Səyyar ASAN xidmət penitensiar xidmət müəssisələrində Hadisə

Səyyar ASAN xidmət penitensiar xidmət müəssisələrində

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin birgə əməkdaşlığı ilə cəzaçəkmə müəssisələrində səyyar formada xidmətlər həyata keçirilir. Cari ilin aprel ayından start verilən tədbirlər Səyyar ASAN xidmət çərçivəsində reallaşdırılır.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, penitensiar xidmət müəssisələrində cəza çəkən şəxslər üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.
Bu günə qədər Bakı şəhəri üzrə 2 istintaq təcridxanası, 17 cəzaçəkmə və 1 müalicə müəssisəsi, Gəncə şəhəri üzrə 1 istintaq təcridxanası, Şəki şəhəri üzrə 1 penitensiar xidmət müəssisəsi olmaqla, ümumilikdə 1300-dən çox şəxs müvafiq xidmətdən yararlanıb.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.