Azərbaycanlı yazıçıların əsəri dünyanın ən yaxşı 10 psixoloji əsərləri arasında yer alıb Hadisə

Azərbaycanlı yazıçıların əsəri dünyanın ən yaxşı 10 psixoloji əsərləri arasında yer alıb

Xaricdə yaşayan iki azərbaycanlı yazıçının əsəri dünyanın ən yaxşı 10 psixoloji əsərləri arasında yer alıb. Sorğu Rusiyanın tanınmış “ВКонтакте” virtual “Kitab” şəbəkəsi (vk.com) tərəfindən aparılıb. Sorğuda ikinci yerdə Rusiyada yaşayan azərbaycanlı yazıçı Sabit Əliyevin "Şəkərsiz qəhvə" əsəri yer alıb. Hekayənin qəhrəmanı Moskvaya köçərək, tanımadığı bir dünyaya girir, burada heç bir dostu, tanışı yoxdur, başının üstündə dam yoxdur. Bütün sınaqları cəsarətlə dəf edir. Qələbə yolunda, sirli bir yad adamla təsadüfi qarşılaşma təbii bir fəlakət kimi hər şeyi unutduran hiss olaraq həyatına daxil olur. Güclü, iradəli müasir insan ona qarşı çıxa bilmir.
Xatırladaq ki, Sabit Əliyev 1977-ci ildə Salyan rayonunun Qarabağlı kəndində doğulub. Orta məktəbi 1993-cü ildə Şirvan şəhərində bitirib. Ali təhsilini Stomatologiya üzrə alıb. Moskvada fəaliyyət göstərən Centr-Estet şirkətinin banisidir. 2013-cü ildən Frankfurt və Vyana Universitetlərinin sertifikatlı həkim-implantoloqudur.
2005-ci ildən Moskva şəhərində yaşayan soydaşmız üç kitab- “Özgə evi”, “Evə doğru uzun yol” və “Qismət deyilmiş” və doqquz hekayənin müəllifidir. 2016-cı ildən Rusiya Yazıçılar İttifaqının üzvüdür. Bütün roman və hekayələri Azərbaycan dilinə tərcümə olunub və dünyanın bütün elektron kitabxanalarında satılır. Yeri gəlmişkən, müəllifin "Şəkərsiz qəhvə" əsəri hazırda Bakıda "Apostroff" nəşriyyatında çap olunur. Yaxın günlərdə əsərin Bakıda təqdimatı keçiriləcək.
Sorğuda Türkiyədə yaşayan azərbaycanlı yazıçı Elçin Səfərlinin isə "İşığın yandığı ev" əsəri 3-cü olub. Əsərdən sitat: “... Mən həqiqəti bu sözlərimdə görürəm - bunlar əsl sevgi, həyat eşqi, bu sevginin mövcudluğu haqqında. Onu tapmaq üçün heç yerə getmək lazım deyil, kiliddə açarı açın: möhkəm qucaqlayın, yeni bir gündə tanış olduğunuzdan məmnun olun və barışa bilin. Sanki iyul dənizinin yaxınlığında gözləriniz bağlı, ancaq açıq ürəklə oturursunuz. Görüşdüyünüz və özünüzü tanıdığınız zaman, sevdiyiniz mahnılarınızı oxumaq və birdən çox fincan qəhvə hazırlamaq istədiyiniz birini tanıyacaqsınız".
Xatırladaq ki, Elçin Səfərli Bakı şəhərində 1984-cü il mart ayının 12-də anadan olub. 16 yaşında Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinə daxil olmağı ilə mətbuatda öz peşəkar fəaliyyətinə başlayıb. "Exo" qəzetində çalışıb. Uzun illər İstanbulda yaşayıb və bu da onun erkən yaradıcılığına təsir edib: onun ilk romanlarının məzmunu Türkiyə ilə bağlıdır. Yazıçı rus dilində yazır. "İkinci Orxan Pamuk" adını "Bosforun şirin duzu" (rus. «Сладкая соль Босфора») adlı ilk kitabı işıq üzü görəndən sonra qazanıb. 2011-ci ildə Elçin Səfərli haqqında rejissor Sergey Saraxanov tərəfindən qısametrajlı film çəkilib.