Türkan qəsəbəsində sakinlərin problemləri dinlənilib Hadisə

Türkan qəsəbəsində sakinlərin problemləri dinlənilib

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Türkan qəsəbəsinin sakinləri ilə görüşü olub. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən bildiriblər ki, görüşdə rayon icra hakimiyyətinin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri ilə yanaşı, BŞİH-in məsul əməkdaşları iştirak ediblər. Əvvəlcə rayon icra hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayev qəsəbədə görülmüş işlərlə bağlı məlumat verib.
“Açıq mikrofon” formatında sakinlərin fəallığı ilə keçən görüşdə Xəzər RİH-in başçısı Elşən Salahov Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq yerlərdə mütəmadi səyyar görüşlərin keçirildiyini bildirib, son vaxtlarda rayonda, eləcə də Türkan qəsəbəsində həyata keçirilən işlərdən danışıb. Qəbulda sakinlərin səsləndirdikləri müraciətlər, təkliflər və rəylər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Sonra çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyətini diqqətə çatdırıb, bu cür görüşlərin əhalinin problemlərinin öyrənilməsinə və onların operativ həllinə imkan verdiyini bildirib.