Bakıda “Pekin Təhsil Sərgisi 2019” keçirilib Hadisə

Bakıda “Pekin Təhsil Sərgisi 2019” keçirilib

Noyabrın 13-də Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünün inkişafı və Azərbaycan-Çin humanitar əməkdaşlığının genişlənməsi çərçivəsində Bakıda “Pekin təhsil sərgisi” keçirilib. Çin Xalq Respublikası təhsilinin 70 illiyinə həsr olunan tədbirdə Azərbaycan universitetləri ilə yanaşı, Pekinin Tibb Universiteti, Neft-Kimya Texnologiyaları İnstitutu, İnformasiya Elmləri və Texnologiyaları İnstitutu daxil olmaqla 7 aparıcı təhsil müəssisəsi iştirak edib.
Çinin Azərbaycandakı səfirliyinin, “OULU” Pekin Beynəlxalq Təhsil Mərkəzinin və Azərbaycan Dillər Universitetinin (ADU) dəstəyi ilə Pekin Bələdiyyəsinin Təhsil Komissiyası tərəfindən təşkil olunan sərginin keçirilməsində məqsəd iştirakçıları Çində təhsil almaq və ölkələrimiz arasında tələbə mübadiləsi imkanları ilə tanış etməkdir. Sərginin açılış mərasimində çıxış edən Pekin təhsil nümayəndə heyətinin rəhbəri, Bələdiyyə Təhsil Komissiyasının Maliyyə departamentinin direktoru Fan Çjunvey iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini söyləyib. O, sərginin Azərbaycan gənclərinə Pekində beynəlxalq təhsilin yüksək səviyyəsini öyrənməyə, həmçinin gənclər arasında dostluq mübadiləsinin genişlənməsinə kömək edəcəyinə ümidvar olduğunu bildirib.

Tədbirdə ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov rəhbərlik etdiyi qurumun elmi-müəllim və ictimai-maarifçilik fəaliyyəti, Çin dili kurslarının işi, ADU ilə aparıcı universitetlər arasında tələbə mübadiləsi, Azərbaycan gənclərinə Çinin tarixi və mədəniyyəti ilə tanış olmaq, Çin dili bilik səviyyəsini artırmaq üçün bu ölkənin universitetləri ilə əməkdaşlıq planları haqqında məlumat verib.
Bildirib ki, bugünkü sərgi Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində iştirak edən ölkələrin təhsil ictimaiyyəti yaratmaq üçün mühüm addım olaraq təhsil ehtiyatları mübadiləsini genişləndirəcək, Azərbaycan və Çin ali universitetləri arasında əməkdaşlığın dərinləşməsinə kömək edəcək, istedadlı mütəxəssislərin dəstəyini təmin edəcəkdir. Pekinin aparıcı təhsil müəssisələrinin proqramlarının təqdimatları zamanı Azərbaycanın ali universitetlərinin tələbələri Çində təhsil və ölkələrimiz arasında tələbə mübadiləsi imkanları, eləcə də Çinin Təhsil sistemi və mədəniyyəti ilə tanış ola biliblər.