Uşaqlar da koronavirusa yoluxur, xəstəliyi yüngül keçirirlər Hadisə

Uşaqlar da koronavirusa yoluxur, xəstəliyi yüngül keçirirlər

Uşaqların koronavirusa yoluxmadığını demək düzgün deyil. Onlar da bu virusa yoluxurlar. Ümumiyyətlə, uşaqlar, gənc nəsil bu infeksiyanı adətən yüngül, əksər hallarda simptomsuz keçirirlər. Bunu tanınmış uşaq cərrahı, Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq cərrahiyyəsi kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının baş həkimi Ramiz Poluxov deyib: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin açıqladığı məlumatda da Azərbaycanda koronavirusa yoluxanlar arasında 2 yaşlı uşağın olduğu qeyd edilir. Tədris Cərrahiyyə Klinikasında 6 yaşlı uşaq koronavirus səbəbindən müalicə olunur. Ona görə də uşaqlar koronavirusa yoluxmur demək düzgün deyil. Odur ki, uşaqları da bu virusdan qorumaq lazımdır”.
Uşaq cərrahı, əhaliyə müraciət edərək pandemiya dövründə planlı əməliyyatların təxirə salındığını vurğulayıb: “Təcili olmayan, planlı əməliyyatlara görə tələsmək olmaz. Koronavirus infeksiyasına qalib gələndən sonra həmin əməliyyatlar da icra olunacaq”. R. Poluxov deyib ki, bu gün başqa ölkələrlə müqayisədə Azərbaycanda virusun az yayılması, sevindirici haldır. Bu da ölkəmizdə vaxtında atılan addımların nəticəsidir.
Uşaq cərrahı Tədris Cərrahiyyə Klinikasında müalicə olunanların arasında ciddi ağır xəstə olmadığını, əksəriyyətinin vəziyyətinin stabil olduğunu diqqətə çatdırıb: “Koronavirus bəşəriyyətin gözə görünməyən düşmənidir. COVID-19 yeni bir infeksiyadır, hələ tam öyrənilməyib. Onun orqanizmə düşəndə özünü necə apardığı hələ tam məlum deyil. Bu, orqanizmin ümumi vəziyyətindən, yanaşı xəstəliklərdən asılıdır. Ona görə də hər hansı simptom olan kimi həkimə müraciət etmək lazımdır”. Həkim virusdan qorunmaq üçün tibbi maska, əlcək taxmağı, sosial məsafə saxlamağı, əlləri tez-tez yumağı, lazım olmadıqda evdən çıxmamağı tövsiyə edir.