Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan mətbuatı: tarixi-xronoloji baxış

17.10.14, 11:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

I yazı

XIX yüzilin əvvəllərindən başlayaraq dünyadakı ictimai-siyasi proseslər bu və ya başqa şəkildə Azərbaycanın həyatına təsir etməyə başladı. Onillər boyunca Zaqafqaziyanın inzibati-mədəni mərkəzinin Tiflis olması mətbuat və ədəbiyyata da təsirini göstərmişdi. Bakıda ilk rus qəzetinin nəşrinədək xalqımızın iqtisadi və mədəni həyatına aid faktları Tiflisdə çıxan rus qəzetləri əks etdirirdi. XIX əsrin 20-ci illərindən başlayaraq "Tiflisskiye vedomosti", "Zakavkazski vestnik", "Kavkaz", "Novoye obozreniye" və başqa qəzetlərdə Azərbaycan xalqının ədəbi həyatına aid yazılar əhəmiyyətli yer tuturdu.
"Tiflisskiye vedomosti" qəzeti Qafqazda rus dilində çıxan ilk qəzet idi. Burada dekabristlərin iştirakı, qəzetin redaktor müavini V.D.Suxorukovun 14 dekabr hadisələri ilə sıx əlaqədar olması və s. haqqında məlumatlar əksini tapıb.
Təbiidir ki, o dövrdə Azərbaycana sorağı az da olsa gəlib çıxan bu nəşrlərin yeni çağın ictimai mühitinə təsiri yavaş-yavaş yaranır, silsilə ilə artırdı.
Rus-Azərbaycan ədəbi əlaqələri haqqında araşdırmalar aparan alimlər "Tiflisskiye vedomosti" qəzeti haqqında da yeri gəldikcə fikirlərini bildiriblər. "Tiflisskiye vedomosti" qəzetinin bəzi məqalələri mərkəzi qəzetlərdə yenidən dərc edilirdi. Bu qəzet 1829-cu ildə gürcü dilində, 1830-cu ildə fars dilində, 1832-ci ildə isə Azərbaycan dilində də buraxılıb. Azərbaycanca qəzetin adı "Tiflis əxbarı" idi.
XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatın yaranmasını gərəkli edirdi. Bu zərurəti dərk edən görkəmli maarifçi Həsən bəy Zərdabi hökumətə müraciət edərək çətinliklə olsa da belə bir qəzetin nəşrinə icazə ala bilmişdi. Qəzetin nəşri üçün Zərdabi İstanbuldan xüsusi ərəb mətbəə şriftləri gətirtməli olmuş və xeyli əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində qəzetin ilk nömrəsinin nəşrinə nail ola bilmişdi. "Əkinçi"nin nəşrilə həm də milli mətbuatımızın əsası qoyulmuşdu. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər nəşr edilən "Əkinçi" qəzetinin ümumilikdə 56 sayı işıq üzü görüb. Qəzet ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. Artıq illərdir ki, "Əkinçi" qəzetinin işıq üzü gördüyü gün Azərbaycanda "Milli Mətbuat günü" kimi qeyd edilir.
"Əkinçi" qəzetinin o çağkı Azərbaycan ictimai mühitinin ulusal əsaslar üzərində yaranmasına və inkişafına da ciddi təsiri oldu. Qəzetdə Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundovun məqalələri və başqalarının yazıları dərc olunurdu. 1877-ci il sentyabrın 29-da "Əkinçi"nin nəşrinə rəsmən xitam verildikdən sonra "Ziya", "Kəşkül" qəzetləri işıq üzü gördü.
Araşdırmaçılar hesab edir ki, "Kəşkül", "Əkinçi" ilə "Ziya" arasında orta bir mövqe tutmuşdu. Ümumiyyətlə, "Əkinçi"yə meyl hiss edilir. Ziyalıların şüurunda "Azərbaycan milləti" məfhumunun oyanması "Kəşkül" dövrünə təsadüf edirdi. Onlar başa düşmüşdülər ki, "din" və "millət" məfhumları ayrı-ayrı şeylərdir. "Kəşkül" qəzeti öz səhifələrində bu məsələləri aydınlaşdırmağa səy göstərmiş və ictimai-siyasi şüurun inkişafına kömək etmişdi. "Kəşkül" Azərbaycan millətinin inkişafı və başqa millətlərlə dostluq əlaqələrini möhkəmlətməsi haqqında da müsbət səciyyə daşıyan məqalələr çap edirdi. Bu məqalələrin bir çoxu mövzusu, ideya istiqaməti, dil-üslubu ilə fərqlənirdi.
Maraqlı bir fakta diqqət edək: 1870-ci ildən 1889-cu ilədək Qafqazda 56 mətbuat orqanı fəaliyyət göstərib. Bunun 20-si rus dilində, 15-i gürcü dilində, 15-i erməni dilində, 3-ü Azərbaycan (türk) dilində idi. Ayrı-ayrı elmi cəmiyyətlərin, idarə və təşkilatların rəsmi nəşrləri də nəzərə alınsa, rəqəm 69-a çatar. Həmin mətbuat orqanlarının bir çoxunun ömrü çox az olub. Cəmi 23 mətbuat orqanı 5 ildən yuxarı yaşaya bilib. Bunlardan rus nəşrləri aşağıdakılardır: "Qafqaz", "Tiflisski vestnik", "Tiflisskiye obyavleniya", ("Tiflisski listok"), "Kaspi", "Yuridiçeskoe obozrenie", "Bakinskiye izvestiya", ("Bakinski torqovo-promışlennı listok") və "Severnı Kavkaz".
Bakıda rus dilində çıxan qəzetlər ideya-siyasi nöqteyi-nəzərindən Qafqazın digər şəhərlərində çıxan rus qəzetləri ilə bir cərgədə gedirdi. Azərbaycanda çıxan ilk rus qəzeti "Bakinski listok" hesab edilir. Qəzetin redaktoru Bakı Real gimnaziyasının müəllimi Xristian Sink idi. Qəzetin ilk nömrəsi 1871-ci ilin martın 19-da (6-da) çıxmış, iyun ayında bağlanmışdı. 1872-ci ilin yanvarında qəzetin nəşri yenidən bərpa olunmuş, həmin il iyunun 3-dək davam etmişdi.
1876-cı ildə Bakıda rus dilində ikinci bir qəzet "Bakinskiye izvestiya" nəşrə başladı. Bu qəzet quberniya idarəsinin rəsmi orqanı idi və general-qubernator D.Staroselskinin təşəbbüsü ilə buraxılmışdı. Staroselski 1875-ci ildə "Əkinçi" qəzetinin nəşrinə də kömək etmişdi. Onun "Bakinskiye izvestiya" qəzetini çıxarmaqda məqsədi Bakı quberniyası haqqında oxuculara geniş məlumat vermək idi. O, hələ qəzet çıxmazdan xeyli əvvəl quberniya idarəsinin nəzdində mətbəə açmışdı, çapçılar dəvət etmişdi. 1888-ci ildən sonra qəzet "Bakinski torqovo-promışlennı listok" adı ilə çıxıb.
1894-cü ilin yanvarından "Bakinskiye qubernskiye vedomosti" adlı rəsmi dövlət qəzeti də fəaliyyətə başlayır. Qəzet teleqram və elanları olan əlavəsi ilə çıxırdı. Bu teleqram və elanların bir hissəsi Azərbaycan dilində buraxılırdı. Qəzet 1916-cı ilə qədər çıxıb. Adları çəkilən bu qəzetlərin hamısında rəsmi xəbərlər, qərarlar, elanlar və teleqramlar geniş yer tuturdu. Bakıda rus dilində çıxan burjua qəzetləri içərisində "Kaspi" qəzeti daha uzun ömür sürmüş, müxtəlif dövrlərdə cəmiyyətin həyatını öz baxışları nöqteyi-nəzərindən əks etdirmişdi. Qəzetin 1881-ci ildən 1919-cu ilədək müddətdə 10 min 65 nömrəsi çıxıb.
"Kəşkül" qəzeti bağlandıqdan sonra Tiflisdə Azərbaycan dilində mətbuat orqanı yaratmaq üçün bir neçə dəfə təşəbbüs olmuşdu. Məsələn, Məmmədağa Şahtaxtinski 1896-cı ildə Azərbaycan dilində "Tiflis" adlı, Kamal Ünsizadə isə 1900-cü ildə "Daniş" adlı qəzet çıxarmaq istəmişdilər. Lakin onların təşəbbüsü fayda verməmişdi. M.Şahtaxtinskinin "Şərqi-rus" adlandırdığı qəzetin birinci nömrəsi 1903-cü il martın 30-da çıxıb. Əvvəllər o, həftədə üç dəfə buraxılırdı. 1904-cü il iyunun 8-dən etibarən gündəlik qəzetə çevrilir. Araşdırmaçıların fikrincə, "Şərqi-rus" qəzeti XX əsrin ilk Azərbaycan, həm də ilk gündəlik Azərbaycan qəzetidir.
Azərbaycan mətbuatının qürurverici tarixi nəşrlərindən biri də "Molla Nəsrəddin" jurnalıdır. Jurnalın redaktoru Cəlil Məmmədquluzadə idi. Jurnalın birinci nömrəsi 1.000 nüsxə tirajla çap olunub yayılandan sonra az müddətdə "Molla Nəsrəddin" adı dillərdə gəzməyə başladı. Nəticədə jurnalın 2-ci nömrəsi 2.000 nüsxə tirajla çıxarıldı. C.Məmmədquluzadə senzor tərəfindən jurnalda nəşr olunmasına icazə verilməyən şəkillərin və ya materialların yerini ağ saxlayır və yaxud "Bizdən asılı olmayan səbəblərə görə bu yer ağ qaldı" deyə yazırdı. "Molla Nəsrəddin"in cəsarətli çıxışları onunla nəticələndi ki, 1907-ci il iyunun 8-də Tiflis general-qubernatoru jurnalın bağlanması haqqında əmr verdi. Bakıdan, Şəkidən, Zaqafqaziyanın bir sıra başqa yerlərindən Tiflisə jurnalın nəşrinin bərpasını tələb edən məktublar gəlirdi.
Qısa fasilədən sonra jurnalın 23-cü nömrəsi iyulun 25-də çıxdı. 1908-1909-cu illərdə bir neçə dəfə "Molla Nəsrəddin" jurnalını bağlamağa təşəbbüslər edilmişdi.
1911-ci il noyabrın 29-dan Bakıda "Məktəb" adlı yeni bir uşaq jurnalı nəşrə başladı. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1921-ci ildə nəşrə başlayan "Maarif" (cəmi 2 nömrəsi çıxıb) və "Qırmızı günəş" (sonra "Qızıl cavanlıq"), 1923-cü ildən çıxan "Gənc pioner", 1927-ci ildən çıxan "Pioner" jurnalları, "Azərbaycan pioneri" qəzeti və s. mətbuat orqanları nəşr olunur. Azərbaycan mətbuatının sovet dövrü Azərbaycanın sovet Rusiyasının istilası dövründə yaşamını özündə bütün çalarlarıyla əks etdirir.
1919-cu ildə 20-dən çox bolşevik qəzeti nəşr olunub. Azərbaycan dilində "Bakı Fəhlə Konfransının Əxbarı", "Azərbaycan gəncləri", "Hürriyyət","Haqq", "Füqəra sədası", "Zəhmət sədası", "Oktyabr inqilabı", "Gənc işçi", "Azərbaycan füqərası", rus dilində "Nabat", "Molot", "Proletari", "Raboçi put", "Qolos truda", "Bednota", "Molodoy raboçi", "Novı mir" və başqaları Azərbaycan bolşeviklərinin nəşr etdikləri qəzetlər idi. Bu qəzetlərin ömrü az olub, bəzilərinin cəmi bir və ya bir neçə nömrəsi çıxıb. "Kommunist" qəzeti "Hümmət", "Qoç-Dəvət", "Təkamül", "Yoldaş", "Hümmət" (1917-1918-ci illər), "Bakı Şurasının Əxbarı" kimi bolşevik qəzetlərinin davamçısı olaraq meydana çıxdı.
Sovet hakimiyyətinin sonuna kimi çıxmış əsas bolşevik-kommunist qəzeti olan "Kommunist"in 1919-cu il avqustun 29-da ilk sayı işıq üzü görüb. Azərbaycan bolşevikləri "Kommunist"i o dövrün hökumət orqanlarından (Azərbaycan Xalq Cümhuriyyətindən) xəbərsiz, yəni gizli buraxmışdılar. "Kommunist"in 1919-cu il gizli çıxan nömrəsini Ruhulla Axundov redaktə etmişdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci il aprelin 30-da Əliheydər Qarayevin redaktorluğu ilə "Kommunist" qəzeti leqal şəkildə öz nəşrinə başladı.
Azərbaycanda sovet hakimiyyətinin ilk illərində "Kommunist" və "Bakinski raboçi" qəzetlərinin səhifələrində qəzalardan tez-tez materiallar dərc olunurdu. 1923-cü il iyunun 16-da Bakıda "Kəndçi qəzetəsi"nin birinci nömrəsi çapdan çıxdı.
Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi (KPMK) 1923-cü il iyulun 2-də Bakıda Şərq qadınlarının, xüsusilə Azərbaycan qadınlarını ictimai-siyasi həyata alışdırmaq məqsədilə aylıq, ədəbi, ictimai və siyasi jurnal olan "Şərq qadını"nın nəşr olunmasını qərara aldı. "Şərq qadını" jurnalının 1-ci nömrəsi 1923-cü ilin noyabrında 40 səhifədən ibarət 1000 nüsxə tirajla çapdan çıxmışdı. Jurnalın ilk redaktoru Ayna Sultanova olub. 1938-ci ildən "Şərq qadını", "Azərbaycan qadını" adı ilə nəşr olunmağa başlayıb.

Uğur

Bu xəbər oxundu
- - -