ADA Universitetində 4-cü Beynəlxalq Təhsil Konfransı Hadisə

ADA Universitetində 4-cü Beynəlxalq Təhsil Konfransı

İyunun 19-da ADA Universitetində “İnklüziv, bərabər və keyfiyyətli təhsilə doğru: imkanlar, məqsədlər və hədəflər” şüarı altında 4-cü Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb. Konfrans ADA Universitetinin, Təhsil Nazirliyinin, Dünya Bankının və UNİSEF-in birgə təşkilatçılığı ilə keçirilir. Konfransın məqsədi təhsil sahəsində olan problemlərə və onların araşdırılmasına marağı artırmaq, islahatların daha çox tədqiqatyönümlü olmasına imkan yaratmaq, yerli və beynəlxalq təcrübəni bir araya gətirmək, gəncləri tədqiqata cəlb etməklə onların müvafiq sahədə bacarıqlarını artırmaqdır.

Universitetin təhsil işləri üzrə prorektoru Vəfa Kazdal iştirakçılara konfrans haqqında ətraflı məlumat verib. Bildirib ki, konfransa maraq ildən-ilə artır. Əgər 1-ci konfransa 25 tədqiqat işi təqdim olunmuşdusa, 4-cü konfransa 10-u xaricdən olmaqla 100-ə yaxın tədqiqat göndərilib. Vəfa Kazdal qeyd edib ki, təhsil sahəsində əldə edilən nailiyyətlər və görüləcək işlər iki gün ərzində konfransda müzakirə olunacaq. Yerli təhsil mütəxəssisləri ilə yanaşı, nüfuzlu beynəlxalq ekspertlər də öz təcrübələrini bölüşəcəklər.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxışında qeyd edib ki, beynəlxalq konfransın təşkili təqdirəlayiq haldır, ancaq belə tədbirlərin nəticələri daha vacibdir. Konfransın 4-cü dəfə keçirilməsi əvvəlki konfransların müsbət nəticələr verməsinə dəlalət edir. “Konfransda maraqlı mövzular müzakirə olunacaq. Təhsildə gündəmdə olan problemlər araşdırılacaq və onların həlli yolları axtarılacaq. Ümid edirəm ki, builki konfransdan da gözlənilən nəticələr əldə olunacaq”, – deyə rektor qeyd edib.

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycanın ən qabaqcıl ali məktəblərindən biri olan ADA Universitetində belə konfransın keçirilməsi olduqca əhəmiyyətlidir. Nazir Azərbaycanda təhsilin vəziyyəti, müvafiq sahədə aparılan islahatlar haqqında danışıb. Bildirib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən müddət ərzində təhsilin məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə nəzərdə tutulan hədəflərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb.

Ceyhun Bayramov diqqətə çatdırıb ki, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən bu günlərdə imzalanmış sərəncamlara əsasən regionlarda modul tipli məktəblərin quraşdırılması məqsədilə 18 milyon manat, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 40 milyon manat, təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə 5,7 milyon manat vəsait ayrılıb. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verəcək.

Tədbirdə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi və UNİSEF-in Avropa və Mərkəzi Asiya üzrə regional təhsil məsləhətçisi Parmosivea Soobrayan konfransın əhəmiyyətindən, Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətlərdən və mövcud problemlərdən danışıblar.

Çıxışlardan sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.