Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Güney Azərbaycan ədəbiyyatı: ənənəvi obrazlar yeni məzmun müstəvisində

15.04.19, 10:08
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1940-cı illər Güney baş verən qlobal ictimai-siyasi hadisələr poeziyanın da mövzusuna çevrilir və cəmiyyətdə aktiv ədəbi-bədii cərəyanların daha geniş şəkil almasına şərait yaradırdı. Bu isə sənət və sənətkarlığın yeni mərhələdə inkişafını göstərən məqamlardır. Güney ədəbiyyatında sənətkarlığın əsas və ümdə şərti ictimai həyatın bütün sahələrini oxucunun gözləri qarşısında bədii libasa bürüyərək ifadə etdirmək idi. Hər kəs həyatda özünün ictimai mövqeyini müəyyənləşdirə bilirdi

4-cü yazı
Səhənd də yaradıcılığa düzgün elmi-metodoloji baxımdan, həm də sənət prinsipləri kontekstində yanaşır. Bu yanaşma mövzu seçimində də əsas rol oynayır. O, hətta hadisələri müşahidə etməkdə və cilalayaraq qələmə almaqda heç bir çətinlik çəkmir, sanki bəzən mövzu özü onu axtarıb tapır. Ən maraqlısı isə budur ki, əsərlərində bədii təsvir vasitələrinin əsas qolu olan məcazlar onun əsərlərində mövzunun ümumi ruhu ilə üzvi surətdə bağlanır, real təsvirlər, obrazlar məntiqi cəhətdən bir-birini tamamlayır. O, həm də bütün yaradıcılığı boyu işlədiyi mövzunu daxili aləminin işığında rəngarəng edir, fikrin poetik tutumunu, poetik yükünü unutmur.
Həbib Sahirin əsərlərinin təsirli, emosional bir formada yazılması müəllifin mövcud hadisələrə bağlanan mövzulara konkret münasibətinin bir təzahürüdür; ona görə də inandırıcıdır, oxucu zehninə nüfuz edir. Həmçinin, fikirlərdəki epitet və təşbehlər xüsusi bir dinamizmə pəncərə açır, ən mühüm əlamətləri qabarıq şəkildə aşkara çıxarır. Burada metonimik xüsusiyyətlər də şair təxəyyülünün məhsulu kimi özünü nəzərə çarpdırır, aforizmlərin xarakter cəhətini müəyyən edir.
Güney Azərbaycan ədəbiyyatı müxtəlif dövrlər üzrə inkişaf edib. Hər dövrdə isə mərhələlərlə yeni ideya və konfliktlər yaranıb ki, bu da ədəbiyyatın inkişaf konsepsiyasını şərtləndirən əsas hallardandır. Hər mərhələdə Cənub poeziyasının ilham qaynağına çevrilən yeni inqilab dalğası azadlıq günəşini doğurmuş və bu, nəticə etibarilə yeni ədəbi meyllərin güclənməsinə zəmin yaradıb. İnqilabi mübarizə mövzusu ədəbiyyat üçün spesifik əhəmiyyət kəsb edən məqamlarla heç də az təzahür etmir, nəticədə ədəbiyyatda inkişafı sürətlənən məqsədlər ideya və mahiyyətin açılmasına təkan verir. Bu da sənət və sənətkarlıq məsələlərini bədii cəhətdən müəyyənləşdirir. Sənətkarlıq məsələlərinin uğurlu həlli mövzunun doğru-dürüst realizəsinə yol açır. Nəticədə möhtəşəm əsərlər yaradan qüdrətli sənətkarlar yetişirdi.
1940-cı illər Güney baş verən qlobal ictimai-siyasi hadisələr poeziyanın da mövzusuna çevrilir və cəmiyyətdə aktiv ədəbi-bədii cərəyanların daha geniş şəkil almasına şərait yaradırdı. Qələmə sarılan sənətkarlar o dövrün ictimai-bədii xarakterini müəyyənləşdirən mövzulara müraciət etməklə inqilabi əhval-ruhiyyəyə bir növ təkan verirdilər. Bu isə sənət və sənətkarlığın yeni mərhələdə inkişafını göstərən məqamlardır. 40-cı illər Güney ədəbiyyatında sənətkarlığın əsas və ümdə şərti ictimai həyatın bütün sahələrini oxucunun gözləri qarşısında bədii libasa bürüyərək ifadə etdirmək idi. Hər kəs həyatda özünün ictimai mövqeyini müəyyənləşdirə bilirdi. Bu cəhətin elmi-nəzəri əhəmiyyəti o dövr ədəbiyyatı üçün olduqca böyük idi. Baxmayaraq ki, inqilabi mübarizələrin vüsət aldığı vaxtlarda qələm adamlarının rahat yazıb-yaratmaları üçün şərait yox idi, ancaq ədəbiyyat öz spesifik cəhətlərini müəyyənləşdirməkdə çətinlik çəkmirdi, çünki yaradıcı insanların sənətkarlıq qüdrəti dövrün icti¬mai-siyasi hadisələrinə sinə gərirdi. Çağdaş Güney Azərbaycan ədəbiyyatının istər sənətkarlıq, istərsə də xalqın mənəvi tələblərinə cavab vermək baxımından bugünkü vəziyyəti qənaətbəxş təsir bağışlayır. Ötən yüz ildə ədəbiyyat özünün bədii-ictimai parametrlərini doğru-dürüst müəyyənləşdirmiş, ictimai-dünyəvi mövqeyi ilə cəmiyyətdə böyük maraq oyatmışdır. Demokrit insanın əhvali-ruhiyyəsini onun səadətinin əsas ölçüsü hesab edirdi. Güneyli şairlər üçünsə əsl səadət, xoşbəxtlik həyatı real, olduğu kimi təsvir etməkdir. Bu düzgünlüyü Şəhriyar, Səhənd, Sönməz, Savalan, Sahir və s. şairlərin yaradıcılığında ümdə səciyyə kimi xarakterizə etmək mümkündür. Səhənd xoşbəxtliyə həsrətdən, Şəhriyar və Sahir qəm-qüssədən, Sönməz idraki yeniləşmə tərzindən yanaşır, Ə.N.Oxtay, M.Üskülü, M.T.Zehtabi, K.Xiyav, H.Qaraçay, H.Düzgün və b. Modern düşüncədən, azadlığın uzaq pəncərəsindən baxırdılar. Fikrimizin ən bariz təsdiqi xoşbəxtliyi qısaca olaraq “Azadlıq heykəlinə tapınmaqda” görən H.Qaraçayın “Sonsuzluq” poemasındakı bu misralardadır:

İyirminci yüzilliyin ilkin uşağı
O böyük dədənin nəvəsiyəm mən.
Yüz ildir dilimdə qıfıl,
Alnımda qulluq damğası,
Əllərimdə tapı qandalı.
Böylə doğur, böylə yaşar, böylə ölürəm.
Dilim qurtuluşa, alnım
Bütün qutsal varlıqların astanasında daş olmağa
Əllərim qələm tutmağa,
Qulaqlarım o ilkin, o böyük nağıla
Susuzdur anam.

Hadinin həsrət əzabı çökmüş misraları istər-istəməz Ayris Mardokun “Dünya-iztirablar məskənidir. Son nəticədə bu, dünyanın ən dəqiq tərifidir”, - fikrinə assosiasiya doğurur.
Ümumiyyətlə, Güney ədəbiyyatında xalqları əzən, hüquqlarını pozan, onları əsarət altında saxlamağa cəhd edən irticaçı qüvvələrə mənən təmizlənmək və cəmiyyətdə mövcud ola bilmək şansı verilir. Poeziya və ədəbiyyat mövzu seçimi baxımından insanlar-cəmiyyətlər arasında təkcə dostluq və həmrəylik yaratmaq məqsədi güdmür, eyni zamanda, bəşəriyyətin ən yüksək arzu və istəklərini həyata keçirmək missiyasına xidmət edir. İnsanların yolunda məşəl ola biləcək şeirləri yaratmaq üçün Güney şairləri klassik ədəbiyyatın, poeziyanın sirlərinə vaqif olaraq özünə örnək saydığı söz sənəti korifeylərinin əsərlərindən yaradıcılıqla bəhrələnmiş, daim onlardan öyrənmişlər. Onlar şeirdə lokanikliyi, az sözlə daha dərin mətləblər, yüksək mənalar kəsb edən fikirlər ifadə etməyi sənətkarın isteda-dının və müvafiq mövzu seçmək qabiliyyətinin əsas göstəricisi saymışlar. İran ədəbiyyatında bir müddət sənətkarlıq şifahi xalq ədəbiyyatından qaynaqlanan, həm də mürtəce qüvvələrin təsiri altında sadə bir faktor - müddəa kimi xarakterizə edilmişdir. Həmin ərəfələrdə mürtəce siyasət yürüdən qüvvələr - “bədii ədəbiyyatın əsas işi və vəzifəsi yalnız hakim qüvvələrin marağına xidmət etməlidir” deyərək öz sıralarını möhkəmləndirməkdə idi. Bu səbəbdən, o dövrdə ədəbiyyat və poeziya kor-koranə təqlid edilir, yeni mütərəqqi ideyalı ədəbiyyatın inkişafına bilərəkdən maneçilik törədilirdi. Beləliklə də, sənətkarlıq məziyyətləri kölgədə qalırdı və yaranan əsərlər bədii cəhətdən zəif olurdu. Yəni ədəbiyyatın ümumbəşəri ideyalar tərənnümçüsü olmasının qarşısı alınırdı. Əslində, yüksək sənətkarlıqla işlənmiş əsl ədəbiyyat özünün ümumbəşəri vəzifələrindən istifadə etməklə humanizm ideyalarının təbliğatçısına çevrilməlidir. Qüdrətli şairlərin əsərlərində dövrün girdabında çabalayan insan surətlərini müşahidə edirik. Burada əsas və yeganə məqam çətinliklər burulğanında boğulan və batan insan dövrün - cəmiyyətin üz tutduğu səmtə addımlamır, əksinə, o, ayrı bir istiqamətə addım atmaqla özünə yeni cığır, yol açır və mütərəqqi ideyalar carçısına çevrilir. Tarix də təsdiqləyir ki, hər dövrün ədəbiyyatı və poeziyası bu çətin vəzifənin öhdəsindən layiqincə gəlmişdir. M.Ə.Harayın yaratdığı Tarçı Şulan obrazı düşdüyü vəziyyət, dövlət məmurları və İslam dini ehkamçılığının qarşısında aciz olsa da, daxilən güclüdür. Qeyd etdiyimiz kimi, mücahidlər bu milli sənət aşiqini öz tarı ilə döyə-döyə öldürürlər, amma iradəsini qıra bilmirlər. O, ölümü ilə də xalq sənətinə-muğamlarımıza və tara yaşam haqqı qazandırır. M.T.Zehtabinin “Şahin zəncirdə” poemasında da eyni məntiq izlənir, ayaqları qandallanmış Şahin quşu-Azərbaycan xalqı qandalların əsiri olsa da, ruhən azaddır və bu ruhu heç bir qüvvə, zorakılıq sarsıda bilməz...
Cəmiyyətin iqtisadi həyatı fərdlərin dərk edilmiş fəaliyyətinin nəticəsində təşəkkül tapır. Qlobal görüntü fərdlərin sosial həyat şəraitini ağırlaşdırır, bunun sayəsində cəmiyyətin iqtisadi həyatının hansı vəziyyətdə olduğunu sezmək çətin olmur. Ədəbiyyatda bu mövzu özünü daha xarakterik, daha səciyyəvi xüsusiyyətlərlə təzahür etdirir. Güney Azərbaycan ədəbiyyatında da bu faktor qabarıqdır. Çətin dövrdə təzələnən ədəbiyyat meydanında Şəhriyar, Səhənd, Sönməz, Sahir, Haşım Tərlan, Qaflantı, Alov, Biriya, Oxtay kimi şairlərin yetişməsi Güney ədəbiyyatının qələbəsidir.
Mövzunun həyatiliyi gerçəkliyin inikasıdır. Gerçəklik insanda həyati vacib məqsədlərə çatmaq zərurəti yaradır. Şəhriyar, Səhənd, Sönməz yaradıcılığında spesifik cəhətlər təfəkkürdə formalaşmış yeni mütərəqqi ideyalar üçün bir istiqamət kimi qarşımızda açılır. Kütlələr arasındakı antoqonist ziddiyyətlərin həll edilməsi həyatın ictimai xarakterinin dəyişməsinə gətirib çıxarır. Etiraf edək ki, cəmiyyətlərdə sosial qütbləşmə gedir. Bu, ölkələrdəki mövcud totalitar şəraitin doğurduğu nəticədir. İctimai mühit və insan həyatı ilə eyniləşən didaktik parametrlər Güneydə yaşayıb-yaradan şairlərin yaradıcılığında geniş tədqiq edilir.
Zamanın buraxdığı səhvlərin nəticələrini tarix bərpa edir. İnsanın özünəqayıdışı, ənənələrə səmimi münasibəti tarixin bir zərurətidir. Güney şairlərinin yaradıcılığında bu tarixi zərurət insan faktorunu ədəbi müstəvidə dolğunluğu ilə əks etdirir.

Esmira Fuad
Filologiya üzrə elmlər doktoru

Bu xəbər oxundu
- - -