ADA Universitetində 20 yanvar faciəsinin 30 illiyinə həsr edilmiş tədbir keçirilib Hadisə

ADA Universitetində 20 yanvar faciəsinin 30 illiyinə həsr edilmiş tədbir keçirilib

Prezidentin köməkçisi: “Qorbaçovdan Nobel sülh mükafatını geri almaq hələ də gec deyil”


“20 Yanvara Sumqayıt hadisələrindən başlayan və Xocalıda davam edən hadisə kimi baxmaq lazımdır”.
Bunu dünən ADA Universitetində 20 yanvar faciəsinin 30 illiyinə həsr edilmiş tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirilirdi və bu proses Dağlıq Qarabağda da gedirdi: “Məhz Heydər Əliyevin sovet rəhbərliyindən uzaqlaşdırılmasından sonra bu proseslər həyata keçirildi. 20 Yanvara hərbi nöqteyi-nəzərdən də baxmaq lazımdır. Bakının yad şəhər kimi işğalı kimi bir plan hazırlanmışdı. Tank və digər birləşmələrdən istifadə edildi, yalnız artilleriya çatmırdı. Məqsəd insanları küçələrdə kütləvi şəkildə öldürmək idi. Bu proses həm də informasiya blokadası şəraitində həyata keçirildi. Xarici jurnalistlər Moskvada akkreditasiyada idi və Bakıya buraxılmamışdılar. Çox az sayda jurnalistin fədakarlığı nəticəsində Heydər Əliyevin Azərbaycan nümayəndəliyinə getməsi və Heydər Əliyev orada mətbuat konfransı keçirəndən sonra beynəlxalq mediada fərqli mənzərə yarandı. Beynəlxalq mediada qeyd edildi ki, Bakıda faciə törədilib. Oktyabrın 15-də isə Mixail Qorbaçova Nobel sülh mükafatı verildi. Qorbaçovdan Nobel sülh mükafatını geri almaq hələ də gec deyil”.
Hikmət Hacıyev Ermənistan Baş Naziri Nikol Paşinyanın 20 Yanvar şəhidləri ilə bağlı fikirlərinə münasibət bildirib.
Onun sözlərinə görə, Hikmət Hacıyev deyib ki, Ermənistan tərəfi cəfəng, ziddiyyətli bəyanatlar verir.
H. Hacıyev N. Paşinyanın 20 Yanvar şəhidlərini ekstremist adlandırdığını xatırladıb: “Bu, cəfəngiyyatın bariz nümunəsidir, ondan başqa nə gözləmək olardı? O, Soljenitsını faşist cəlladı, faşist qüvvələrinin tərkibində qulluq etmiş Njde Qareginlə müqayisə etmişdi”.
H. Hacıyev 20 Yanvar faciəsinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunduğunu, şəhidlərin xatirəsinin əziz tutulduğunu vurğulayıb: “20 Yanvar beynəlxalq səviyyədə, bütün diplomatik nümayəndəliklərimizdə də qeyd olunur. 20 Yanvar faciəsi ilə bağlı müxtəlif tədbirlər keçirilir, faciə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır”.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Azərbaycan və Ermənistanın birinci xanımlarının görüşü barədə təklifin rəsmi Bakı tərəfindən qəbul edilməməsi barədə Ermənistan tərəfinin iddiası ilə bağlı deyib ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif cəfəng fikirlər söyləmək əvəzinə ən lazımi və labüd addımları atmalıdır.
H. Hacıyev vurğulayıb ki, bu addım Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasıdır: “Münaqişənin həlli populizm obyekti olmamalıdır. Ermənistan işğalçı dövlətdir, 1 milyondan çox qaçqın və məcburi köçkün var. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etmək istəyiriksə, münaqişənin fundamental əsasını təşkil edən amil, yəni işğal amili aradan qaldırılmalıdır. Sonra münaqişənin həllində müxtəlif tədbirlər, o cümlədən müxtəlif etimad quruculuğu xarakteri daşıyan tədbirlərin həyata keçirilməsi kimi məsələlər ola bilər. Amma bir daha qeyd edim, Ermənistanın üzərinə düşən beynəlxalq, hüquqi və siyasi məsuliyyət ondan ibarətdir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan müxtəlif fəaliyyətlər həyata keçirir. Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətləri dayandırmalıdır. Məhz bundan sonra Ermənistan iddia edə bilər ki, danışıqlar prosesində konstruktiv və səmimi şəkildə iştirak edir”.
Hikmət Hacıyev Avropa Parlamenti tərəfindən Avropa İttifaqının xarici və müdafiə siyasətinin həyata keçirilməsinə dair qətnamədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün dəstəklənməsinə də münasibət bildirib.
H. Hacıyev qeyd edib ki, Avropa İttifaqı tərəfindən Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suverenliyi ilə əlaqədar ardıcıl mövqe nümayiş etdirməsi təqdirəlayiqdir.
H. Hacıyev deyib ki, bundan əvvəl “Şərq tərəfdaşlığı” ilə əlaqədar Brüssel sammitinin yekun sənədlərində, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında hazırlanmış tərəfdaşlıq prioritetləri sənədində Azərbaycanın ərazi bütövlüyünə münasibətdə qətiyyətli və birmənalı dəstək var: “Bu xəttin davamı olaraq Avropa Parlamenti tərəfindən Avropa İttifaqının xarici və müdafiə siyasətinin həyata keçirilməsinə dair olan sənəddə Şərq tərəfdaşlığı ölkələrinin, o cümlədən də Azərbaycan Respublikasının ərazi bütövlüyünə münasibətdə ifadə olunan bu mövqeni yüksək qiymətləndirir və təqdir edirik. Bunu da xüsusi vurğulamaq istərdik ki, Avropa İttifaqı və digər beynəlxalq təsisatlar tərəfindən də mövcud olan münaqişələrə münasibətdə Helsinki Yekun Aktının prinsipləri birmənalı əsasda və qəti surətdə ifadə olunmalıdır”.