baş katib Orta Şərdə sülh və təhlükəsizliyin bərpasının bərpasının yollarının axtarılmalı olduğunu vurğulayıb: “Regionda qarşılıqlı etimad bərpa olunmalıdır. Ancaq bu yöndə sualların cavabı tapılmayıb”.
Kral Faysal İslam Tədqiqatları Mərkəzinin sədri Turki əl Faysal bin Əbduləziz Əl Səud bildirib ki, Orta Şərqdə münaqişələrin sonu hələ görünmür: “Yaranmış acınacaqlı vəziyyətə görə dünya ictimaiyyəti də məsuliyyət daşıyır. Biz bu gün Orta Şərqdəki münaqişələrin acı nəticəsini ümumən dünyada hiss etməliyik. Belə təəssürat yaranır ki, Orta Şərqdə İsrail-Fələstin münaqişəsi sonsuzluğa qədər davam edəcək. Biz bu münaqişənin həlli yolunu tapmalıyıq. 2000-ci ildən sülh danışıqları aparılsa da, İsrail rəhbərliyi sülh təkliflərinin heç birini qəbul etməyib. İsrailin heç bir rəsmisi indiyə qədər münaqişənin həli yolu ilə bağlı müraciət etməyib. Dünya ictimaiyyəti münaqişənin həllində sözünü deməlidir. Düşünürəm ki, Türkiyə, İran, ABŞ və Rusiya kimi oyunçular regionun gələcəyinə böyük töhfə verəcək”.
Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin son onilliklərdə Ora Şərqdə qeyri-stabillik nümayiş olunduğunu qeyd edib: “Demokratiya, daha yaxşı həyat arzusu Ərəb baharını ortaya çıxarıb. Ancaq nəticə arzulandığı kimi olmayıb. Dağılan dövlətlər, dağıntılar, miqrasiya, radikalizm, terrorizm kimi problemlər ortaya çıxıb. Digər tərəfdən, insanların gözləntiləri ilə dövlətlərin bacarıqları arasında fərqlər var. Populist və avtoritar liderlərin artması daha çox qeyri-müəyyənlik ortaya çıxarır, dövlətlərin də problemləri həll etmək bacarıqları azalır”.
H. Çətin Orta Şərqdə İsrail-Fələstin münaqişəsi, Suriya böhranı, Səudiyə Ərəbistanı və İran qarşıdurmasının regionda həyata keçirilən siyasətin nəticələri olduğu qənaətindədir: “Avtoritarizm idarəetmənin gücünü azaldır, nəticədə radikal, terrorçu cərəyanlar ortaya çıxır. Regional əməkdaşlıq bu problemləri həll etmək üçün vacibdir. Regional əməkdaşlıq qaçqın probleminin də həllinə kömək edər. Bunun üçün dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılmalı, xarici dövlətlərin müdaxiləsinə son qoyulmalıdır”.
İsrailin sabiq xarici işlər naziri Tzipi Livni qeyd edib ki, münaqişələrin aradan qaldırılması üçün ilk növbədə onları yaradan səbəblərə diqqət yetirilməlidir: “Bu bölgədə İsrail problem deyil, İran, HƏMAS öz dini ideologiyasından əl çəkmir. Ekstremist ideologiyaya tək İran sahib deyil. Fələstinlə münaqişənin həllində İsrail təzyiqlərlə üzləşir. Biz əsasən fələstinlilərlə danışıqlar aparmalıyıq. Fələstinlə danışıqara üçüncü tərəfi cəlb edə bilmərik. 2013-cü ildə qarşılıqlı razılığa gəldik, sülh danışıqlarının çərçivəsini yaratdıq. Ancaq təəssüflər olsun ki, danışıqlar nəticəsiz bitdi. Burada şikayətlər bir tərəfə yönəldilir, bu, ədalətsiz yanaşmadır. Biz fövqəl güclərdən danışdıqdan ABŞ-dan bəhs edirik. İsraildə ABŞ-dan gözləntilər çoxdur. Ancaq münaqişədə əsas iki tərəf İsrail və Fələstindir. ABŞ üçün seçim İsaril və Fələstini dəstəkləmək yox, sülhü dəstəkləmək olmalıdır. Mən hazırda danışıqların son gedişi barədə məlumatlı deyiləm. Fələstin rəhbərliyi tarixi qərar vermək iqtidarında deyil, İsrail da qarşı tərəfə ümidini itirir. Regionda problemlərin həlli İsrail-Fələstin münaqişəsinin həllindən keçir. BMT və ABŞ sülh üçün tarazlaşdırılmış mövqe ortaya qoymalı, sülh danışıqları danışıqlar xatirinə aparılmamalıdır. Suriya nümunəsi göz önündədir. ABŞ və Rusiya Suriyaya qoşunlarını yeridib, nəticə göz önündədir. Problemlərin həllində güclü liderlik tələb olunur”.
Ərəb dünyasının vahid mövqeyinin nəzərə alınmalı olduğunu söyləyən Ə. Musa isə fələstinlilərin özlərinin son sözü deməli olduğunu vurğulayıb.
İordaniyanın sabiq baş naziri Taher Masri İsrailin yəhudi dövləti olduğu barədə qərar qəbul etməsinin yanlış olduğunu bildirib: “Çünki İsraildə milyonlara fələstinli yaşayır. Mən amerikalı, israilli siyasətçilərlə görüşmüşəm, bir çox ideya ortaya qoyulub. Ancaq real vəziyyət dəyişməyib. İordaniya ilə İsrailin sülh müqaviləsi var və biz münaqişənin həlli üçün əlimizdən gələni edirik. Təəssüflər olsun ki, İsrail Fələstin torpaqlarının işğalını davam etdirir. İran və “Hizbullah”-la bağlı danışmaq istəmirəm, İsrailin Fələstin torpaqlarını işğal etməsi xeyli əvvəl başlayıb. İran və “Hizbullah” bizi təmsil etmir, onları bəhanə etməyək. İsrail torpaqları işğal etdiyi ilə razılaşırsa, danışaq, İsrail torpaqlardan çəkilsin. Problemin kökü İsrail işğalından başlayıb”.
İtaliyanın sabiq xarici işlər naziri Ancelino Alfano Orta Şərqin Aralıq dənizinin də bir hissəsini əhatə etməsinə diqqət çəkib: “Mən ilk növbədə Liviya və Suriyadan qaçqın axınına diqqət çəkmək istəyirəm. Paralel olaraq Avropa ölkələrinin paytaxtlarında artan terror aktlarını da unutmamalıyıq. İsrail-Fələstin problemi, “Ərəb baharı”, sünni və şiə qarşıdurması, İran problemi, Yəməndə vətəndaş müharibəsi birbaşa və dolayı Aralıq dənizi regionunu əhatə edir. Biz münaqişələrin həlli üçün ilk növbədə dinlərarası dialoqu gücləndirməliyik. Dinlər və məzhəblər arasında dialoqu təşviq etməliyik. Terrorizmin qarşısının alınmasına çalışmalıyıq, bu, demokratiyanın bərqərar olmasına mane olur”.
İslam Əməkdaşlıq Təşkilatının sabiq sədri Əkmələddin İhsanoğlu Orta Şərqdə gələcəyə dair ortaq baxışın olmamasına diqqət çəkib: “Orta Şərq xalqları gələcəyə ümidli baxmır. Biz gələcəyə ümidli baxış formalaşdırmalıyıq. Osmanlı İmperiyası çökəndən sonra Böyük Britaniya bu ərazidə ərəb dövlətləri yaradıb ki, bu da münaqişələrə gətirib çıxarıb. SSRİ-nin yaranması ilə dünyada ikiqütblü dünya formalaşdı, Orta Şərqdə ziddiyyətlər kəskinləşdi. SSRİ-nin süqutundan sonra da Orta Şərqdə stabillik yaranmadı. Qərbdəki sülh Orta Şərqdə də bərqərar olmalıdır. Orta Şərq xalqları arasında əməkdaşlığa nail olunmalıdır. Bunun olmaması kənar müdaxilələrə gətirib çıxarır. Birinci Dünya Müharibəsindən sonra kapitalizm maraqları Orta Şərqdə avtoritar rejimlərin yaranmasına gətirib çıxardı. Regionda normal idarəetmənin yaranması vacibdir. Hər kəsin azadlıqları, hüquqları tanınmalıdır. Radikal qüvvələrin, ekstremist cərəyanların qarşısının alınması üçün cəmiyyətlərin modernləşməsi vacibdir. Orta Şərqdə iqtisadi əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olmalıdır. Yeni dünya barədə düşünürüksə, bu məqamları nəzərə almalıyıq. Biz regional savaşın qarşısını almağa çalışmalıyıq. Savaşda hansı tərəfin qalib gəlməsinə yox, əməkdaşlığın inkişafına çalışmalıyıq. Biz ikinci “Marşal planı”nı bu regiona tətbiq etməliyik. Bu günkü Avropanın əsasını birinci Marşal planı qoyub”.
İsrailin sabiq xarici işlər naziri Tzipi Livni İsrail dövlətinin yaradılmasıınn BMT-nin qərarında əksini tapdığını xatırladıb: “Burada İsrailin torpaqları işğal etdiyi tez-tez səslənir. İsrail BMT-nin qərarı ilə qurulub, ancaq o zaman ərəblər bunu qəbul etmədi. İsraildə əhalinin 20 faizi ərəblərdir və yəhudilərlə eyni hüquqlar var. Münaqişənin həlli üçün hər iki tərəfdən güzəştlər tələb olunur. Kimin günahkar olması barədə mübahisələrə diqqət yönəldilsə, biz münaqişənin həllinə nail ola bilmərik. İsrailli olaraq İran ideologiyasını problemlərin səbəbi olaraq qeyd etmişdim. İran, Hizbullah, HƏMAS tək İsrailə qarşı deyil, dünyaya qarşıdır”.

Bu xəbər oxundu
- - -