Tibb Universitetində uğurlu əməliyyat Hadisə

Tibb Universitetində uğurlu əməliyyat

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında daha bir ağırlaşmış hamiləlik anamnezindən – qastroşizislə doğulmuş körpənin müalicəsi uğurla nəticələnib. Klinikanın neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı bildirib ki, uşaq Qeysəriyyə yolu ilə vaxtından əvvəl – 32-33 həftəliyində 1,8 kiloqram çəki ilə dünyaya gəlib: “Ana hamiləlik zamanı başqa klinikada dəfələrlə müayinələrdə olmasına baxmayaraq, dölün bətndaxili diaqnozu elə bizim klinikada qoyulub. Belə ki, hamiləliyin 30-cu həftəsində qastroşizis diaqnozu qoyulub. Qastroşizis inkişaf qüsurudur. Qarının ön divarında, göbək ətrafında əzəlı qatı bətn daxilindən defektiv olduğundan, bağırsaqlar qarın boşluğunda deyil, xaricdə olur. Qastroşizisin cərrahiyyə əməliyyatı çox mürəkkəbdir. Eyni zamanda, bu xəstələrə əməliyyatdan sonrakı dövrdə peşəkar neonatal xidmət tələb olunur. Belə ki, xəstələrdə bu dövrdə bağırsaq nekrozu - nekrotik enterokolit xəstəliyi, erkən neonatal sepsis, böyrək çatışmazlığının yaranma ehtimalı yüksəkdir.
Hamiləliyin 3 ayından etibarən qastroşizin bətndaxili diaqnostikası mümkündür və erkən diaqnostika vacibdir. Bu zaman hamilələrdə polihidroamnioz - dölyanı suyun çoxluğu olur, bətndaxili inkişafdanqalma, bətndaxili ölüm riski, erkən doğum riski gözlənilir. Doğumdan dərhal sonra ilk növbədə qarının defektiv nahiyəsinin, orqanların sterilliyi qorunaraq vəziyyəti stabilləşdirilir, əməliyyata hazırlanaraq cərrahi müdaxilə aparılır - bağırsaqlar qarının içinə yerləşdirilir və qarın örtülür”.
Həkim bildirib ki, dölyanı suyun çox olması, dölün bətndaxili inkişafının zəifləməsi ilə yanaşı, ürək döyüntülərinin və hərəkətlərinin zəifləməsi müşahidə olunduğundan, körpənin sağ qalması üçün hamiləliyin 32-33-cü həftəsində sonlandırılması qərara alınıb. A.Rüstəmxanlının sözlərinə görə, körpənin doğulması və sonrakı müalicəsində ATU-nun Tədris Cərrahiyyə Klinikasının peşəkar həkimlərinin rolu böyükdür: “Qastroşizis diaqnozlu, həm də vaxtından erkən doğulmuş körpəni 12 gün sonra evinə sağlam şəkildə yola salmaq qürurvericidir”.