Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Novruz - yaranış, oyanış və yeniləşmə bayramı

18.03.19, 10:48
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qədim türklər təbiətlə bağlanan bayramlara xüsusi önəm verirdilər. İlk olaraq işığın (istinin, xeyrin) mənbəyinə - günəşə, aya, ulduzlara tapınan əcdadlarımız bütün zamanlarda başını uca tutmuş, həmişə ümidini göylərə dikmiş, təsəllisini göylərdən almış və əllərini göyə qaldırıb göy üzündən pənah diləmişlər. İşıq - istilik - canlılıq Xeyrin, qaranlıq - soyuq - ölüm isə Şərin əlamətləri sayılıb. Əsas tapınaqları Təbiət və onun stixiyaları (hadisələri) olub. Təbiətin bir üzünün ağlığı (işıqlılığı), digərinin qaralığı (qaranlıqlığı), bir çağının istiliyi, o birinin soyuqluğu də Xeyrə, Şərə yozulub. Beləcə qoca Zamanı da ikiləşdirmişdilər: Xeyirin zamanı və Sərin zamanı. Xeyirin zamanı yazın gəlişi ilə başlayır.
Göydən düşən işığın, nurun bəşər oğlunun doğuşunun əzəlində, körpəliyində təfəkküründə, ilkin dünyagörüşündə açdığı izlər o qədər təsirli və dərin olmuşdur ki, minilliklər, uzun əsrlər ötüb-keçsə də, unudulmayıb, adət-ənənələrin, mədəniyyət amillərinin hər birinin mayasına hopub. Lap başlanğıcdan odun kəşfi ilə əbədiləşdirilib və mərasimləşərək tonqalla rəmzləşdirilib. Göyə məxsus işığın, istiliyin yerdə nişanəsi əvvəl mağaralardakı, sonralar isə çadır-otaqlardakı ocaq idi. İnsanların ocaq başına toplaşması Dünyanın əbədi İşığından içəriyə istilik, nur çəkməyə bərabər tutulurdu. Və bəşər oğlunun dünyabaxışı, əqidəsi dəyişdikcə həmin işığın da məğzi, məna tutumu genişlənib, nəhayət, Vahid yaradıcının Nuruna qovuşmaq şəklində kodlaşıb. İlahi İşığın, istiliyin - İlaxır - Novruz bayramının təməli insanın təbiətə tapınmasında qoyulsa da, ocağın vətənləşməsi, yurdlaşması, övladla əlaqələnməsi sonralar əcdad kultunun əsas amili kimi yaddaşlara hopması ilə nəticələnmişdi. Əski Türk təqviminin ilk ayının adının “Ocaq” adlandırılması məhz bu inamla bağlıdır.
«Novruz bayramı ensiklopediyası»nda deyilir ki, Novruz – ilin yeni, başlanğıc günü deməkdir. Günəş təqviminə əsaslanan astronomik yazın – baharın ilk günüdür. Dini və dünyəvi baxışlarından, dünyagörüşündən asılı olmayaraq, dünyanın bir çox xalqı Novruzu yeni həyatın canlandığı ilk gün kimi qeyd edir. Azərbaycanın Rusiya tərəfindən işğalına (1813, 1828) qədər ölkəmizdə təzə il martın 21-dən başlanırmış. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) zamanında da yeni ilin Novruz bayramından başlanması haqqında qərar verilib. 1920-ci il bolşevik Rusiyası işğalı yeni ilin Novruz bayramından başlanmasını yasaq edib. Şərqin əksər xalqlarının milli bayramına çevrilən İlaxır - Novruz bayramını folklorşünas S.Rzasoy haqlı olaraq konseptual-fəlsəfi əsaslarına görə, aşağıdıkı laylardan təşkil olunan nəhəng mədəniyyət sistemi hesab edir:
Novruz bayramının ritual-mifoloji mahiyyəti: Novruz bayramı özünün ritual-mifoloji strukturuna görə təqvim bayramıdır. Miladi təqvimi ilə mart ayının müxtəlif günlərinə (əsasən 21 mart) təsadüf etməklə qışın, köhnə ilin qurtarmasını, yazın, yeni ilin gəlişini bildirir. Bu bayramın funksional strukturunun əsasında təbiətin zamanla dəyişməsi (qışın yazla əvəz olunması) ritmi durur. İnsan təbiətin üzvi struktur elementi kimi öz tarixinin mifoloji-kosmoqonik başlanğıc nöqtəsindən təbiətin bu teokosmik-sinergetik ritminə köklənmiş, onu «Novruz» – «Yeni gün» adlandıraraq bütün tarixi boyunca həmin ritmlə kosmoloji harmoniyada yaşamışdır.
Novruz bayramının fəlsəfi mahiyyəti: Novruz bayramı varlığın yenidən yaradılması haqqında ilkin fəlsəfi-mifoloji təsəvvürlərin ritual təcəssümüdür. Bayramın fəlsəfi konsepsiyasına görə məkan və zaman sistemi (kosmoloji kontinuum) müqəddəs (sakral) və adi (profan) olmaqla iki qatdan təşkil olunur. İlk insan (əcdad), onun ilk əşyası, ailəsi, övladları, yaşadığı ilk zaman sakral sferanı, bütün onlardan törəyənlər profan sferanı təşkil edir. Profan həyat yaşayan insanların həyat və yaşam dinamikası ilk əcdadın ilk zamandakı sakral yaşam presedentlərini özündə təkrarlayır. Profan sferanın sakral sfera ilə ünsiyyəti rituallar vasitəsi ilə reallaşır. Müqəddəs dəyərləri özündə təcəssüm etdirən Novruz bayramı insanların həyat və psixologiyasında il ərzində köhnələrək mənfiləşən keyfiyyətləri yeni müqəddəs dəyərlərlə əvəz etməklə insanı və onun dünyasını yenidən yaradır. Bu baxımdan, Novruz bayramı modern fəlsəfi dünyagörüşləri kontekstində etnosistem və onun daxil olduğu digər sistemləri öz içinə alan ekosistemin sinergetik özünütəşkil, autopoyetik özünüyaratma mexanizmi kimi də səciyyələnə bilər.
Novruz bayramının sosial-psixoloji mahiyyəti: Novruz bayramı onu təşkil edən bütün ünsürlərin sosial-psixoloji harmoniyasında reallaşır. Bayramda təbiət, cəmiyyət və zaman arasında qlobal harmoniyanın yaranması əsas şərtdir. Biri-biri ilə küsülülükdə, ziddiyyətdə, konfliktdə olan insan, qonşu, ailə, kənd və s. etnik vahidlər hökmən barışmalı, onlar arasında sülh yaranmalıdır. İl ərzində cəmiyyətin sosial strukturunda yaranmış bütün disharmoniya Novruz bayramında aradan qaldırılaraq sakral sosial-psixoloji harmoniya ilə əvəz edilir. Həmin harmoniya istisnasız olaraq sosial-siyasi sistemin bütün struktur səviyyələrini əhatə edir. Bu baxımdan, Novruz bayramının sosial-psixoloji əsasında hər cür ziddiyyətləri, konfliktləri aradan qaldıran sülh ideyası durur.
Novruz bayramının kontinental-coğrafi mahiyyəti: Novruz bayramı coğrafi strukturuna görə kontinental mahiyyət daşıyır. Avropa, Asiya və Şimali Afrikada müxtəlif etnosların nümayəndələri tərəfindən müxtəlif transformativ şəkil və modifikasiyalarda qeyd olunan bu bayram həmin etnosların ana vətəni kimi dünyanın üç qitəsini, miqrasiyaların nümunəsində isə bütün materik və qitələri biri-birilə birləşdirən, onlar arasında sülh və sevgi yaradan ümumbəşəri harmoniya və sülh bayramıdır.
Novruz bayramının siyasi coğrafiyası: Novruz bayramı Avrasiya materikində və Şimali Afrikada Sibirdən Ön Asiyaya, Misirə və digər Şimali Afrika ölkələrindəki «Novruz» topluluqlarına, Asiyada Saxa-Yakutiyadan Avropada Balkanlara, Krıma, Moldovaya, Çindən – Uyğurustandan Şimali Rusiya türk dövlətlərinə, onlardan Cənub-Şərqi Asiya ölkələrinə qədər çox nəhəng siyasi coğrafiyada yayılıb. Bütün Avrasiyada Çindən İspaniyaya, Sibirdən Finlandiyaya, Şimali Afrika ölkələrinə yayılmış türk xalqlarının öz dövlətlərində və onların yaşadıqları digər dövlətlərdə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, Saxa-Yakutiya, Çuvaşıstan, Altay-Xakas, Şimali Kipr Türk Respublikası, Krım-Ukrayna, Moldova-Qaqauzıstan, Qərbi Trakya-Yunanıstan, Bolqarıstan, keçmiş Yuqoslaviya, Çin-Uyğurustan, Dağıstan, Qaraçay-Balkar, Çeçenistan), İran, Əfqanıstan, Pakistan, Tacikistan, İraq, Misir və digər ərəb dövlətlərində rəsmi və qeyri-rəsmi olaraq qeyd olunur.
Novruz bayramının etnik-milli və etnolinqvistik coğrafiyası: Novruz bayramı, əsasən, üç böyük etnosa: türk, hind-Avropa və sami etnoslarına aid olan xalqların mədəniyyətlərini və dillərini bir kontekstdə birləşdirir. Bu bayram rəsmi və qeyri rəsmi olaraq azərbaycanlılar, türklər, qazaxlar, türkmənlər, qırğızlar, özbəklər, qaraqalpaklar, krım-tatarlar, kazan-tatarlar, başqırdlar, saxalar, yakutlar, şorlar, teleutlar, xakaslar, altaylılar, noqaylar, qaraimlər, qaraçaylar, uyğurlar, çuvaşlar, qarapapaq-tərəkəmələr, qaqauzlar, Dağıstanın bəzi iber-qafqazdilli xalqları, çeçenlər, farslar, giləklər, taciklər, əfqanlar, puştunlar, pakistanlılar, ərəblər, kürdlər və s. xalqlar arasında yayılmışdır. Novruz bayramı müxtəlif etnos və xalqları vahid mədəniyyət fenomeni ətrafında birləşdirməklə xalqlararası harmoniya modeli kimi çıxış edir.
Novruz bayramının dini mahiyyəti və coğrafiyası: Novruz bayramı tarixinə görə ilkin mifoloji-kosmoqonik görüşlərlə bağlıdır. Mifoloji düşüncənin parçalanaraq tarixi düşüncəyə keçidi zamanı əski dinlərə transformasiya olunmuş, daha sonrakı inkişafında müxtəlif səmavi və qeyri-səmavi dinlər, dini-ideoloji görüşlərlə qovuşub”.
Elmdə Novruz (İlaxır) bayramı mənşəyi ilə bağlı iki qənaət mövcuddur:
I. Türklərin ən qədim təbiət bayramıdır.
Çin mənbələrində b. e. yüz illər öncə Hunların 21 martda bahar şənlikləri təşkil etdikləri barədə qeydlərə rast gəlirik. Uyğur türklərinin də hətta müasir adətlərlə eyniyyət təşkil edən yaz mərasimləri mövcud olub. Qobustan qayaüstü rəsmlərində isə daha qədim çağlara aid ilin dəyişməsi ritualının təsviri əks olunub. Türklərin “Ərgənəkon” dastanında əski yurda dönüş yazın ilk günü ilə bağlanır və üç min əvvəl bünövrəsi qoyulmuş adət - kürədə qızdırılan dəmiri döymə törəni bu gün də ən yüksək dairələrdə icra olunur.
II. Əski İran əfsanələrindən törəyən mərasimlər toplusudur. “Novruz” fars dilindən keçmə sözdür, anlamı “yenigün” deməkdir. Təbiidir ki, Novruz adlı bayram haqqında məlumatlar da farsdilli mənbələrdə özünə yer almalı idi. XI əsrin yazılı abidələrində, xüsusilə Firdovsinin “Şahnamə”sində “Novruz”dan bəhs edilir. Farslarda məhz bu zamandan sonrakı çağlara aid ədəbiyyatlarda ondan geniş bəhs olunur. Əgər farslarda da Qafqaz türklərində, hunlarda olduğu kimi daha qədimlərdən bahar bayramı keçirilsəydi, mütləq çoxsaylı yazılı abidələrində ondan bəhs olunardı. A.Nəbiyevin qənaətinə görə, Novruz bayramı Əhəmənilər dövründə e. ə. 350-ci ildən qeyd olunsa da, tarixi kökləri zərdüştlükdən əvvələ gedib çıxır.
Novruz qədim əkinçilik mədəniyyəti ilə bağlı olan yaz bayramıdır. Bayramın bütün əlamətləri — tonqal qalamaq, səməni cücərtmək, Kosa-keçi tamaşaları, günəşi çağırış, qodu ilə qapıları döymək, savaşı saxlamaq, umu-küsülüyə son qoymaq, dünyadan köçmüşləri yad etmək, yumurta boyamaq, yumurta döyüşdürmək, yeddi növ nemətdən xonça hazırlamaq, ev-eşikdə, həyət-bacada yır-yığış etmək, təmizlik işləri görmək, ocaqda qazan qaynatmaq, papaq (yaylıq) atmaq, bacadan xurcun sallamaq, ev sakinlərinin hamısını ocağın başına toplamaq, qulaq falına çıxmaq təbiət-insan qarşılaşmasının rituallaşması və bayramlaşmasıdır, onun heç bir dinlə xüsusi bağlantısı yoxdur. Əksinə, tarixin müxtəlif dönəmlərində İlaxırın işığından bütün dinlər faydalanıb.

Ramazan QAFARLI
filologiya üzrə elmlər doktoru, professor

Bu xəbər oxundu
- - -