Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili məsələləri Hadisə

Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili məsələləri

İyunun 19-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili məsələləri” mövzusunda elmi sessiya keçirilib. Sessiya Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr edilib.

İnstitutdan bildirilib ki, tədbiri elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli açaraq Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamının əhəmiyyətindən danışıb. Bildirib ki, Cəlil Məmmədquluzadənin yaradıcılığında ortaq türk ədəbi dili, ana dilinin saflığı, əlifba məsələsi aparıcı mövzular idi. Cəlil Məmmədquluzadə 1913-cü ildə yazdığı “Əlifba” felyetonunda əlifba ilə bağlı oxucu kütləsini maarifləndirir, onları düşünüb-daşınmağa çağırırdı. Ən çətin və elmi məsələləri sadə dillə başa salmaq, anlatmaq Cəlil Məmmədquluzadənin yaradıcılıq üslubu idi.

Sessiyada professor Alxan Bayramoğlunun “Cəlil Məmmədquluzadənin əsərlərində “yuxarı silkin” bədii obrazları”, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Quliyevanın “Cəlil Məmmədquluzadə yaradıcılığında toponimlərin üslubi xüsusiyyətləri”, dosent Səadət Vahabovanın “Cəlil Məmmədquluzadə yaradıcılığında milli mənlik problemi” mövzularında məruzələri dinlənilib.

Bildirilib ki, Cəlil Məmmədquluzadənin əsərləri Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi misilsiz bədii sənət nümunələridir. Bütün varlığı ilə Azərbaycan xalqına xidmət edən, Azərbaycan ədəbiyyatına yeni janrlar bəxş edən, ədəbi məktəb yaradan, tənqidi realizmin banisi olan Cəlil Məmmədquluzadənin xatirəsinə ehtiram hər bir ziyalının mənəvi borcudur.