Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Daha 62 dövlət əmlakı özəlləşdirməyə çıxarılır

18.03.19, 11:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri aprelin 16-da keçiriləcək. Komitədən verilən məlumata görə, hərraca ümumilikdə 62 dövlət əmlakı çıxarılıb. Onlardan 19-u səhmdar cəmiyyəti, 18-i kiçik dövlət müəssisə və obyekti, 12-si qeyri-yaşayış sahəsi, 13-ü isə nəqliyyat vasitəsidir. Ölkənin bir sıra regionlarını əhatə edən müxtəlif kateqoriyalara aid dövlət əmlaklarının bir sıra iqtisadi sahələrdə fəaliyyət potensialı var. Belə ki, özəlləşməyə çıxarılan kiçik dövlət müəssisələrindən 4-ü paytaxtda, digərləri isə Quba, Cəlilabad, Yevlax, Siyəzən kimi şəhər və rayonlarda yerləşir. 13-ü ticarət, digərləri ictimai xidmət obyektləri olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 20.1 kv.m ilə 1664.4 kv.m arasındadır. Budəfəki hərracda ən yüksək ümumi faydalı sahəsi olan dövlət əmlakı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindədir. Obyektin özəlləşdirilməsi investora müxtəlif xidmət sahələri üzrə gəlirli fəaliyyət imkanı verə bilər.
Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən 9-u paytaxtda, 3-ü isə Daşkəsən, Şirvan və Gəncədə yerləşir. Az büdcə ilə biznesə başlamaq istəyənlər seçimini bu növ dövlət əmlakları üzrə edə bilər. Qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 11.9 kv.m ilə 127.4 kv.m arasındadır. Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsindəki obyekt ticarət və digər xidmət sahələri üzrə istifadə üçün əlverişlidir. Qeyd edək ki, bu dövlət əmlakının ümumi faydalı sahəsi 35.8 kv.m-dir.
Dövlətə məxsus səhm paketlərinin hərraca çıxarıldığı səhmdar cəmiyyətləri kənd təsərrüfatı, nəqliyyat, təmir-tikinti və digər sahələrə aiddir. Ümumi səhmlərinin 30%-45%-lik səhm paketləri özəlləşdirməyə çıxarılan dövlət əmlakları Bərdə, Salyan, Oğuzla yanaşı, digər şəhər və rayonlarda yerləşir. Buraxılış tarixi 1998-2011 olan nəqliyyat vasitələri "Nissan", "BMW", "Hyundai" və digər markalara aiddir. Avtomobillər üçün təyin olunan ilkin hərrac qiyməti isə 3 min və 10 min manat arasındadır. Elektron prosedurlardan istifadə edərək hərraca qoşulmaq istəyənlər komitənin rəsmi informasiya resurslarına müraciət edə bilər.

Bu xəbər oxundu
- - -