Azərbaycan Universiteti “Bir” Tələbə-Könüllü Proqramına qoşulub Hadisə

Azərbaycan Universiteti “Bir” Tələbə-Könüllü Proqramına qoşulub

Azərbaycan Universitetində Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib. Universitetdən bildirilib ki, tədbirdə iştirakçılara proqram haqqında məlumat verilib, tələbə-könüllülərin fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub. Elmi işlər üzrə prorektor, professor Yusif Qasımov deyib ki, dinamik iqtisadi inkişaf tempi və uğurları ilə dünyanın diqqətini cəlb edən Azərbaycan idman sahəsində mühüm yarışlar, beynəlxalq humanitar forumlar, konfranslar və mədəni tədbirlərə yüksək səviyyədə ev sahibliyi edərək təşkilatçılığı ilə öz gücünü nümayiş etdirir. Ölkəmizin bu sahələrdə beynəlxalq platformaya çevrilməsi gənclərə fərdi bacarıqlarını inkişaf etdirməyə geniş imkanlar yaradır, genişmiqyaslı tədbirlərin təşkilində və həyata keçirilməsində tələbə könüllülər mühüm rol oynayırlar.
“Bir” Tələbə-Könüllü proqramının rəhbəri Canoğlan İlyasov proqramın yaranma tarixi, uğurları, fəaliyyət istiqamətləri, tələbələrə qazandırdığı imkanlardan danışıb və qeydiyyat qaydaları haqqında məlumat verib. Bildirib ki, proqram 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən könüllü hərəkatının institutlaşması istiqamətində vahid tələbə könüllü bazasının yaradılması, könüllü tələbələrlə işin təşkilinin sistemləşdirilməsi, tələbələrin könüllü fəaliyyətlə məşğul olmalarının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən 2015-ci il dekabrın 14-də yaradılıb. Milli könüllü platforması kimi 25 mindən çox tələbə-könüllünü əhatə edən layihə 11 regionda 40-dan çox təhsil müəssisəsini birləşdirir. Altı istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 500-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib.
Tədbirdə qeyd olunub ki, Azərbaycanda könüllülük sahəsində ilk dəfə həyata keçirilən “Elektron könüllü portalı” proqram tərəfindən yaradılıb. Bu sistem vasitəsilə hər bir tələbə-könüllünün iştirak etdiyi tədbirlərin sertifikatı www.konullu.edu.az saytındakı hesabında yerləşdirilir. Portal tələbə könüllülərə elektron əmək kitabçası da verir. Proqrama qoşulmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçərək fəal tələbə-könüllülərdən ola bilərlər.