İctimai iaşə müəssisələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib Hadisə

İctimai iaşə müəssisələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib

Qida Təhlükəsizliyi Agentliyi ölkədə qida təhlükəsizliyinin təmin edilməsi sahəsində heyvan sağlamlığının təmin olunması və istehlak üçün yalnız baytarlıq müayinəsindən keçmiş heyvan mənşəli məhsulların istifadəsi ilə əlaqədar olaraq hüquq-mühafizə orqanları ilə birlikdə mütəmadi şəkildə mənşəyi məlum olmayan, istehlak üçün yararsız heyvan mənşəli məhsulların dövriyyədən çıxarılması istiqamətində ciddi tədbirlər görülür. Bu sahədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə birgə həyata keçirilən tədbirlər müsbət nəticə verir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Qida Təhlükəsizliyi Agentliyinin məlumatları əsasında Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən həyata keçirilən tədbirlər zamanı Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində və Bakının Nərimanov rayonunda 40 tona yaxın mənşəyi məlum olmayan, istifadəyə yararsız ətin aşkarlanması bu sahədə qanunsuz halların hələ də mövcud olduğunu sübut edir. Həmin hallarla əlaqədar agentlik tərəfindən kompleks tədbirlərin miqyası genişləndirilib və qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinə, ictimai iaşə obyektlərinə və heyvan mənşəli məhsulların emalı sahələrinə həyata keçirilən nəzarət tədbirləri və reydlərin sayı artırılıb.
Bununla bağlı olaraq agentlik bir daha ictimai iaşə və heyvan mənşəli məhsulların emalı müəssisələrinin sahiblərinə xəbərdarlıq edərək bildirir ki, baytarlıq nəzarətindən keçməmiş heyvan mənşəli məhsullardan istifadə olunması ilə bağlı hər hansı bir fakt aşkarlandıqda qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək. Eyni zamanda istehlakçılara tövsiyə olunur ki, ictimai iaşə, satış və digər məkanlarda heyvan mənşəli məhsullar alarkən məhsulun baytarlıq nəzarətindən keçdiyini sübut edən sənədləri tələb etsinlər və mənşəyi məlum olmayan bu tipli qida məhsullarının istehlakına yol verməsinlər.