Qubada “Yurdum Azərbaycanım” adlı intellektual turnir keçirilib Hadisə

Qubada “Yurdum Azərbaycanım” adlı intellektual turnir keçirilib

Quba rayonunda vətənpərvərliyin intellektual oyunlar vasitəsilə təbliği məqsədilə yeniyetmə və gənclərdən ibarət 19 komandanın – ümumilikdə 114 nəfər yeniyetmə və gəncin iştirakı ilə yarış keçirilib.

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin “Yurdum Azərbaycanım” intellekt marafonu layihəsi çərçivəsində keçirilən tədbirin rəsmi açılış mərasimində çıxış edən layihə rəhbəri Ramin Mahmdov bildirib ki, turnirin keçirilməsində əsas məqsəd ölkə Prezidenti cənab İlham Əliyevin Nəsiminin 650, Cəfər Cabbarlının 120, Cəlil Məmmədquluzadənin 150, İsmayıl Şıxlının 100, Əhməd Ağaoğlunun 150 illik yubileylərinin keçirilməsi ilə əlaqədar verdiyi sərəncamlardan irəli gələn vəzifələrin gənclər arasında təbliğinə dəstək vermək, eyni zamanda vətənpərvərliyin gənclər arasında intellektual oyunlar vasitəsilə təbliğinə nail olmaqdır.

Tədbirdə çıxış edən Quba rayon Təhsil Şöbəsinin əməkdaşı Vüqar İmaməliyev tədbirin Qubada keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirərək qeyd edib ki, bu kimi əyləncəli və öyrədici tədbirlər yeniyetmə və gənclərin həm asudə vaxtının səmərəli təşkilinə, həm də daha həvəslə yeni bilikləri qavramasına təkan verir.

Tədbirdə iştirak edən Azərbaycan Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov çıxışında Gənclər Fondunun fəaliyyəti, onun gənclərə yönəlik müxtəlif müsabiqələri haqqında məlumat verərək gəncləri bu imkanlardan yararlanmağa çağırıb.

Layihənin tərəfdaşı olan Ekspress Quba Təhsil Mərkəzinin rəhbəri Hümmət Əliyev gənclərin bilik və bacarıqlarının inkişafı üçün daim belə tədbirlrə dəstək verməkdə maraqlı olduqlarını bildirib və layihəyə dəstək verdiklərinə görə Gənclər Fonduna və icraçı “Yurd” təşkilatına təşəkkürünü bildirib.
Rəsmi hissədən sonra keçirilən yarışmada Quba rayonunun Zərdabi qsəbəsini təmsil edən “ATOM” komandası birinci, Quba şəhərini təmsil edən “Zirvə” biliciləri ikinci, “Qriffindor” adını daşıyan komanda isə üçüncü olub.

Yekunda qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal, diplom və müxtəlif bədii ədəbiyyat nümunələri ilə eyni zamanda layihənin tərəfdaşı “Ekspress Təhsil Mərkəzi”nin hədiyyələri və müvafiq olaraq 80,60 və 40 faizlik güzəştli təhsil kuponları ilə təltif ediliblər.