Məhkəmə-hüquq islahatları: görülən işlər və perspektivlər Hadisə
Hər bir dövlətin inkişafını şərtləndirən, onu möhkəmləndirən başlıca amil məhkəmə-hüquq sistemidir. Vədəndaşın dövlətə güvəni, sosial ədalət, iqtisadi inkişaf və s. kimi dövlət üçün vacib anlayışlar həm də məhkəmə-hüquq sisteminə bağlıdır.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”, Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürkün “ədalət mülkün təməlidir” ifadəsi ədalətli məhkəmə-hüquq sisteminin dövlətçilik üçün nə qədər önəm kəsb etdiyini ortaya qoyur.
“Haqlı olan güclüdür” prinsipini hər şeydən üstün tutan dövlətlər siyasi, iqtisadi sistem başda olmaqla bütün sahələrdə uğur qazanıblar.
Məhz bu amilləri nəzərə olan Prezident İlham Əliyev 2019-cu aprelin 3-də Azərbaycanın məhkəmə hüquq sistemində islahatların aparılması ilə bağlı fərman imzaladı. Fərman bu sahədə geniş miqyaslı islahatların aparılmasına şərait yaradır.
Effektiv nəticələr
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Prezident İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanda əksini tapan kommersiya məhkəmələrinin yaradılması çox mühümdür: “Bu, sahibkarlıq subyektlərinin məhkəməyə daha da yaxınlaşmasına kömək edəcək. Cinayət-Prosessual Məcəlləyə edilən dəyişikliklərlə işlərə baxılması sürətləndiriləcək. Hakimlərin əməkhaqqının artırılmasını irəliləyiş kimi qəbul etmək lazımdır. Hesab edirəm ki, hakimlərin əməkhaqqı daha yüksək, ən azı indikindən 3-4 dəfə artıq olmalıdır. Yəni, 8-10 min manat arası. Ədalətli məhkəmə ən vacib məsələdir. Bunun üçün vəsait xərcləməyə dəyər. Hakimlərin layiqli həyat tərzləri təmin edilməlidir...”.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, fərman Azərbaycanın məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi məqsədi daşıyır: “Çünki islahatlar davam edir və yeni iqtisadi formasiyaya keçid bu islahatların daha dərin aparılmasını şərtləndirir. Dövlət başçısının imzaladığı bu fərman isə formalaşdırılmış məhkəmə-hüquq sistemininin daha da təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, ən mütərəqqi beynəlxalq təcrübənin tətbiqini nəzərdə tutur”.
Məhkəmələrə inam
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, fərmanın bir neçə müddəası birbaşa insanların məhkəməyə, məhkəmə-hüquq sisteminə inamının daha da gücləndirilməsinə xidmət edir: “Belə ki, fərmanın 3.2-ci maddəsində Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsi qeyd edilib. Çünki vahid məhkəmə təcrübəsi hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin edir. Məsələn, əgər hüquq sistemi hər hansı oxşar məsələlərlə bağlı fərqli qərarlar qəbul edirsə, vətəndaşda təbii olaraq sual meydana çıxır: nə üçün belə olub? Belə olan zamanda isə hüquq sistemi qeyri-prosessual münasibətlərdə ittiham olunur. Vətəndaş deyir ki, bu cür mübahisəyə bir il əvvəl belə qiymət verilib, digər bir məsələdə isə fərqli həll olunub. Burada maraq nə olub, nə üçün belə həll olunub? Bu baxımdan vahid məhkəmə təcrübəsi çox vacibdir. Vahid məhkəmə təcrübəsi həm də ədalət mühakiməsinin bütün tərəflərinə məsələni proqnozlaşdırmaq imkanı verir. Məsələn, əgər vətəndaş qəbuldadırsa, ona öncədən izah etmək mümkün olur ki, bizim hüquq sistemində müəyyən qəbildən olan işlərin həlli bu cürdür: “Vətəndaş, siz haqlısınız və ya haqlı deyilsiniz”, “Nəticə etibarilə ya udacaqsınız, ya da uduzacaqsınız”. Bununla bağlı dəqiq bir proqnoz vermək olur. Çünki bu, vahid məhkəmə təcrübəsinə söykənir. Bir çox suallar avtomatik olaraq meydandan çıxır. Yəni vahid təcrübə bütün qaranlıq sualların cavabı deməkdir.
Bundan əlavə, fərmanın 3.7-ci maddəsində məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması qeyd edilib. Bu çox vacibdir. Çünki bir çox hallarda vətəndaşlar məhkəmə prosesində aparılan müzakirələrin araşdırılmalarının sonradan qərarda və ya hökmdə əks olunmamasını və ya fərqli əks olunmasını iddia edir. Belə tapşırıq isə bu cür mübahisələri aradan qaldıracaq. Məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması inamı daha da artıracaq.
Digər vacib bir məsələ fərmanın 5.1-ci maddəsindədir. Orada qeyd olunub ki, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xətt yaradılsın. Hesab edirəm ki, fərmanın bu müddəaları insanlarda məhkəmə sisteminə inamın gücləndirilməsindən ötrü çox vacibdir”.
Millət vəkili Arzu Nağıyev diqqətə çatdırıb ki, ölkədə həyata keçirilən islahatlar məhkəmə-hüquq sistemindən də yan keçə bilməzdi: “Bu sahədə də genişmiqyaslı islahatların aparılması zəruri idi. Dövlət başçısı dəfələrlə qeyd etmişdi ki, məhkəmə-hüquq sistemində də köklü islahatlar həyata keçirilməlidir. Bu islahatların hamısı birmənalı şəkildə istər sahibkarlıqla, istər digər hüquqi aktlarla bağlı çox mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, sahibkarların normal fəaliyyət göstərmələri, məhkəmələrdə süni surətdə yaranmış iqtisadi problemlərin həllini həyata keçirmək üçün şəffaflığın yaradılması birmənalı şəkildə lazım idi”.
Görülən işlər
Hüquqşünas Nəsimi İsayev bildirib ki, fərman məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsinə və effektiv nəticələrin əldə edilməsinə şərait yaradır: “Korrupsiyaya qarşı birgə mübarizə, Prokurorluqla Ali Məhkəmənin birgə tədbirləri, kargüzarlıqla bağlı təminat məsələləri, məhkəmənin təşkilində iş yükünün azaldılması üçün 200 yeni hakim ştatının açılması və.s kimi addımlar effektiv nəticələrə hesablanıb”.
Hüquqşünas Alim Hüseynli diqqətə çatdırıb ki, fərmana əsasən müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir: “Ümumilikdə, bu fərman vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin daha etibarlı təmin olunmasına, ədalət mühakiməsinə ictimai etimadın yüksəlməsinə xidmət etməklə yanaşı, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsinə, məhkəmələrə kənar müdaxilələrin qarşısının alınmasına, qeyri-prosessual münasibətlərin, süründürməçiliyin və digər neqativ halların yolverilməzliyinin, məhkəmə qərarlarının ədalətliliyinin və vaxtında tam icrasının təmin olunmasına, şəffaflığın artırılmasına, hakimlərin iş yükünün azalmasına, işlərə baxılmasının keyfiyyətinin yüksəlməsinə, əhaliyə daha çevik, asan və alternativ xidmətlərin göstərilməsinə imkan yaradır. Sənədə əsasən məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılması təmin edilməlidir”.
Onun sözlərinə görə, bu məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması, hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması, məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsinin məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilməsi, bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və s. məsələlərə dair normativ hüquqi aktların formalaşdırılması nəzərdə tutulur: “Artıq bu sahədə müvafiq qanunvericilik aktları qəbul edilib. Yeni qanunvericiliyə uyğun olaraq sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və bu sahədə işlərə daha çevik baxılmasının təmin edilməsi məqsədilə yeni ixtisaslaşmış məhkəmələr - kommersiya və ayrıca inzibati məhkəmələr təsbit olunub. Azərbaycan Prezidentinin 2019-cu il 19 iyul tarixli Sərəncamı ilə mövcud inzibati-iqtisadi məhkəmələr ləğv edilməklə Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəkidə yeni Kommersiya və ayrıca İnzibati məhkəmələr yaradılıb. Hazırda dövlətimizin başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq həmin məhkəmələrin yurisdiksiyasının müəyyən edilməsi, müvafiq bina, avadanlıq, digər təşkilati-texniki vasitələrlə təmin edilməsi, məhkəmə aparatlarının formalaşdırılması üzrə tədbirlər görülüb. Beləliklə, sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan mülki mübahisələrə yeni yaradılan kommersiya məhkəmələri, sahibkarların bütün dövlət qurumları, inzibati orqanlar ilə mübahisələrinə, o cümlədən vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə isə inzibati məhkəmələr baxacaq. 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlayan kommersiya və inzibati məhkəmələr bu sahədə məhkəmə statistikasının təhlil edilməsində və məhkəmə təcrübəsinin öyrənilməsində də mühüm rol oynayacaq. Heç şübhəsiz ki, yeni qanunvericiliyə uyğun olaraq sahibkarlıqla bağlı mübahisələr üzrə ixtisaslaşdırılmış məhkəmələrin yaradılması, habelə ali və apelyasiya məhkəmələrində müvafiq kollegiyaların təsis edilməsi, məhkəmə aidiyyəti üzrə mübahisələrin həllinin daha təkmil, yeni mexanizminin yaradılması ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşmasına, məhkəmələrdə süründürməçilik hallarının qarşısının alınmasına əlavə təkan olacaq”.
Əli Zülfüqaroğlu
Yazı Ədliyyə Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının birgə “Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr” mövzusunda KİV təmsilçiləri arasında keçirilən jurnalist araşdırmaları müsabiqəsinə təqdim edilir