Təshil müəssisələrində 20 Yanvar faciəsi ilə bağlı tədbirlər təşkil olunub Hadisə

Təshil müəssisələrində 20 Yanvar faciəsi ilə bağlı tədbirlər təşkil olunub

20 Yanvar facisəindən 30 il ötür. Hər il olduğu kimi bu il də qanlı yanvar hadislərənini ildönümü müxtəlif qurumlar, təhsil ocaqları tərəfindən yad edilir.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mikrobiologiya İnstitutunda 20 Yanvar faciəsinin 30-cu il donümünə həsr edilmiş anım tədbiri keçirilib. Öncə Vətənimizin azadlığı suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan institutun direktoru akademik Məmməd Salmanov bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşında şanlı səhifə kimi yaşayacaq. Akademik çıxışında xalqımızın dəfələrlə başına gətirilən müsibətlərdən sonra baş verən 20 Yanvar faciəsini heç zaman unutmamağı, gələcək nəsillərin yaddaşına qanlı səhifə kimi yaşatmağın vacibliyini xüsusilə vurğulayıb.
Tədbirdə institutun direktor müavini AMEA - nın müxbir üzvü Pənah Muradov çıxış edərək qanlı yanvar günlərindən xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifələr yazmasını şəhidlik zirvəsinə ucalan, istiqlal yolunun ilk zirvəsinə və milli məfkurəmizin azadlıq istəyinin oyanış gününə çevrildiyini vurğulayıb.
AMEA Mikrobiologiya İnstitutunun əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ehtiram olaraq Şəhidlər Xiyabanını ziyarət edib.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş geniş yığıncağı keçirilib. Səhiyyə Nazirliyindən bildirilib ki, yığıncağın əvvəlində şəhidlərin ruhu bir anlıq sükut ilə yad edilib. Tədbiri institutun rektoru professor Nazim Qasımov açaraq bildirib ki, Azərbaycan xalqının istiqlal tarixi çox faciələr görüb. Lakin qanlı 20 Yanvar hadisələri insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi qalacaqdır. Bu, keçmiş sovet hərb maşınının böyük bir millətə tuşlanmış amansız terror aktı idi. İllər keçdikcə xalqımız 20 Yanvar qırğınının əsl mahiyyətini və səbəblərini daha aydın şəkildə dərk edir və hər dəfə də bu haqsızlığın miqyasının heç bir ölçüyə sığmadığı, faciəyə aparan ədalətsiz siyasətin, daha doğrusu, xəyanətkarlığın hüdud tanımadığı dönə-dönə sübut olunur.
Tədbirdə çıxış edən hematologiya kafedrasının müdiri dosent Elmira Qədimovaya qeyd edib ki, hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin qanlı yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşayıb. Yığıncaqda çıxış edən terapiya fakültəsinin dekanı Zemfira Quliyeva bildirib ki, 1990-cı ilin əvvəlində Kreml Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqını cəzalandırmaq üçün qanlı yanvar qırğınını törədib. Riyakar Mixail Qorbaçov başda olmaqla Sovet İttifaqı rəhbərliyinin Azərbaycana qarşı qərəzli siyasətinə, tarixi torpaqlarımıza iddia edən erməni millətçilərinin açıq-aşkar dəstəklənməsinə və o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusi ilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxarıb və böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələnib.
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “20 Yanvar: Azərbaycanın qəhrəmanlıq salnaməsi” mövzusunda dəyirmi masa keçirilib. ATMU-nun Tədris işləri üzrə prorektoru, professor Zaur Bağırov o gecə “250 min soydaşımızın Ermənistandakı tarixi ata-baba yurdlarından deportasiyasına və Dağlıq Qarabağ ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə, keçmiş SSRİ rəhbərliyinin ədalətsiz, qərəzli mövqeyinə, hadisələrin təhlükəli istiqamətdə inkişafına etiraz olaraq” vətən övladlarının bir millət olaraq ayağa qalxdığını deyib. Məkrli siyasətin müəllifi- SSRİ rəhbərliyinin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridib,əliyalın insanlara divan tutduğunu detallı fakttlarla isbatladı. Z.Bağırov daha sonra “azadlığı, vətən sevgisini şərəf bilən soydaşlarımızın 30 il əvvəl şər qüvvələrə yox deyib, Azərbaycanın müstəqilliyinə canları-qanları bahasına vəsilə olmalarından” söz açıb. “Tarix qəhrəmanlıq səhifələrini təmənnasız yazanlara borcludur. Bu baxımdan həmin gecəni də unutmağa, unutdurmağa haqqımız yoxdur” fikrini xüsusi vuqğulayıb.
Tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin başvermə səbəbini tarixi xronoloyi ardıcıllıqla incələyib. Qanlı, lakin şanlı, qürur duyulası tarix olduğunu bildirib.
Qeyd edək ki, ATMU-da keçirilən anım tədbiri 20 Yanvara həsr olunan videoçarxın nümayişi ilə başa çatıb.
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 20 yanvar 1990-cı ildə baş vermiş faciənin otuzuncu ildönümü münasibətilə tədbir keçirilib.
Aİİ-dən verilən məlumata əsasən, əvvəlcə faciə zamanı qətlə yetirilmiş insanların əziz xatirəsi birdəqiqəlik ehtiram sükutu ilə yad edilib.
Mərasimi giriş nitqi ilə açan İnstitutun rektoru Ceyhun Məmmədov vurğulayıb ki, ali təhsil müəssisəsi gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə edilmələri, mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirir.
O qeyd edib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan “20 Yanvar” faciəsi barədə gənclərimiz geniş məlumatlandırılmalı, onlarda vətənpərvərlik hissləri daha da yüksəldilməlidir.
Rektor C.Məmmədov daha sonra bildirib ki, 1990-cı ilin 20 yanvar gecəsi Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək, şəhidlik zirvəsinə ucalıblar.
Keçmiş sovet imperiyasının ağır texnikasının Azərbaycanda törətdiyi qanlı qırğından 30 il keçməsinə baxmayaraq, xalqımız o gecəni daim xatırlayır, həmin faciənin ağrı-acısını yaşayırlar. Hər il yanvarın 20-də minlərlə insan Şəhidlər xiyabanına gəlir, şəhidlərimizi ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edirlər.
Aİİ rəhbəri daha sonra bildirib ki, Ulu Öndər Heydər Əliyev “20 Yanvar” faciəsi zamanı şəhid olanların ailələrinə, sözügedən qanlı qırğında əlil düşmüş vətəndaşlarımıza diqqət və qayğısını heç zaman əsirgəməyib. Ümummilli Liderin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə həmişə xüsusi diqqət yetirilir, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, Qarabağ veteranı Səriyyə Cəfərova bu qanlı olayın Azərbaycan xalqının iradəsini, Milli Azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini, həmin gecədə şəhid olmuş Azərbaycan oğullarının Vətənin müstəqilliyinə yol açdıqlarını diqqətə çatdırıb. Bildirib ki, bu təlatümlü hadisə xarakter etibarilə faciə olsa da, şərəfli tariximizdir. Ona görə də “20 Yanvar” Azərbaycan tarixinin milli qürur günü kimi qeyd olunur. Şübhəsiz ki, Vətənimiz Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi daim yad ediləcək və qəlbimizdə əbədi yaşayacaqdır.
Daha sonra ali təhsil müəssisəsinin birinci kurs tələbəsi, Aİİ TGT-nin sədri Nicat Hüseynov “20 Yanvar” faciəsi zamanı gənclərin Vətən uğrunda göstərdiyi misilsiz şücaətdən danışıb. O, hazırda gənclərimizin üzərinə düşən vəzifələrdən bəhs edərkən bildirib ki, müstəqil ölkəmizin suverenliyi, haqq səsimizin beynəlxalq arenaya çatdırılması uğrunda sıx şəkildə birləşməli, birgə mübarizə aparmalıyıq.
Azərbaycan Universitetində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan dili və ədəbiyyat, Xarici dillər və Sosial işin təşkili kafedralarının professor-müəllim heyəti iştirak edib.
Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sovet qoşunlarının 30 il əvvəl Azərbaycanda törətdiyi qanlı hadisələrin təkcə faciə olmadığı, həm də dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi kimi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığı vurğulanıb.
Humanitar fənlər fakültəsinin müdiri Səfər Məmmədov, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova, Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova, Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva, professorlar Qorxmaz Quliyev və Asif Hacıyev, dosentlər Fəzilə Zakirova və Fərhad Mədətov çıxış edərək, 20 Yanvar hadisələrinin mahiyyəti, səbəbləri, faciəyə aparan yol və nəticələri haqqında danışıblar. Çıxışlarda qeyd olunub ki, imperiyanın törətdiyi qanlı cinayətlər nəticəsində Azərbaycanın igid oğul və qızları şəhidlik zirvəsinə ucalıb. Onların arasında tələbələr də olub. Bildirilib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının özünün millət kimi yenidən təsdiqidir. Bu hadisə Sovet imperiyasına böyük zərbə vuraraq Azərbaycanın müstəqillik hərəkatını sürətləndirib.
Tədbirdə dövrün yerli mətbuat orqanlarının mövqeyinə də toxunulub və şəhidlərin dəfn mərasiminin xalq ilə imperiya ordusu arasında toqquşma olmadan təşkil olunmasının əhəmiyyəti qeyd olunub. Bildirilib ki, əvvəllər xoş günlərin, şadlıq məclislərinin bəzəyi olan 20 Yanvar faciəsinin simvolu olaraq matəm çiçəyinə çevrilib, tökülən qanlar qərənfil çiçəyi ilə rəmzləşib. Bütün çətinliklərə və təhlükələrə baxmayaraq şəhidlərin dəfn mərasimi onların xatirəsinə layiq təşkil olunub.
Tədbir iştirakçıları həm də qanlı hadisələrin şahidi olduqlarını bildirərək, xatirələrini bölüşüb, faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması üçün təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıblar.
Dəyirmi masa Universitetin 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq təşkil olunub.