Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Abbas Lisani Apelyasiya Məhkəməsinin çağırdığı məhkəmə iclasına buraxılmayıb

15.04.19, 11:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Hazırda Ərdəbil Zindanında saxlanılan azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Apelyasiya Məhkəməsinin çağırdığı məhkəmə iclasına buraxılmayıb.
Ötən günlərdə Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 26-cı şöbəsi aprelin 13-də keçirilən iclasla bağlı fəalın evinə çağırış vərəqəsi göndərib. Bu barədə elektron məktubu vasitəsi ilə onun vəkili Əsğər Məhəmmədiyə də məlumat verilib.
Fəal həbsxanadan Apelyasiya Məhkəməsinə buraxılmadığı üçün məhkəmə iclası şənbə günü qiyabi olaraq keçirilib.
Tanınmış fəalın vəkili Apelyasiya Məhkəməsinə müraciət edərək çağırış vərəqəsinin həbsxanaya göndərilməsini və bu barədə həbsxana ilə koordinasiya edilməsini istəsə də onun tələbi təmin olunmayıb. Halbuki, qanuna görə müttəhim həbsxanada olduğu təqdirdə çağırış vərəqəsi zindan məsulları vasitəsi ilə ona çatdırılmalıdır.
Abbas Lisani Apelyasiya Məhkəməsinin baxdığı dosyeyə görə bundan əvvəl məhkəmə tərəfindən 10 ay həbs cəzasına məhkum edilib. O məşhur musiqi ustadı, mərhum Həsən Dəmirçinin dəfn mərasimində etdiyi çıxışla bağlı “İslam Cümhuriyyətinə müxalif olan qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırılıb.
Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsində qiyabi olaraq çıxarılan məhkəmə hökmünə verdiyi etiraza baxıldığı zaman təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq Ərdəbil Ettelaat İdarəsinin təcrixanasına, oradan isə bu şəhərin zindanınına aparılıb. O hazırda Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Fəal saxlandıqdan bir neçə həftə sonra Ərdəbil Prokurorluğunda irəli sürülən ittihamlarla tanış olub. Onun Qərbi Azərbaycan əhalisini silahlanmağa təhrik etmək, milli təhlükəsizliyə qarşı təhdid yaratmaq, qanunsuz qrup yaratmaq və sistemin əleyhinə təbliğat aparmaq kimi qondarma ittihamlarla üzləşdiyi məlum olub.
Heç bir əsası olmayan ağır ittihamların irəli sürülməsi azərbaycanlı fəala qarşı yeni ssenarinin qurulduğundan xəbər verir.
Abbas Lisani uzun illərdir Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

Bu xəbər oxundu
- - -