Paytaxt məktəblərində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbirlər təşkil olunacaq Hadisə

Paytaxt məktəblərində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbirlər təşkil olunacaq

Fevralın 26-sı ümumtəhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr ediləcək.
Bununla bağlı “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planı” təsdiq edilib.
Təhsil İdarəsindən bildirilib ki, tədbirlər planının təsdiq edilməsi barədə əmrə əsasən, ümumtəhsil məktəblərində Xocalı faciəsinə həsr olunmuş xatirə gecələri keçiriləcək, sənədli və bədii filmlər nümayiş ediləcək. Bundan başqa, Xocalı soyqırımından bəhs edən divar qəzetləri, bülleten, fotostendlər və guşələr hazırlanacaq.
Eyni zamanda, təhsil müəssisələrinin müəllim və şagird kollektivi soyqırımı şahidləri ilə görüşəcək, “Ana fəryadı” abidəsini ziyarət edəcəklər.