Pilotun cənazəsi torpağa tapşırılıb Hadisə

Pilotun cənazəsi torpağa tapşırılıb

Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev dəfn olunub.
Pilotun cənazəsi II Fəxri Xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Pilotun cənazəsi bükülmüş Azərbaycan bayrağı Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov tərəfindən onun xanımı Könül Hüseynovaya təqdim olunub.

Qeyd edək ki, iyulun 24-də təlim-məşq uçuşları keçirən zaman qəzaya düşən MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi ötən gün tapılaraq dənizdən çıxarılıb.

Təyyarənin “qara qutu”su Rusiyaya göndəriləcək?

“İnternetdə bu tipli qəzaları araşdırdım, məlumatlar topladım. Qəribədir ki, qəzaların böyük əksəriyyətində pilot katapult edib. Rəşadın təyyarə qəzası sirlidir. Qara qutunun açılması və məlumatların oxunması bu qəzanın üzərinə böyük işıq saçacaq".
Rəşad Atakişiyevin dəfn mərasimində R. Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli deyib.
Q.Hüseynli qeyd edib ki, Rəşadın qəzaya uğradığı təyyarə ilə radar və radioəlaqə eyni zamanda kəsilib: "Əlaqə kəsilən kimi də təyyarənin dənizə doğru yönləndiyi təspit edilib. Hər şeyi aparılan tətqiqatların nəticəsi söyləyəcək. Bildiyimə görə, "qara qutu" Azərbaycanda tədqiq olunacaq. Bununla bağlı laboratoriya yaradılıb. Bildiyimiz kimi, təyyarə son təmir üçün Ukraynanın Lvov şəhərinə göndərilib. Ona görə də Ukraynadan mütəxəssislər çağırılıb.
"Qara qutu" bir qədər zədələndiyinə görə özləri ilə qab gətirəcəklər və qutu yeni qaba köçürüləcək. Məncə, problem olmadan oxunacaq. "Qara qutu"nun Rusiyaya göndərilməsi variantını mənim kimi ölkə rəhbrəliyi də istisna edir".
Q.Hüseynli vurğulayıb ki, şəhid Rəşad Atakişiyev torpağa tapşırıldı, onun qanı torpağa olmasa da, Xəzər dənizinə tökülüb: "Rəşad çox şərəfli ömür sürüb. Onun bir çox xəyalları var idi. Amma reallaşa bilmədi. O, Vətən uğrunda şəhid oldu".

“Arzumuz baş tutmadı”

"Onun məğrurluğu, şücaəti bizə güvən verirdi ki, Rəşad sağ-salamat evinə, övladlarının yanına qayıdacaq. Təəssüf edirik ki, arzumuz, xəyallarımız baş tutmadı"
Bunu isə Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova deyib. O, bildirib ki, Rəşad mərd, vətənpərvər, gözəl insan idi.
"Həyat yoldaşım pak hisslərlə yaşayırdı. İki gül balası onun adını layiqincə davam etdirəcək və ölkəmizə layiqli, vətənpərvər şəxs kimi yetişəcəklər".
Pilotun həyat yoldaşı axtarışlar zamanı xilasetmə qruplarının gərgin əməyinin şahidi olduğunu qeyd edib: "Hava şəraiti bu günlərdə tapılmasına imkan verdi. Onlara da təşəkkür edirik".