Ana dilimiz - mənəvi sərvətimiz Hadisə

Ana dilimiz - mənəvi sərvətimiz

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dilimiz - mənəvi sərvətimiz” mövzusunda tədbir keçirilib. Universitetdən bildirilib ki, tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov Beynəlxalq Ana Dili Gününün UNESCO-nun baş konfransında dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə təsis edildiyini söyləyib. Qeyd edilib ki, bu gün dünyada yaşayan minlərlə etnik qrup iki yüzə yaxın dövlətin bayrağı altında cəmləşib. Bu ölkələrin rəsmi dövlət dillərinin sayı isə 70-i keçmir. Bu mənada, dilin dövlət dili statusu qazanması qürur gətirən tarixi hadisədir. Builki Beynəlxalq Ana Dili Gününün mövzusu sərhədsiz dillər adlanır. Qeyd olunan mövzunun gündəmə alınması ölkələr arasında dil sədlərinin aradan qalxmasına, dil və mədəni müxtəlifliyin təbliğinə xidmət edir.
ATMU-nun İctimai fənlər kafedrasının professoru Məhərrəm Zülfüqarlı, Dillər kafedrasının dosenti Seyidəli Məmmədli və müəllim Almaz Zöhrabova ana dilimizin inkişafı tarixindən və milli sərvətimizə dövlət qayğısından söz açıblar. Məruzə və çıxışlarda xüsusi vurğulanıb ki, hələ XVI əsrdə Səfəvilər dövründə Azərbaycan dili geniş vüsət alıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci il iyunun 27-də imzalanmış qərarla ana dili dövlət dili elan olunub. Ümummilli lider Heydər Əliyevin dəmir iradəsi sayəsində Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verilib. Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində dövlət dili Azərbaycan dili kimi təsbit edilib, habelə 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul olunub.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən mənəvi sərvətimizə böyük qayğını şərtləndirən “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” və “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamlar imzalanıb.
Vurğulanıb ki, ana dilimizi qorumaq və inkişaf etdirmək hər birimizin müqəddəs borcudur. Sonra universitetin tələbələri ana dilimizi vəsf edən şeirlər söyləyiblər. Tədbir Bəxtiyar Vahabzadənin “Ana dilim” şeirinin şairin səsində təqdimatı ilə başa çatıb.