Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Məhkum edilmiş şəxslərin əfv edilməsi hər şeydən əvvəl böyük humanizmdir”

18.03.19, 8:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Hikmət Babaoğlu: “Davamlı hüquqi islahatlar cəza siyasətinin humanistləşdirilməsi üçün şərtlər formalaşdırır”

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı icra olunub.
Sərəncamın icrası Milli Məclisin deputatlarının, Ombudsman Aparatının, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, əfv komissiyasının üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki 1, 2, 4, 6, 9, 10, 11, 15, 16, 17, Bakı İstintaq Təcridxanası və digər cəzaçəkmə müəssisələrində həyata keçirilib. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrinə gələrək, Sərəncamın icrasını vaxtında və yüksək səviyyədə təmin ediblər.
Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar.
Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə, o cümlədən qadınlar, ahıllar və digər məhkumlara azad olunmaları barədə sənədləri təqdim ediblər.
Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edən Penitensiar Xidmətin rəhbərliyi, Ədliyyə Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, Ombudsman Aparatının əməkdaşları və digərləri Novruz bayramı münasibətilə məhkumlara və onların ailə üzvlərinə təbriklərini çatdırıblar. Çıxış edənlər bu humanist aktın mahiyyəti və əhəmiyyətə barədə danışıblar. Vurğulayıblar ki, əfv Sərəncamı bir qayda olaraq, cəzaçəkmə müəssisələrində nümunəvi davranışları ilə fərqlənən, həqiqətən islah olunmuş məhkumlara şamil edilir. Əfv olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarına, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə və cəmiyyətə adaptasiya olacaqlarına əminlik ifadə edilib.
Bildirilib ki, son illər Azərbaycanda insan hüquqlarının təmini istiqamətində bir sıra humanist qərarlar qəbul olunub. Prezident İlham Əliyevin martın 16-da imzaladığı və ümumilikdə 431 nəfərə şamil olunmuş əfv Sərəncamı da bu humanizm aktlarının tərkib hissəsidir.
Qeyd edilib ki, təməlini ulu öndər Heydər Əliyevin qoyduğu humanizm siyasəti Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Bu gün əfv və amnistiya institutları daha çevik və işlək mexanizmə çevrilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da Ulu Öndərin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış edərək amnistiya təşəbbüsləri irəli sürür.
Ümumilikdə, 1995-ci ildən bu günədək Azərbaycanda əfvlə bağlı imzalanan fərman və sərəncamlarla 8 minə yaxın, qəbul olunmuş amnistiya aktları ilə isə 30 minə yaxın şəxs azadlığa buraxılıb. Dövlətimizin başçısının humanist təzahürü olaraq, 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamı insan haqlarının, o cümlədən azadlıq hüququnun qorunmasına xidmət edir. Ötən dövrdə bu mühüm sənədin icrası çərçivəsində cinayət qanunvericiliyinin dekriminallaşdırılması minlərlə şəxsin müxtəlif cəzalardan azad olunmasına səbəb olub. Həmçinin azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi genişləndirilib.
Azadlığa çıxan şəxslər və onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə, mərhəmətlik siyasətinə və Novruz bayramı ərəfəsində imzalanan əfv Sərəncamına görə dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Cəzadan azad olunan şəxslər cəmiyyətə qovuşaraq müstəqil dövlətimizin inkişafı yolunda fəaliyyət göstərəcəklərini bildiriblər.
Xatırladaq ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər Sərəncama əsasən, cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər, həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən, üç nəfər islah işləri, bir nəfər ictimai işlər, 12 nəfər isə cərimə cəzasından azad edilib. Əfv olunan şəxslər arasında xarici ölkələrin vətəndaşları da var.
Bu əfv Sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirir, xalqın dövlətə, ədalətə inamını daha da artırır.
Millət vəkili Musa Qasımlı deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanması məhkum üzvü olan ailələrin bayram sevincinə əlavə sevinc qatdı.
Millət vəkili Prezident İlham Əliyevin əfv sərəncamı verməsini dövlət başçısının növbəti böyük humanist addımı kimi dəyərləndirib: "Əfv sərəncamının verilməsi cənab Prezidentin səlahiyyətlərinə daxil olan məsələdir. Bu dəfə də dövlətimizin başçısı böyük humanist addım idi. Məhkum olunmuş insanlar ailələrinə, qohumlarına, dost və tanışlarına qovuşdu. Prezident İlham Əliyev həmin ailələrin Növruz bayramı sevincinə əlavə sevinc qatdı, onlara xoş əhvali-ruhiyyə bəxş etdi. Dünyada insanlara sevinc bəxş etməkdən daha gözəl nə ola bilər ki?"
Millət vəkili Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanması artıq ənənə halını alıb və belə sərəncamların hər biri yüzlərlə vətəndaşımızın ailələrinə sonsuz sevinc bəxş edib. O bildirib ki, məhkum edilmiş şəxslərin əfv edilməsi hər şeydən əvvəl böyük humanizmdir: “Buna paralel olaraq həm də Azərbaycanda həyata keçirilən davamlı hüquqi islahatlar cəza siyasətinin humanistləşdirilməsi üçün şərtlər formalaşdırır. Xüsusi təhlükəli hallar istisna olmaqla təcridetmədə cəzanın yüngülləşdirilməsi imkanları yaradır. Bu sərəncamla 400 yüzdən çox vətəndaşımız əfv edildi. Onların içərisində xarici ölkə vətəndaşları da var idi. Əfvetmə cəmiyyətimizdə, onun ictimai rəyində olduqca müsbət hadisə kimi qarşılandı və şübhəsiz ki, ümumi ictimai həmrəylik baxımından əlamətdar hadisəyə çevrildi. Hər bir cəmiyyətdə ayrı-ayrı fərdlər bəzən hüququ texniki baxımdan özünəməxsus şəkildə şərh edir və elə ona uyğun olaraq da dərk edirlər. Məhkəmə hüquq sistemi nə qədər adil olursa olsun, hüquqi qərarlar bəzən subyektiv prizmadan yozulur”.
Deputat əlavə edib ki, əfv fərmanları həm də bu məsələdə ümumiləşdirici və birləşdirici funksiya yerinə yetirməklə ümumi münasibətlər sistemində müsbət hal kimi assosiasiya olunur: “Əlbəttə, bu faktor da vacibdir və pozitiv əhval-ruhiyyə yaratmaq baxımından əhəmiyyətlidir. Məsələnin ən mühüm tərəflərindən biri də əfvin Azərbaycan Prezidentinin siyasi iradəsi və xalqımızın humanist ənənələrinə söykənməsi əsaslarında baş tutmasıdır. Azərbaycan hakimiyyəti bunu müstəqil siyasi iradəsinə söykənərək edir və bu zaman hələ 1995-ci ildə qəbul edilmiş Konstitusiyamızın yaratdığı hüquqi fəlsəfəyə istinad edir. Ona görə də Azərbaycan cəmiyyətində vaxtaşırı əfv olacağı ilə bağlı bir gözlənti olur və bu da insanlarda həmişə ümid yaradır. Məhkum edilmiş şəxslər isə bu hadisəni öz səhvlərini bir daha təkrar etməmək üçün fürsət kimi görürlər. Beləliklə də əfv hadisəsi hüquqi cəzadan da artıq tərbiyəedici vasitəyə çevrilir. Ona görə də imzalanan hər əfv sərəncamı cəmiyyətimiz və məhkumluqdan azad edilənlər üçün sözün həqiqi mənasında əlamətdar hadisəyə çevrilir”.
Millət vəkili Rauf Əliyev deyib ki, Novruz Bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümumimilli lider Heydər Əliyev siyasətinin mərhəmətlilik və humanizm ənənələrinə sadiq qalaraq, cəzadan azad olunacaq şəxslərin cəmiyyətimizə qovuşaraq müstəqil dövlətimizin inkişafı yolunda fəaliyyət göstərəcəklərini nəzərə alaraq növbəti əhf sərəncamı imzalayıb: “Sərəncam ümumilikdə 431 nəfərə şamil olunub. Artıq mühüm ümumilli dövlət bayramları ərəfəsində belə sərəncamların imzalanması ənənə halını alıb. Son illər ərzində ölkə prezidenti cəzasını çəkən məhbuslara qarşı humanistlik göstərərək minlərlə insana azdlıq bəxş edib". Millət vəkili bildirib ki, bu əfv sərəncamı bir daha sübut etdi ki, humanizm siyasəti Azərbaycanda həyata keçirilən ümumi siyasətin əsas istiqamətlərindən biridir: "Azərbaycan Respublikasının Konstitusiyası bu siyasətin həyata keçirilməsi üçün güniş hüquqi bazaya malikdir. Bu növbəti əhf sərəncamı Novruz Bayramı ərəfəsində əhf olunanların ailələrinə, yaxınlarına, qohumlarına ikiqat sevinc bəxş edib. Bu böyük humanist addımına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq hisslərimi bildirərək müstəqil Azərbaycan Respublikasının daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində apardığı yorulmaz fəaliyyətində uğurlar arzulayıram".

Əli

Bu xəbər oxundu
- - -