Təhsil Nazirliyində Ümumrusiya Kitabxanasının nümayəndələri ilə görüş Hadisə

Təhsil Nazirliyində Ümumrusiya Kitabxanasının nümayəndələri ilə görüş

Təhsil nazirinin müavini Firudin Qurbanov M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndələri ilə görüşüb. Təhsil Nazirliyindən bildiriblər ki, görüşdə F.Qurbanov Azərbaycan ilə Rusiya arasında təhsil sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Ali təhsil sahəsində əməkdaşlıqdan danışan nazir müavini qeyd edib ki, Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, eləcə də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Bu təhsil ocaqlarında mindən çox tələbə təhsil alır. Bildirilib ki, Bakı Slavyan və Azərbaycan Dillər universitetlərində rusdilli mərkəzlər, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Rus İqtisad Məktəbi fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı, Azərbaycan - Rusiya Ali Məktəbləri Assosiasiyası da mövcuddur.
Azərbaycanlı mütəfəkkir və yazıçılarının bir sıra əsərlərinin rus dilinə tərcümə olunduğunu vurğulayan nazir müavini deyib ki, eləcə də rus ədəbiyyatı nümunələri, rus mütəfəkkirlərinin əsərləri Azərbaycan dilinə tərcümə edilir. Ötən il Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illiyinin ölkəmizdə qeyd edildiyini deyən F.Qurbanov mütəfəkkirin əsərlərinin rus dilinə tərcümə olunduğunu söyləyib.
Təhsil nazirinin müavini iki ölkə arasında humanitar, mədəni əlaqələrin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun, Fondun vitse-prezidenti Leyla Əliyevanın gördüyü işləri, bu sahədə həyata keçirilən layihələrin əhəmiyyətini xüsusi vurğulayıb. Nazir müavini müasir texnologiyalar dövründə gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin prioritet olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, təhsilin prioritetləri dəyişdikcə kitabxana işi təkmilləşməli və dəyişməlidir. Görüşdə iştirak edən rusiyalı nümayəndələr də Azərbaycanda rus dilinə ayrılan diqqətdən məmnunluqlarını bildirib, kitabxana işinin təkmilləşdirilməsi sahəsində müsbət təcrübənin aparılmasının zəruriliyindən və bu sahədə görülən işlərdən danışıblar.