Yaşıllıqlara nəzarət üçün elektron baza yaradılır Hadisə

Yaşıllıqlara nəzarət üçün elektron baza yaradılır

Respublika ərazisindəki mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən vizual nəzarət sisteminin və elektron məlumat bazasının yaradılmasına başlanılıb. Bunu nazirliyin Geodeziya və Kartoqrafiya müəssisəsinin direktoru Nazim İsmayılov bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ilkin olaraq, inventarizasiya işlərinə Bakı şəhərindən başlanılıb və bu proses mərhələli şəkildə bütün ölkə ərazisini əhatə edəcək. Nazirlikdə bununla əlaqədar İşçi Qrup yaradılıb və İşçi Qrup tərəfindən şəhərin ərazisi inzibati rayonlar üzrə sistemləşdirilir, hər rayon şərti kvartallara bölünür və nömrələnir: "Mövcud yaşıllıq sahələrinin uçota alınması üçün ərazidəki bütün ağac və kollar bir-bir sayılır, koordinatları götürülür, yaşıllıq faizi hesablanır, fotoşəkilləri çəkilir və elektron məlumat bazasında yerləşdirilir. Coğrafi İnformasiya Sistemlərində (CİS) ölkə üzrə yaşıllıqların elektron və vizual məlumat bazası daim yenilənəcək, dinamik olacaq, bununla da mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsinə, artıb-azalmasına nəzarətin həyata keçirilməsinə nail olunacaq.
İnventarizasiya işlərinə pilot olaraq Bakı şəhərinin Binəqədi rayonundan başlanılıb. Artıq rayonun bir sıra ərazilərinin məlumat bazası hazırdır. Məsələn, Binəqədi rayonu 8-ci mikrorayon ərazisində Naxçıvanski və Bəhlul Səttarzadə küçələrinin arasındakı müəyyən olunmuş 12-ci kvartalda 541 ağac və 273 kol mövcuddur, yaşıllıq ərazinin 13.8 faizini təşkil edir".
N.İsmayılovun sözlərinə görə, bu günədək İşçi Qrup tərəfindən Binəqədi rayonunun 350 hektar ərazisində 90 min ağac və kol sayılıb. O, hazırda prosesin davam etdiyini də söyləyib.
Direktor qeyd edib ki, məlumat bazasından dövlət əhəmiyyətli infrastruktur, istehsalat layihələrinin hazırlanmasında, müxtəlif tikinti işlərinin layihələndirilməsində və torpaq sahələrinin ayrılmasında mərkəzi icra hakimiyyətləri, o cümlədən İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər aidiyyəti qurumlar da istifadə edə biləcək.