Məhkəmə oğurluqda təqsirləndirilən şəxsə bəraət verib Hadisə

Məhkəmə oğurluqda təqsirləndirilən şəxsə bəraət verib

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda təqsirləndirilən Fərid Yusubun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Şəhla Hümbətova vəsatət verərək məhkəmə istintaqının yenilənməsini istəyib.

Vəkil bildirib ki, ittiham əsassızdır və mahiyyəti aydın deyil, dövlət ittihamçısı çıxışında ittihamı sübutlarla əsaslandırmayıb: "Təqsirləndirilən şəxsə qabaqcadan əlbir olan şəxslərlə cinayət törətməsi barədə ittiham verilsə də, onun cinayətdə rolunun nədən ibarət olması məlum deyil. Fərid Yusubun adı yalnız bir yerdə çəkilir ki, Gülnarə Şəkinskayanın ölkədən qanunsuz yolla çıxarılması ilə bağlı prosesdə yaxından iştirak edib, yəni xaricdə olsa da, mütəmadi olaraq, internet vasitəsilə ona məsləhətlər verib. Amma iş materiallarında isə bununla bağlı heç bir sübut, telefon və ya internet, sosial şəbəkələr üzərindən danışığı müəyyən olunmayıb.

Dövlət ittihamçısı çıxışında bildirib ki, Fərid Yusubun ittihamı şahid ifadələri ilə sübuta yetirilib. İş üzrə dindirilən şahidlər isə ifadələrində Fərid Yusubu, ümumiyyətlə, tanımadıqlarını bildiriblər".

Vəkil əlavə edib ki, zərərçəkmiş şəxsin ibtidai istintaqa ifadələrində kifayət qədər ziddiyyətli məqamlar var və onun məhkəmədə dindirilməsi təmin edilməyib. "Buna görə də onun ifadəsi mötəbər sübut kimi qiymətləndirilə bilməz".

Şəhla Hümbətova ittihamın sübuta yetirilmədiyini deyərək ona bəraət verilməsini istəyib.

Fərid Yusub da vəkilinin çıxışını dəstəkləyib.

Hakim müşavirədən sonra məhkəmə istintaqının yenilənməsi barədə vəsatəti təmin etməyib və hökmü elan edib.

Hökmə əsasən, Fərid Yusubun barəsindəki ittiham sübuta yetirilmədiyinə görə ona bəraət verilib. Həmçinin məhkəmə prosessual pozuntuya yol verdiyinə görə cinayət işinin istintaqını aparan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi barəsində xüsusi qərardad çıxarıb.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında Fərid Yusubun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunur. Gülnarə Şəkinskaya, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.

Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərov isə onlara yardım etməkdə günahlandırılırlar. Həmin şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Cinayət işində adları hallanan Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev barəsində axtarış elan olunub.

“İnterpol” xətti ilə beynəlxalq axtarışda olan Fərid Yusub xarici ölkədə saxlanılıb və Azərbaycana təhvil verilib.

Fərid Yusub ölkəyə gətirildikdən sonra barəsində həbs qətimkan tədbiri seçilib, müddət başa çatdıqda isə məhkəmə prokurorluğun müddətin uzadılması ilə bağlı təqdimatını təmin etməyib. Fərid Yusub barəsində heç bir qətimkan tədbiri seçilməyib və o, azadlıqda qalıb.

O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurdu.

Zərərçəkmiş qismində Emin Şəkinski tanınır.