Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Hesablama Palatasına dəstək verməliyik”

09.04.19, 12:48
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qüdrət Həsənquliyev: ““Oğurlayım, üstü açılsa qaytarıb yerinə qoyaram” yanaşması ilə cinayətkarlığa, qanunu pozanlara qarşı effektli mübarizə apara bilmərik ”

“Hesablama Palatasının hesabatını məqbul saymasaq bunun hansı nəticələr doğuracağını da nəzərə almalıyıq. Hökumət də hesabat verir. Hökumətin hesabatı ilə bağlı xüsusi Konstitusiya qanunu da qəbul olunub. Amma bu qanunda da hökumətin hesabatı qeyri məqbul sayılacağı təqdirdə bunun hansı nəticələr doğura biləcəyi bəlli olmur. Biz bu məsələləri həll etməliyik”.
Bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev səsləndirib: “Hesab edirəm ki, Hesablama Palatası hesabatında kifayət qədər məlumatlar verib. Biz sadəcə Hesablama Palatasınını fəaliyyətinə qiymət verməli deyilik. Həm də Hesablama Palatasının hesabatında göstərilən nöqsanların aradan qaldırılması üçün ali qanunverici orqan kimi fəaliyyət göstərməli, hərəkətə keçməliyik. Çalışmalıyıq ki, öz üzərimizə düşən vəzifələri yerinə yetirək və Hesablama Palatasına dəstək olaq. Bu istiqamətdə hökumətlə əməkdaşlıq edək və hökumətdən də soruşaq ki, niyə Hesablama Palatasının tutaq ki, təqdim etdiyi 21 təklifdən 13-ü nəzərə alınıb, 4-ü nəzərə alınmayıb, 4-nə isə baxılmayıb? Hesab edirəm ki, bu məsələlərdə Hesablama Palatasına dəstək verməliyik. Burada qeyd olunur ki, Hesablama Palatası bəzi hallarda cinayət xarakterli məlumatlar təqdim edir. 23 milyon manat dövlət büdcəsinə qaytarılıb. Bu kifayət qədər böyük vəsaitdir. Məsələn, hazırda cəmiyyətdə kimsə 5 min manat oğurlasa ona 5 il iş verirlər. Bəs 23 milyon manatı oğurlamış insanlar haqqında hansı tədbirlər görülür? Bu suala cavab tapmaq lazımdır. Əslində bu da oğurluqdur, üstü açılıb və büdcəyə məcburi qaydada ödətdirilib. Demək istəyirəm ki, bu halda da qanunu pozanlar hansısa məhrumiyyətlərlə üz-üzə gəlməlidirlər. Yoxsa əvvəllər də söyləmişdim - “oğurlayım, üstü açılsa qaytarıb yerinə qoyaram” yanaşması ilə cinayətkarlığa, qanunu pozanlara qarşı effektli mübarizə apara bilmərik. Hesablama Palatasının bizə təqdim etdityi hesabatı özünün müvafiq orqanlara göndərməsinə baxmayaraq, biz də öz adımızdan həmin materialları Baş Prokurorluğa göndərə bilərik ki, həmin qanun pozuntularına hüquqi qiymət verilsin”.
Millət vəkili sonda İranda baş verən təbii fəlakətə də diqqət çəkib: “Qonşu İran İslam Respublikasında təbii fəlakət baş verib. Orada 1900-dən artıq kənd və qəsəbə sel sularının altında qalıb. 100 min insan öz ev eşiyindən didərgin düşüb. 70-dən artıq insan həyatını itirib, 800-dən artıq insan isə yaralanıb. Hazırda İran sanksiyalar altında olan bir ölkədir. İran bizim yaxın qonşumuzdur. Baxmayaraq ki, biz İran hökumətinin Ermənistanla bağlı siyasətini tənqid edirik, Cənubi Azərbaycanlılara münasibətdə davranışını pisləyirik. O hökumətin siyasətidir. Amma buna baxmayaraq onlar bizim din qardaşlarımızdır. Azərbaycan hökuməti həmişə darda olanlara əl uzadıb, humanist addımlar atıb. Bu bir humanitar yardım olardı. Baxmayaraq ki, özümüzün də 1 milyon qaçqınımız var, xalıqımız da həmişə bu kimi hallarda olduğu kimi yenə də hökumətin bu addımını dəstəkləmiş olardı. Yaxşı olardı ki, hökumətimiz bu istiqamətdə addım atsın”.

Əli

Bu xəbər oxundu
- - -