Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İşğalçıya güclü zərbələr endirilsə...”

15.04.19, 11:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Məhəmməd Əsədullazadə: “Poses 180 dərəcə Azərbaycanın lehinə dəyişəcək”


Dünən Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin xarici işlər naziri kimi, Rusiyanın XİN başçısı Sergey Lavrov da iştirak edib. Daha sonra danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə davam etdirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunub.
Milli Məclisin deputatı Rasim Musabəyov bildirib ki, danışıqlar prosesində ortalıqda hansısa sənəd var. O sənəd hələlik təklif şəklindədir. Sənəddə bir çox məqamlar tərəflər üçün fərqli görünür. Mövqeləri yaxınlaşdırmaq, hansısa orta məqamları tapmaq üçün xarici işlər nazirləri arasında danışıqlar gedir. Hansısa məqamda Azərbaycan tərəfi, hansında isə Ermənistan tərəfi güzəştə gedir.
Millət vəkili Aqil Abbas xarici işlər nazirlərinin yox, müdafiə nazirlərinin görüşünü vacib sayıb: “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü 370-ci olar, yoxsa 375-ci?!. Düşünürəm ki, cavabım aydın oldu. Hesab edirəm ki, Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin görüşü lazım deyil. Ermənistan müdafiə naziri ilə Azərbaycanın müdafiə naziri səngərdə görüşməlidir. Bununla da məsələ həll olunar”.
Deputat Elman Məmmədov düşünür ki, Ermənistan tərəfi danışıqlar yolu ilə torpaqlarımızdan çıxmaq fikrində deyil: “Ermənistan tərəfinin sərsəm bəyanatları, radikal mövqeləri, işğalçılıq siyasətindən əl çəkmədiklərini nümayiş etdirmələri onu deməyə əsas verir ki, bunlar belə danışıqlarla torpaqlarımızdan çıxmaq fikrində deyillər. Əlavə olaraq müxtəlif səviyyələrdə bəyanatlar da verirlər ki, sülh naminə torpaq qaytarmaq məsələsi olmayacaq. Həmçinin, həmsədr dövlətlər, müxtəlif səviyyəli beynəlxalq qurumların qeyri-səmimi mövqeyi erməniləri arxayın salır. Düşünürəm ki, biz daha da güclü olmalıyıq. Bu məsələdə kiməsə ümid etmək, hansısa qərara, qətnaməyə arxayın olmaq olmaz. Düşünürəm ki, son sözü Azərbaycan əsgəri deyəcək”.
Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Qərbdə keçirilən görüşlərdən sonra Moskvada belə bir görüşün keçirilməsi, Rusiyanın moderatorluğu əlində saxlamaq cəhdidir.
Ekspertin fikrincə, Vaşinqton yenidən Qarabağ münaqişəsinin həlli ilə bağlı fasilə götürüb:
“ABŞ-ın ötən il göstərdiyi fəallıq isə nəticəsiz qaldı. Çünki ABŞ gördü ki, inqilab Ermənistanın müstəqlliyinə gətirib çıxarmadı, ölkə hələ də Rusiyanın nəzrətindədir. Buna görə də, Vaşinqton prosesdən uzaqlaşaraq Minsk qrupu çərçivəsində ənənəvi siyasətinə qayıtdı. Lakin Ermənistan tərəfinin bu dəfə də ənənəsinə sadiq qalaraq, prosesi uzatmağa cəhd edəcəyi gözləniləndir”.
Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycan tərəfi nəticəsiz danışıqlardan çəkilməlidir: “Onu da qeyd edim ki, Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması hallarının sayı artıb. İrəvanın pozucu fəaliyyəti ilə yadda qalan Vyana görüşündən sonra bu, gözlənilən idi. Azərbaycan bunu nəzərə alaraq, güc yoluna üstünlük verməlidir. Diplomatik danışıqların heç bir nəticəsi yoxdur. Nəicə o zaman ola bilər ki, Rusiya kənara çəkilsin.
Hesab edirəm ki, işğalçıya güclü zərbələr endirilsə, proses 180 dərəcə Azərbaycanın lehinə dəyişəcək. Biz Ermənistanın yeni rəhbərliyinə kifayət qədər vaxt verdik ki, ölkədə daxili siyasi sabitliyə nail olsun, hakimiyyətini gücləndirsin. Amma Ermənistan rəhbərliyi tamam bir başqa bir istiqamətə yönəlib”.
Politoloq Rüstəm Məmmədov bildirib ki, Azərbaycanın açıq-aşkar müharibəyə hazır olduğunu bəyan etməsi Ermənistanı qorxudub: “Başa düşürlər ki, bunu çox uzatsalar, müharibə təhlükəsi Ermənistanın başının üstünü alacaq. Müharibə də olsa, Paşinyanın evi yıxılacaq. Ona görə də mütləq 7 rayonu qaytaracaqlar. Ancaq Dağlıq Qarabağ məsələsi hələ gündəmdə xeyli qalacaq. Çünki statusu müəyyən deyil. Qarabağın statusu ilə bağlı əlavə danışıqlar olacaq. Məntiqlə Qarabağın statusunun müəyyənləşdirilməsi uzaq illərin işidir”.
Rüstəm Məmmədov qeyd edib ki, rəsmi Moskva başqa dövlətlərə imkan verməyib bu prosesin nizamlanmasını öz üzərinə götürməyə çalışır: “Rusiya Ermənistanın addımlarından narazıdır. Hiss olunur ki, Rusiyanın Ermənistanı dəstəkləmək fikri yoxdur. Ona görə də Moskva İrəvanı sıxacaq. Sıxmasa, Ermənistan heç 7 rayonu da qaytarmayacaq. Azərbaycan cəmiyyəti də artıq müharibəyə hazırdır. Rusiya Ermənistanı qoruya bilməyəcək, nəticədə birmənalı şəkildə Ermənistan dağılacaq. Başa düşürlər ki, Azərbaycanın bu iddiası qarşısında heç nə edə bilməyəcəklər”.
Xalqların sülhə hazırlanması ideyasına gəlincə, Rüstəm Məmmədov qeyd edib ki, bunu Ermənistan məcburi irəli sürür: “Çünki başqa əlacı yoxdur, görürlər ki, Azərbaycan müharibə deyir, müharibə isə Ermənistan üçün ölüm deməkdir”.
"Rusiyanın bu görüşü təşkil etmək cəhdi Dağlıq Qarabağ poblemini bir növ yenidən öz nəzarətinə keçirmək istəyi ilə əlaqəlidir. Çünki bu münaqişəni heç bir dünya gücünə, o cümlədən də ATƏT-in Minsk qrupu həmsədrlərinin nəzarətinə vermək istəməyən Rusiya ABŞ-ın son dövlərdə aktivləşən fəaliyyətindən müəyyən mənada narahatdır".
Politoloq Natiq Miri də təcili olaraq Moskvada belə bir görüşün təşkil olunmasını yenidən bu münaqişəni Rusiyanın monopoliyasına qaytarmaq cəhdi kimi dəyərləndirdiyini deyib:"Dağlıq Qarabağ problemində Ermənistan rəhbərliyinin hər hansı bir güzəştə gedəcəyini gözləmək əbəsdir. Bu təşəbbüsün ABŞ və yaxud Fransadan gəlməsinə baxmayaraq, hər bir halda Rusiya ilə razılaşdırılmadan Ermənistan rəhbərliyi bu yöndə siyasi qərar vermək cəsarətində deyil. Açığı, bu görüşdən də hər hansı bir ciddi siyasi nəticə gözləmirəm. Çünki Rusiya münaqişəni həll etmək üçün çalışmır. Sadəcə, bu münaqişədə müəyyən irəliləyişlər adı altında yenidən Azərbaycanı öz orbitinə qaytarmaq və Ermənistanı bundan sonra da öz orbitində tutmaq cəhdi ilə bağlıdır".
Politoloq vuruladı ki, heç bir ölkənin, xüsusən də Rusiyanın hərbi qoşunları Azərbaycan ərazisində, Dağlıq Qarabağda yerləşdirilməməlidir. Rusiyanın əsas hədəflərindən biri də budur ki, öz hərbi qoşunlarını Qarabağ ərazisinə qaytarmaqla birdəfəlik bu prosesi öz nəzarətinə keçirsin, bununla da hər iki ölkəyə bundan sonra da təzyiq imkanlarını saxlaya bilsin.
"Ona görə də əmin olun ki, Rusiyanın moderatorluğu ilə keçirilən istənilən sülh görüşü Azərbaycanın mənafeyinə uyğun olmayıb və bundan sonra da olmayacaq" -deyə, N.Miri qeyd edib.
Rusiyalı politoloq Stanislav Tarasovun fikirləri də maraqlıdır. Tert.am saytının yazdığına görə, o, bildirib ki, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ictimai proses dalana dirənib, ancaq burada qeyri-ictimai proseslər də var. Politoloq qeyd edib ki, ölkə liderlərinin, yaxud yüksək çinli məmurlarının bəyanatları aparılan prosesin yalnız bir kiçik hissəsidir və mümkündür ki, onlar prosesin dalana dirənməsi təəssüratını yaradırlar.
“Onlar ictimai şəkildə mübahisə aparırlar, bir-birlərinin mövqelərini qəbul etmirlər, yanaşmalarını rədd edirlər, görüşlərə razılıq vermirlər. Lakin qeyri-ictimai sferada elə məsələlər var ki, onları müzakirə etmək mümkündür, elə deyilmi? Əgər görüşürlərsə, demək ki, onların gündəmi var və biz mümkündür ki, bundan xəbərsizik”, Tarasov bildirib.
Rusiyalı politoloq həmçinin iddia edib ki, ikili standart siyasətini ATƏT-in Minsk qrupu da yürüdür. “Hər kəs oynayır və bunun məntiqi açığını desəm mənə aydın deyil”, deyə o qeyd edib.
Tarasov xatırladıb ki, ATƏT-in Minsk qrupunun egidası altında Ermənistanın baş naziri və Azərbaycanın Prezidenti ilk dəfə Vyanada qeyri-rəsmi görüş keçiriblər ki, bu da müzakirə ediləcək məsələlərin mövcudluğunu göstərir. Onun sözlərinə görə, Paşinyan-Əliyev söhbəti 3 saata yaxın davam edib ki, bu da diplomatik dillə desək, az vaxt deyil, kifayət qədər çoxdur. “Onlar dialoqu davam etdirməyə kökləniblər”, politoloq bildirib.
Onun sözlərinə görə, görüşün nəticələri nəzərə alınarsa, hələ ki, konkret razılaşmalar yoxdur.
Cavid

Bu xəbər oxundu
- - -