Xeyriyyə aksiyasının növbəti ünvanı şəhid ailələri və qazilər oldu Hadisə

Xeyriyyə aksiyasının növbəti ünvanı şəhid ailələri və qazilər oldu

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Müqəddəs Ramazan ayı münasibətilə Bakıda xeyriyyə aksiyalarını uğurla davam etdirir.

Birlikdən verilən məlumata görə, tədbirin əvvəlində bütün şəhidlər, Etimad Əsədovun timsalında dünyadan köçən qaziləri rəhmətlə anılıb və ruhlarına dualar oxunub. Daha sonra görüşdə təşkilatın sədri Sevinc Əzimbəyli və Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli Ramazan ayının fəzilətləri barədə danışıblar. Onlar qəhrəman Qarabağ qazilərinin və şəhid ailələrinin üzərimizdə daha çox haqq sahibləri olduqlarını vurğulayaraq Müqəddəs Ramazan ayında onlara diqqət və qayğının artırılmasının vacibliyini qeyd ediblər.

C.Əzimbəyli Azərbaycan Ordusunun günbəgün gücləndiyini və tezliklə doğma Qarabağ torpaqlarının azad olunacağına əminliyini ifadə edib: “Məhz bu ayda işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Uca Yaradana edilən dualar qəbul olunur. Onu da qeyd edim ki, bu Ramazanda bütün şirkətlər və imkanlı şəxslər şəhid, qazi ailələrini, həmçinin imkansız insanları öz səxavətləri ilə sevindirməyə çağırıram. Bütün zənginləri ilahi fürsət ayında haqq sahiblərini sevindirməyə səsləyirəm”.

Birliyin sədri Sevinc Əzimbəyli isə bu xeyirxah aksiyanın həyata keçirilməsində onlara göstərdiyi daimi dəstəyə görə “Cənnət” şirkətinə öz minnətdarlığını bildirib.

“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev diqqət və qayğıya görə təşkilatın rəhbərliyinə təşəkkür edib: “Heç vaxt şəhid və qazi ailələrini unutmursunuz. Bütün özəl günlərdə, xüsusilə, Ramazan ayında bizə dəstək olursunuz. Buna görə də sizə və dəstək olan hər bir insana öz minnətdarlığımı bildirirəm”.

Onu da qeyd edək ki, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Ramazan ayı boyunca fərqli ünvanlarda xeyriyyə aksiyalarını davam etdirir.