Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Stadionda Azərbaycan bayrağı qaldıran soydaşımız vəhşicəsinə döyülüb

15.04.19, 11:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Traxtur” görüşündə Azərbaycan bayrağını qaldıran soydaşımız təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və ona qarşı vəhşicəsinə işgəncə edilib.
Ehsan adlı azərbaycanlı gənc Xocalı soyqırımının 27-ci ildönümündə işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana səfərinə etiraz olaraq Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” futbol komandası ilə “Sepahan” arasında keçirilən görüşdə Azərbaycan bayrağını nümayiş etdirib.

Mədəni fəal oyun bitdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, o təcridxanada vəhşicəsinə döyülüb. Hadisə Nikol Paşinyanın Tehrana səfərindən bir neçə gün sonra baş versə də, bu barədə yenicə xəbər yayılıb.
Təhlükəsizlik qüvvələrinin bu qeyri-insani hərəkəti azərbaycanlıların kəskin etirazı ilə qarşılanıb. Sosial şəbəkə istifadəçiləri paylaşdıqları postlarda hökumətə “nə üçün hökumət Tehran və İsfahanda işğalçı ölkənin bayrağını qaldıran ermənilərə qarşı bu şəkildə davranmır?!” kimi suallar ünvanlayıblar.
1992-ci il 26 fevral tarixində azərbaycanlılar Xocalıda ermənilər tərəfindən soyqırıma məruz qalıb. Bu faciənin 27-ci ildönümündən bir gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan İrana rəsmi səfər edib. O səfər çərçivəsində bu ölkənin prezidenti Həsən Ruhani və dini lideri Əli Xamneyi ilə görüşüb, tərəflər iki ölkə arasında əlaqələrin daha da genişlənməsi barədə müzakirələr aparıb.
Qeyd edək ki, Nikol Paşinyan Tehranda səfərdə olarkən “Ararat” klubunda erməni icması ilə də görüş keçirib. Görüşdə “Qarabağ Ermənistandır, vəssalam” yazılmış plakat qaldırılıb. İran rejimi Dağlıq Qarabağla bağlı plakat qaldıran erməniləri cəzalandırmaq yerinə bu hadisəyə etiraz edənləri təqib etməyə başladı, etirazçılardan 29-u “Traxtur”-“Sepahan” oyunundan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldı.
İranın Azərbaycanın ərazi bütövlüyünə qarşı plakatın qaldırılmasına imkan tanıması güney azərbaycanlıların kəskin etirazına səbəb olub.

Bu xəbər oxundu
- - -