Qonaqpərvərlik və turizm sahəsində təhsil və karyera imkanları Hadisə

Qonaqpərvərlik və turizm sahəsində təhsil və karyera imkanları

Xaricdə təhsil alıb, uğurlu karyera qurmaq bir çox gəncin arzusudur. Düzgün seçilmiş universitet gələcəkdə aparıcı şirkətlərdə karyera perspektivlərini açacaq və ya öz biznesinizi qurmağa kömək edəcəkdir. Ən sürətlə inkişaf edən sahələrdən biri olan Qonaqpərvərlik və Turizm sahəsində təhsil və karyera imkanlarına həsr olunmuş tədbir noyabr ayında JW Marriott Absheron otelində baş tutmuşdur.
Bu sahənin aparıcı universitetlər sırasına daxil olan Glion və Les Roches Universitetlərinin Azərbaycanda yeganə rəsmi nümayəndəsi olan Prime Education Şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirdə tələbələr və valideynlər proqramlar, qəbul qaydaları və karyera imkanları haqqında məlumat əldə etdilər.
Les Roches Universitetinin Direktoru cənab Karlos Diez de la Lastra, Glion və Les Roches Universitetlərinin Mərkəzi və Şərqi Avropa üzrə tələbə qəbulu komissiyasının rəhbəri cənab Nicat Musayev tələbələrə dünyanın aparıcı şirkət və otellərinin gələcək əməkdaşlarında görmək istədikləri keyfiyyətləri və bacarıqları haqqında danışdılar, Universitetlərin öz tələbələrini bunlara uyğun tədris etdiklərini bildirdilər.
Hər iki Universitetin məzunları təhsilləri, tələbə həyatları, əldə etdikləri uğurlar və təcrübələri haqqında fikirlərini bölüşdülər. Les Roches Universitetinin məzunu, həmçinin Universitetin Azərbaycandaki səfiri Nazim Süleymanov Qalaaltı Hotel&Spa otelinə Otel Əməliyyatları Meneceri təyin olunmasında Les Roches Universitetinin rolu haqqında danışdı.
Tədbirin xüsusi qonağı olmuş Xalq artisti, M Group Production Şirkətinin direktoru Murad
Dadaşov Qonaqpərvərlik sənayesinin daxilindən necə işlədiyini müzakirə etdi. Görüş zamanı qeyd olundu ki, Azərbaycanda keçirilən beynəlxalq idman və mədəniyyət tədbirləri bu sahənin ölkəmiz üçün aktual olduğunu və yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini göstərir. Les Roches Universitetinin dəvəti ilə Marbella kampusunda səfərdə olmuş Murad bəy, Universitetdə tələbələr üçün yaradılan şərait, yüksək keyfiyyətli tədris və təklif olunan karyera imkanları haqqında danışdı. Murad bəyin qeyd etdiyi kimi də, bu Universitetlərdə təhsil gənclərimizə böyük imkanlar verə və Beynəlxalq Olimpiya Komitəsi, Disneyland, Marriott, Hyatt, Hilton, Bloomberg, Booking.com, J.P.Morgan, Louis Vuitton kimi dünyanın aparıcı şirkətlərində karyera qurmağa tramplin ola bilər.