1-ci sinfə qəbulla bağlı müsahibələrə başlanıb Hadisə

1-ci sinfə qəbulla bağlı müsahibələrə başlanıb

Paytaxtdakı ümumi təhsil məktəblərinin təhsil digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı 8 Müsahibə komissiyası fəaliyyətə başlayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, Müsahibə komissiyalarının tərkibi 3 nəfər müəllimdən ibarətdir. Komissiyaların fəaliyyətinə ümumi nəzarət mərkəz rəhbəri tərəfindən həyata keçirilir. Müsahibə prosesi zamanı videoçəkiliş aparılır. Həmçinin müsahibədə uşağın valideynlərinin və ya qanuni nümayəndələrinin iştirakına şərait yaradılır.
Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi 5 meyar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailə üzvləri haqqında qısa məlumat verir) aparılır. Uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi komissiya üzvlərinin yazılı rəyi ilə təsdiqlənir. Yekun rəydən narazı qalan valideynlər Apelyasiya Komissiyasına müraciət edə bilərlər.
Qeyd edək ki, “Ümumi təhsil haqqında” qanununa əsasən, təhsil digər dildə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların I siniflərə qəbulu şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçirilir. Tədris Azərbaycan dilində aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar elektron sistemdə avtomatik olaraq təhsil aldıqları məktəblərin birinci siniflərinə qəbul ediləcəklər. Martın 10-dan etibarən həmin uşaqların valideynləri və ya qanuni nümayəndələri şəxsi elektron kabinetlərindən (www.mektebeqebul.edu.az) ərizə formasını çap edərək hazırda təhsil aldıqları məktəbə təqdim etməlidirlər.
“Ümumi təhsil haqqında” qanuna əsasən, təhsil digər dildə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların birinci siniflərə qəbulu həmin dildə şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçiriləcək. Müsahibələr fevralın 24-dən martın 3-dək yerli təhsili idarəetmə orqanları tərəfindən təşkil ediləcək. Bu barədə yerli təhsili idarəetmə orqanları tərəfindən valideynlərə müvafiq məlumat verilir.