Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycanda təkmil, səmərəli əfvetmə institutu mövcuddur”

19.03.19, 10:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Böyük fəxrlə qeyd etmək lazımdır ki, dövlətimizin başçısı İlham Əliyev məhkumların əfv edilməsini özünün prezidentlik fəaliyyətinin humanist missiyalarından biri kimi müəyyənləşdirib. Bunu politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu deyib.
E.Mirbəşiroğlu qeyd edib ki, Azərbaycanda kifayət qədər təkmil, səmərəli əfvetmə institutu mövcuddur: "Ölkə Prezidentinin xalqımızın əziz bayramı olan Novruz ərəfəsində 431 nəfəri əfv etməsi ümumbəşəri dəyərlərə ən yüksək həssaslıq kimi qiymətləndirilməlidir. Əksər ölkələrin konstitusiyasında ölkə rəhbərinin əfv etmə hüququ təsbit olunub, lakin çox az sayda ölkədə dövlət başçısı özünün bu hüququndan istifadə edərək ayrıca bir humanizm siyasəti həyata keçirir".
O əlavə edib ki, Prezident İlham Əliyevin əfv sərəncamı yüksək humanizmin göstəricisi olmaqla yanaşı, özündə olduqca böyük sosio-mədəni yük dayışır: "Belə ki, bu siyasət hər şeydən öncə ona dəlalət edir ki, ölkəmizdə istisnasız olaraq hər bir kəs dövlətin, prezidentin qayğısı ilə əhatə olunub. Dövlətimiz cəmiyyətin sağlamlaşdırılması məsələsinə həmişə ciddi, eyni zamanda, həssas yanaşıb. Azadlıqda və ya təcridxanada olmasından asılı olmayaraq, insan amilinə xüsusi yanaşılıb". Politoloq bildirib ki, hər hansı bir səbəbdən cəzaçəkmə müəssisəsinə düşmüş vətəndaşların yenidən cəmiyyətə qaytarılması, onların artıq dəyərlər və baxışlar sistemi çərçivəsində sosiallaşması dövlətin sosial və humanist siyasətinin hədəfini təşkil edir. Bu missiyasının əsas təşəbbüskarı və icraçısı rolunda məhz Prezident İlham Əliyev çıxış edir: "Xüsusi olaraq xatırlatmaq lazımdır ki, Azərbaycanda bu bəşəri tendensiyanın əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun təşəbbüsü və iradəsi sayəsində Azərbaycanda ölüm hökmü ləğv olundu. Həmçinin Prezidentin əfvetmə təcrübəsinin əsası qoyuldu. Belə ki, ulu öndərin rəhbərliyi dövründə əfvetmə davamlı xarakter alıb. Bu gün isə birbaşa insan həyatına, insani dəyərlərə yüksək ehtiram elementlərini özündə ifadə edən bu humanist missiya möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Xalq bu missiyanı minnətdarlıqla qarşılayır. Bayram öncəsi 431 nəfərin əfv olunması həmin insanlara və onların ailə üzvlərinə ən böyük hədiyyədir".
Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı, o cümlədən, 14 xarici vətəndaşa şamil olunub.

Bu xəbər oxundu
- - -